Əlaqə Arxiv
news Image
2015.07.29
11:00
| A A A
Evlər daha çox ucuzlaşacaq
Natiq Cəfərli: “Bir müddət sonra Azərbaycanda, xüsusən də Bakıda əmlak qiymətində daha ciddi qiymət enmələrinin şahidi ola bilərik” Nüsrət İbrahimov: “Daşınmaz əmlakdan gəlirlik sıfır vəziyyətindədir”

Ötən ilin birinci yarısı ilə müqayisədə cari ilin ilk altı ayında daşınmaz əmlak bazarında aktivlik 4 dəfəyə yaxın aşağı düşüb. Görəsən, hazırda daşınmaz əmlak bazarında belə bir vəziyyətin yaranması nə ilə bağlıdır? Belə olan halda evlərin qiymətinin daha da ucuzlaşması mümkündürmü?

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Rusiyadan gətirilən vəsaitin həcminin azlması və bank sektorundakı durum mənzil bazarında aktivliyin azalmasında başlıca rol oynayıb: "Daşınmaz əmlak bazarında aktivliyin bu qədər azalması bir neçə səbəbdən qaynaqlanır. Bildiyiniz kimi Azərbaycanın əmlak bazarında Rusiyadan gələn vəsaitlər həmişə önəmli rol oynayıb. Bu ölkədə isə böhranlı vəziyyət keçən ilin sonu, bu ilin əvvəlindən daha da kəskinləşib. Rusiyada çalışan soydaşlarımızın Azərbaycanda yaşayan ailələrinə vəsait göndərmələri burada böyük həcmli alış-veriş etməyə artıq imkan vermir. Rusiyanın rəsmi məlumatlarında da göstərilir ki, bu ölkədən Azərbaycana son 1 il ərzində pul köçürmələri 6 dəfəyə qədər azalıb. Bu, onu göstərir ki, Rusiyadan gələn vəsait əmlak bazarından çıxıb. Belə vəziyyət də öz növbəsində ciddi şəkildə əmlak bazarına mənfi təsir göstərib. Prosesin belə vəziyyət almasında ikinci səbəb isə banklarda yaranan vəziyyətlə əlaqədardır. İlin sonuna qədər ola bilsin ki, bank sektorunda ciddi hadisələrin şahidi olaq. Bank sektorunda olan bu təlatümlər ipoteka kreditlərinin verilməsinə də təsir göstərib. Düzdür, dövlət xəttilə ipoteka kreditlərinin verilməsində ciddi problemlər yoxdur. Əksinə, 200 milyon manata yaxın əlavə vəsait də İpoteka Fonduna verilib. Kommersiya ipotekalarına gəldikdə, hər il bu yöndə əhaliyə 10-15 milyon manata qədər vəsait verilirdi. İndi isə bu tendensiya dayanıb, banklar demək olar ki, artıq manatla ipoteka krediti vermir. Əhali isə bu krediti məzənnənin gələcəkdə də oynaya biləcəyini nəzərə alaraq, dollarla götürmək istəmir. Yəni, bu iki önəmli səbəb daşınmaz əmlak bazarında ciddi situasiyanın yaranmasına səbəb olub və satışlar zəifləyib.

Ucuz və şəhər kənarındakı evlərin ipoteka ilə verilməsində isə canlanmanın yaranması istisna deyil. Lakin bunlar ümumilikdə əmlak bazarında ciddi canlanmaya gətirib çıxarmayacaq. Yaxın gələcəkdə ola bilər, evlərin ucuzlaşma tendensiyası daha da güclənsin. Lakin indilikdə əmlak bazarında aktivlik xeyli dərəcədə düşsə də, qiymətlər ona adekvat olaraq enmir. Bunun da bəzi köklü səbəbləri var. Bəzi şirkətlər yaşayış binası tikərkən bir çox hallarda maya dəyərinin yüksək başa gəlməsindən gileylənirlər. Ona görə də hazırda endirim edərək ziyanla evləri satmaqdan qaçırlar. Bu səbəbdən də gözləmə mövqeyi tutublar. Amma düşünürəm ki, bir müddət sonra Azərbaycanda, xüsusən də Bakıda əmlak qiymətində daha ciddi qiymət enmələrinin şahidi ola bilərik".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov da daşınmaz əmlak bazarında aktivliyin xeyli dərəcədə zəifləməsinin çoxsaylı səbəblərinin olduğunu söylədi:

"Burada birinci növbədə xarici faktor rol oynayır. Belə ki, son zamanlar Rusiya və Ukraynadan ölkəmizə daxil olan pul vəsaitlərinin həcmi xeyli dərəcədə azalıb. Bu azalma da son nəticədə öz təsirini əmlak bazarında aktivliyin azalmasına gətirib çıxarıb. İkinci faktor neftlə bağlıdır. Neft birjalarında qiymətlərin iki dəfəyə qədər ucuzlaşması ölkəyə xaricdən daxil olan pul vəsaitlərinin azalmasına rəvac verib. Hansı ki, həmin pulun da bir hissəsi dolayı yollarla daşınmaz əmlak bazarına daxil olurdu. İnsanların pessimist gözləntiləri də mənzil bazarında zəifləmə tendensiyasının güclənməsinə stimul verib. İnsanlar dünya maliyyə bazarı və regionda baş verən hadisələri izləmək əsasında mənzil bazarına hazırda vəsaitləri ehtiyatla yatırmaq yolunu tutub. Həmçinin, sadaladığım bu faktorlardan doğan köməkçi faktorlar da sözügedən hadisənin baş verməsinə səbəb olub. İnvestorlar hazırda bazardan çıxıblar. Çünki, daşınmaz əmlakdan gəlirlik sıfır vəziyyətindədir. Amma bazarda satış yaxşı gedəndə investorlar da prosesi qızışdırırdılar. Bank sektorunun verdiyi kreditlərin həcmi də azalıb. İri layihələrə büdcə və digər fondlardan ayrılan vəsaitlərdən gələn pulda da azalmalar var. Bütün bu amillər daşınmaz əmlak bazarının aktivliyinin kəskin aşağı düşməsinə gətirib çıxarıb. Bu fonda da hazırda evlərin qiymətində ucuzlaşma prosesi gedir".


Sizin Reklam Yeriniz