Əlaqə Arxiv
news Image
2015.07.29
09:00
| A A A
Yerli istehsal olan maşınların güzəştli qiymətlə satışı təklif olundu
Azər Allahverənov: “Önəmli olan odur ki, bazarda təklif olunan yerli nəqliyyat vasitələri daha güzəştli prinsip əsasında satılsın” Seymur Yunusov: “Bu, o halda mümkün ola bilər ki, yerli avtomobil zavodunun istehsal gücü artırılsın”

2015-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 2207 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,4 dəfə azdır. Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 6 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatına əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 41,4 milyon dollar olan avtomobillər ixrac edilib. Müxtəlif markalardan olan yeni maşınların da idxalında xeyli azalma var.

Bu vəziyyətdə təkliflər səslənir ki, daxildə istehsal edilən avtomobillərin güzəştli şərtlərlə satışının həyata keçirilməsi vacibdir. Hesab olunur ki, bu addımın atılması daxili istehsalın həcminin artması ilə yanaşı, avtomobil bazarını dacanlandırmaq iqtidarındadır.

Ekspert Azər Allahverənov yerli avtomobillərin satışında güzəştlərin tətbiq edilməsini mümkün saydı. Amma bunun üçün həmin avtomobillərin keyfiyyət parametrlərinin artırılmasını da lazım bildi: "Ölkəyə istehsal tarixi yeni olmaq şərtilə idxal olunan nəqliyyat vasitələrinin qiyməti onsuz da aşağıdır. Bu gün bazarda keyfiyyət göstəricisinə görə də xaricdən istehsal olunan nəqliyyat vasitələri daha populyardır. Baxmayaraq ki, yerli istehsalla müqayisədə qiyməti bir qədər baha başa gəlir. Amma istənilən halda ölkədə gedən proseslər, "avro-4"ün tətbiqi, bəzi distribütorların durğunluq dövrü yaşaması, göstərilən xidmət haqqının qaldırılması kimi məsələlər istehlakçıları məhz yerli avtomobilləri əldə etməyə sövq edir. Çünki, yerli avtomobillər ehtiyat hissələrinin tapılması, istərsə də qiymətinin aşağı olması baxımından sərfəli hesab olunur. Bu zaman yanacaqdan qənaətlə istifadə olunması məsələsində də əlverişli şərait yaranır. Lakin bütün bunlarla yanaşı, istehlakçı daha çox populyar brendlərə üstünlük verir. Bu baxımdan önəmli olan odur ki, bazarda təklif olunan yerli nəqliyyat vasitələri daha güzəştli prinsip əsasında satılsın. Belə vəziyyətin yaranması daha çox insanın yerli avtomobili almağa üstünlük verməsinə gətirib çıxara bilər. Lakin hələlik keyfiyyət, davamlılıq, komfortluluq nöqteyi nəzərindən Yaponiya, Almaniya, Cənubi Koreya istehsalı olan nəqliyyat vasitələri satış həcmi yerli məhsulla müqayisədə artmaqdadır. Yerli istehsalın həyata keçirilməsi zamanı yuxarıda qeyd etdiyim parametrlər üzrə iş aparılarsa, eyni zamanda, qiymətlərdə güzəştlərin tətbiq olunması həyata keçərsə, bu daxili istehsalın satış həcminin artmasına gətirib çıxara bilər".

İqtisadçı Seymur Yunusov indiki şəraitdə hələlik bu məsələdən danışmağın tez olduğu qənaətindədir: "Naxçıvandakı avtomobil zavodunun istehsal gücü ildə maksimum 5 min ədəddir. Azərbaycanda isə əvvəlki illərdə avtomobil satışının həcmi 100 mini keçmişdi. Belədə yerli istehsalla bu həcmi doldurmağın mümkün olmadığını görürük. Bu, o halda mümkün ola bilər ki, yerli avtomobil zavodunun istehsal gücü artırılsın və bu tip yeni-yeni zavodlar istifadəyə verilsin. Digər tərəfdən, ehtiyat hissələrinin də daxildə istehsalı təşkil olunsun. Bütün bunlar o halda baş verə bilər ki, həmin zavodlar da dünyada tanınan brendlərin zavodları olsun. Ona görə də indiki şəraitdə yerli avtomobillərin güzəştli şərtlərlə satışı məsələsindən danışmaq tezdir. Daxildə istehsal edilən 5 min maşın da indiki halda Azərbaycanın ancaq 2 aylıq ehtiyacını ödəyir. Amma "İpək yolu"nun işə düşməsi imkan verəcək ki, Azərbaycanda hansısa dünya şöhrətli avtomobil şirkətinin zavodu qurulsun. Bu proses həm ehtiyat hissələrinin ölkəmizə gətirilməsinə, həm də avtomobil ixracı üçün imkanlar yaradır. Lakin bir məqamı da unutmayaq ki, artıq regionda şirkətlərin çoxunun zavodları var. Lakin imkanlarımız da tükənməyib".

Sizin Reklam Yeriniz