Əlaqə Arxiv
news Image
2015.08.04
11:44
| A A A
Şadlıq evlərində ikiqat soyğunçuluq
Vüqar Bayramov: «Toy sahiblərinin şənlikdən sonra öz malına sahib çıxması növbəti toy məclislərində köhnə ərzaqlardan istifadənin də qarşısını ala bilər» Samir Əliyev: «Toy sahibləri başa düşməlidirlər ki, onların şadlıq evlərində stolun üzərində istifadə edilməmiş ərzaqları götürməməsi ilə mağazadan aldığı malı elə həmin yerdə qoyub getməsində fərq yoxdur» Şadlıq evlərində qiymətlərdən narazılıq edənlərin sayı çox olsa da, xüsusi ilə şəhər yerlərində övladına toy edənlərin alternativ seçim imkanı olmadığından, hamı bu tip iaşə obyektlərinin diktəsi ilə razılaşmaq məcburiyyətində qalır. Sirr deyil ki, indi paytaxt Bakıda şadlıq evlərində toyda bir nəfər üçün yerin qiyməti (stulun) aşağısı 25 manatdan başlayır. Bu qiymət 30,50,70,100,150 və sair civarında dəyişir. Bir müddət öncə İqtisadiyyat və Sənaye Nazirliyi şadlıq evlərinin menyusunda müştərinin seçiminə uyğun dəyişiklik etmək hüququnu tanıyaraq bunu təsdiqləsə də, indiyədək bu tip iaşə obyektlərində övladına toy edən müştərilərdən menyuda dəyişiklik etmək istəyinə nail olan bircə adam belə çətin tapıla. Beləcə övladının ailə qurmaq sevincini yaşamaq üçün bir gün öz qohum-əqrabasını başına toplamaq toy sahibinə adambaşına ən azı 25-30 manata başa gəlir. Şadlıq evinin rəhbərliyinin qoyduğu şərtlərdən kənara çıxmağın qeyri-mümkün olduğunu görən toy sahibləri bu "qayda-qanun"la razılaşsalar da, şənlik başa çatanda "bir ətək" pul töküb süfrəyə düzdükləri naz-nemətdən bircəciyini yerindən tərpədə bilmirlər. Süfrəyə düzülən təamların, içkilərin pulunu artıqlaması ilə ödəyən toy sahibləri həmin gün evlərinə qonaq apardıqları insanlar üçün yenidən xərc çəkib yemək hazırlamalı olurlar. Toy başa çatdıqda bəzi hallarda, şadlıq evinin rəhbərliyi insaflı olarsa, toy evinə onun pulunu ödədiyi təamlardan bir paket hazırlayaraq təqdim edir. Əks halda toy sahibinin, onun ailə üzvlərinin masadakı təamlardan bir tikə belə götürməyə ixtiyarı çatmır. Halbuki, toyun sonunda həmin ətamların pulu toy sahibindən alınır. Şadlıq evlərinin adminstratorları, ofisantlar toy sona çatdıqdan dərhal sonra stoldakı bütün təamları, naz-neməti, içkiləri restoranın mətbəxinə daşıyır. Sadaladığımız hal demək olar ki, şadlıq evlərində bir ənənəyə çevrilib. Toy sahibi şənlik başa çatan kimi, bütün yerlərin pulunu ödəyərək şadlıq evinin sahibi ilə sağollaşır.  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da şadlıq evlərinin bu addımının istehlakçının hüququnu kobud pozması kimi qiymətləndirir. Ekspert deyir ki, toy sahibinin pulunu ödədiyi yeməklər, sular, içkilər, meyvə və çərəzlər yeyilməyib masanın üzərində qalsa belə, həmin müştərinin malı sayılır. Çünki, toy sahibi şənlik başa çatan kimi, stolun üzərinə qoyulan hər bir yeməyin haqqını qəpiyinədək ödəyir. E. Hüseynov bunun səbəbini şadlıq evinin sahibinin toy sahibi ilə müqavilə bağlamamasında görür: "Şadlıq evləri ilə bağlı standartlar müəyyənləşsə də, çox