Əlaqə Arxiv
news Image
2015.07.29
08:00
| A A A
Vergilərlə bağlı problemlər aradan qaldırılır
Fikrət Yusifov: “Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına dair Prezidentin bəyan etdiyi kurs vergi sistemində müəyyən islahatların aparılmasını zəruri edir”

Ölkə Prezidentinin iradlarından sonra Vergilər Nazirliyi hərəkətə keçib. Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilib. Nazir Fazil Məmmədov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Vergi orqanlarında həyata keçirilən islahatlardan bəhs edən nazir vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq vergi daxilolmalarının ilbəil artdığını, strukturunda müsbət dəyişikliklər baş verdiyini, büdcə daxilolmaları üzrə proqnozların uğurla yerinə yetirildiyini diqqətə çatdırıb. İclasda qeyd olunub ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergiödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir. Vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.

Hesab olunur ki, Prezidentin iradları fonunda ölkədə vergi sahəsində şəffaflıq bir qədər də artırılacaq. Bu isə özünün effektini sahibkarlığın inkişafında göstərəcək. Mövzu ilə bağlı "Mövqe"yə açıqlama verən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırnalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin düzgün, müasir tələblərə cavab verə biləcək səviyyədə qurulması, hər iki tərəfin fəaliyyətinin asanlaşdırılması və görülən işlərin keyfiyyətinin yüksəldilməsi deməkdir: "Vergi ödəyiciləri ilə aparılan işlərin sadələşdirilməsi, göstərilən xidmətlərin yüksək səmərəsi informasiya texnologiyalarının tətbiqindən çox asılıdır. Vergi orqanlarının fəaliyyətində başlıca məsələlərdən biri də fəaliyyətin şəffaflığının təmin edilməsidir. Nazirlər Kabinetitnin cari ilin 6 aylıq yekunlarına həsr olunmuş iclasında Prezident vergi orqanlarının işində bəzi məqamları ciddi tənqid etdi. Vergilər Nazirliyi qurumun ünvavına deyilmiş bu tənqidi fikirlərdən dərhal lazımı nəticələr çıxarıb və özünün kollegiya iclasında bu məsələləri ciddi müzakirə edərək xüsusi tədbirlər planı işləyib hazırlayıb. Əslində, son illlər ərzində Vergilər Nazirliyi informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində az iş görməyib. Lakin müşavirədə Prezidentin vergi orqanlarının ünvanına səsləndirdiyi fikirlər onu göstərdi ki, bu sahədə hələ də boşluqlar var və onların aradan qaldırılması Vergilər Nazirliyinin qarşısında dayanan günün ən vacib məsələlərindən biridir. Vergi məsələlərində şəffaflığın yüksək səviyyədə olması vergi ödəyicilərinin daha səmərəli fəaliyyətinin əsas şərtidir. Şəffaflıq vergi ödəyicilərinin vergilərlə bağlı ola biləcək bütün narahatlıqlardan azad etmiş olur və deməli, vergi ödəyicisinin daha "ürəkli" fəaliyyət göstərməsinə şərait yaradır. Vergi ödəyiciləri ilə müvafiq dövlət qurumu arasında münasibətlərin yüksək səviyyədə təşkil edilməsi eləcə də bu sahədə müasir texnologiyaların tətbiq olunması nəticəsində şəffaflığın arzuolunan şəkil alması sürətli inkişaf yolunda olan ölkələrdə xarici investitsiya axınının da güclənməsini şərtləndirən amillərdir".

Professor əlvə etdi ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına dair Prezidentin bəyan etdiyi kurs vergi sistemində müəyyən islahatların aparılmasını da zəruri edir: "Bu baxımdan Prezidentin son müşavirədə vergi məsələlərinə xüsusi diqqət ayırması heç də təsadüfi deyil. Aydındır ki, söhbət qeyri-neft sektorunun, sahibkarılğın, kənd təsərrüfatı və fermer təsərrüfatlarının inkişaf etdirilməsi kursundan gedirsə, bu proqram birinci növbədə vergi orqanlarının işini günün tələblərinə uyğunlaşdırmağı tələb edir".

Sizin Reklam Yeriniz