Azərbaycan az imkanlı turistlər üçün hostellər tikmək istəyir
Azərbaycana gələn aztəminatlı turistlər üçün çoxyerli hostellər tikilməlidir və yaxın vaxtlarda onların inşasına başlamaq lazımdır.
Movqe.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Assosiasiya rəsmisi qeyd edib ki, artıq Azərbaycanda hostellərin tikintisinə xarici investorlar da maraq göstərirlər: "Bizdə olan məlumata görə, bir çox investorlar Bakıda hostellərin tikilməsi sahəsində boşluğun olduğunu gördüklərindən bu sahəyə investisiya yatırmaq istəyirlər. Amma arzu edərdim ki, bu sahəyə investisiyanı Azərbaycanın özünün milli sahibkarı qoysun".
M.Ağakərimov bildirib ki, Azərbaycana səfər edən turistlərin çoxu Bakıda qaldığından hostellər də ilk növbədə Bakıda tikilməlidir. Belə obyektlər daha sonra ölkənin turizm regionlarında tikilməlidir.