Əlaqə Arxiv
news Image
2015.07.29
10:30
| A A A
Bank kreditləri ucuzlaşdırılır
Kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyətlər qoyulur

Bank kreditlərinin faiz dərəcələrinin kifayət qədər yüksək olması və bu fonda problemli kreditlərin miqdarının artması həm cəmiyyətdə, həm də müvafiq dövlət qurumlarında narahatlıq predmeti olaraq qalır. Elə bu səbəbdən hazırda diqqət mərkəzində olan əsas hadisələrdən biri də kreditlərin faiz dərəcələrinin aşağı salınmasıdır. Artıq qeyd olunan istiqamətdə konkret addımlar atılır. Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini tətbiq edib. Bu barədə Trend-ə bank bazarındakı mənbə məlumat verib.

Mənbədən verilən məlumatda bildirilir ki, bu qərar ötən həftə qəbul edilib, yalnız istehlak və mikrokreditlərə tətbiq edilir. AMB banklara istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib. Tələb icra olunmadığı halda inzibati tədbirlər nəzərdə tutulmur. Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini AMB-nin təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.Hələ iyunun 29-da AMB istehlak kreditlərinin xidməti üzrə komissiya xərclərinin 1 faizədək azalması ilə bağlı təlimat verəndə bəzi banklar gəlirlərin azalmasını kompensasiya etmək üçün kreditlər üzrə faiz dərəcələrini artırmışdı. Ancaq belə bölgü AMB-ni qane etmədi. Çünki yekun məqsəd kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasıdır. Bununla əlaqədar olaraq AMB bank rəhbərləri ilə daha bir görüş keçirməli oldu. Məhz bu görüşdə kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyətlər qoyuldu. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, şərait AMB-nin banklara qarşı bu müdaxiləsinə sövq edib: "Kredit faizlərinin inzibati yol ilə məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da razılaşmaq lazıdmır ki, bankların bahalı kreditləri ilə yanaşı effektiv və real faizlər ilə müştərilərin çaşdırılmasına və əksər hallarda aldadılmaslna hesablanan süni manevrləri belə müdaxiləni məqbul edirdi. Mərkəzi Bank "faiz tavanını" qərarlaşdırmadığını, sadəcə tövsiyyə etdiyini bəyan edə bilər ki, bu qanunvericiliyə zidd deyil.

Aydındır ki, bu təşəbbüsdə məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdan ibarətdir. Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisiyon haqlarının məhdudlaşdırılması da bankların "yalançı faizlər" ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var".

Xatırladaq ki, bir neçə gün əvvəl dövlət televiziyasına müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bank sektoru, kreditlərlə bağlı çox maraqlı fikirlər səsləndirmişdi. Onun sözlərinə görə, məqsəd bank sektoruna diqtə etmədən tənzimləməni həyata keçirməkdir. Elman Rüstəmov deyib ki, bank sekoru liberal bazardır: "Diqtə etdikdə müəyyən problemlər yaranır. Məlum ölkələrin təcrübəsi göstərir ki, diqtə etmək kölgə bankçılığının, sələmçiliyin yaranmasına gətirib çıxardır".

Baş bankir bank rəhbərləri ilə apardığı danışıqların bəzi detallarını da açıqlayıb: "Bu yaxınlarda Azərbaycanın aparıcı banklarının rəhbərləri ilə bu masa arxasında çox ciddi söhbətlərimiz oldu. Bu dialoq çoxdan gedirdi. Bizim komisiyon haqlarının 1%-ə salınması haqqında qərarımız bir sıra banklar tərəfindən birmənalı qarşılanmamışdı. Onlar komisyon haqlarını faiz dərəcələrinə əlavə etməyə cəhd göstərmişdilər. Biz bu qərarı maliyyə xidmətçilərinin hüquqlarının qorunması istiqamətində düzgün olaraq vermişdik. Adətən beynəlxalq təcrübədə bu komisyon haqları çox yüksək əmək tutumlu layihələrin öyrənilməsinə, maliyyələşdirilməsinə verilən kreditlər üçün alınır. Banklar aylarla, bəlkə də, il ərzində bir biznes layihəsinin öyrənilməsinə böyük vaxt və vəsait sərf edirlər. Amma bu istehlak kreditlərində biz bunu görmürük - bank kreditin ayrılmasına vaxt və ya vəsait xərcləsin. Onların diqqətinə çatdırıldı ki, siz nə üçün belə komisyon haqları tutursunuz?! Mən deyərdim ki, banklar bunu mən gözlədiyimdən də anlaşıqlı qarşıladılar. Təbii ki, bank rəhbərləri ilə söhbət daha geniş oldu, bütövlükdə faiz dərəcələri, onların səviyyəsi də müzakirə olundu".

Kommersiya banklarının rəhbərləri ilə görüşümdə razılaşdırdığım məsələlərdən biri də onlara ucuz pulların verilməsi və tapılmasıdır. Artıq bəllidir ki, Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birgə, bir sıra mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə vəsait verəcək. Elman Rüstəmov qeyd edib ki, ucuz maliyyə vəsaitləri müəyyən tələblərə cavab verən, riskləri düzgün idarə edən banklar vasitəsilə kiçik və orta biznesə ayrılacaq. Bu da banklara daha ucuz kredit ayırmaq imkanı verir. Ekspertlər hesab edir ki, Mərkəzi Bankın kommersiya banklarına ucuz maliyyə vəsaitləri verməsi olduqca məqbuldur və bu, bankların xaricdən bahalı vəsait cəlbinin də qarşısını alacaq. Azərbaycan banklarının kredit reytinqinin yüksək olmaması da onların xaricdən kredit almalarına əngəl olan hallardandır. Bütün bunlara görə Azərbaycan bankları resurs cəlb edəndə ya yüksək faizlə alır, ya da hansısa vasitəçi vasitəsilə. Məsələn, Şərqi Avropa ölkələri bankları ucuz kredit cəlb edir, sonra da onu yüksək faizlə Azərbaycan banklarına ötürürlər. Yəni Azərbaycan bankları ancaq vasitəçilər vasitəsilə xaricdən müəyyən miqdar kredit ala bilir. Bu da sonda kreditlərin baha olmasına gətirib çıxarır. Lakin Mərkəzi Bank banklaar pul ayırmaqla artıq bu məsələyə son qoyur. Elə bu səbəbdən kredit faizlərinin ucuzlaşması gözlənir.

Sizin Reklam Yeriniz