təəssüf ki, bu məqam kölgədə qalıb. Şadlıq evlərinin rəhbərləri bugünədək toy sahibi ilə kağız üzərində heç bir razılaşmaya getmirlər. Ortada müqavilə olmadığından, toy sahibi şadlıq evinin rəhbərliyindən də pulunu artıqlaması ilə ödədiyi yeməkləri tələb edə bilmir. Baxmayaraq ki, toy sahibinin pulunu ödədiyi sərinləşdirici suların, spirtli içkilərin, salatların, meyvənin, yeməyin çoxu stolun üzərində qalır. Şadlıq evinin rəhbərliyi həmin suları, spirtli içkiləri, bəzən salatları növbəti gün keçirilən toy məclisində süfrəyə düzürlər. Bu yolla da beşqat artıq qazanc əldə edirlər". E. Hüseynov deyir ki, bu problemin qarşısını almaq üçün mütləq şadlıq evinin rəhbərliyi ilə toy sahibi arasında müqavilə imzalanmalıdır. Həmin müqavilədə müştərinin pulunu ödədiyi məhsulların istifadə ediləyənin hamısının toy sahibinə qaytarılması öz əksini tapmalıdır. Bunun üçün də mütləq müqavilənin bağlanması təmin edilməlidir. İqtisadçı Vüqar Bayramov isə burada mentalitetdən irəli gələn məqamların və restoran sahiblərinin bu incə məqamlardan istifadə edərək bir toydan ikiqat gəlir əldə etdiyini söyləyir: "Əgər toy sahibi tərəfindən restoranda süfrəyə düzülən təamların dəyərini ödənilirsə, süfrədə nə varsa, qeyri-şərtsiz həmin şəxsin malı sayılır. Əslində, həmin təamların, spirtli və sərinləşdirici içkilərin toy sahibi tərəfindən stoldan yığışdırılması üçün restoranın rəhbərliyinin icazəsi lazım deyil. Məntiqlə dəyəri ödənilən mal həmin malın sahibinə çatmalıdır. Amma burada da mentalitetdən irəli gələn məqamlar var. Bəzən insanlar toy başa çatdıqdan sonra stolun üzərində ona məxsus olan yeməkləri, digər məhsulları götürməyi özlərinə ayıb bilirlər. Elə şadlıq evlərinin sahibləri də bu həssas məqamdan istifadə edirlər". V. Bayramov deyir ki, toy sahibinin məclis başa çatdıqdan sonra stolun üzərində ona məxsus olan, dəyərini ödədiyi malı götürmək haqqıdır. Əgər hansısa restoranın rəhbərliyi buna mane olursa, toy sahibi məclisin sonunda stolun üzərinə yığılan bütün təamların pulunu ödəməkdən imtina edərək həmin şəxsi məhkəməyə verə bilər. İstisadçı deyir ki, əslində, toy sahiblərinin şənlikdən sonra öz malına sahib çıxması növbəti toy məclislərində köhnə ərzaqlardan istifadənin də qarşısını ala bilər: "Toy sahibi stolun üzərindəki yeməkləri götürmədikdə, şadlıq evinin sahibi növbəti şənlikdə həmin təamlardan süfrəyə verə bilər. Təcrübə göstərir ki, belə hallar tez-tez baş verir". V. Bayramovun sözlərinə görə, şadlıq evlərinin rəhbərləri əksər hallarda qalmış ərzaqları toy sahibinə qaytarmaqda maraqlı deyillər: "Və bu yolla bir toydan ikiqat qazanc əldə edirlər. Bunun qarşısını almağın yeganə yolu toy sahiblərinin pulunu ödədiyi mala sahib çıxması, qalan ərzaqları restoran sahibindən tələb etməsidir". Şadlıq evlərindən isə iddia edirlər ki, toy sahibinin tələbinə görə qalan ərzaq geri qaytarılır. Qeyd olunur ki, məsələ toy sahibi ilə danışıqdan asılıdır: "Toy sahibi istəsə süfrədə qalan yeməkləri, suları, spirtli içkiləri apara bilər. Amma heç kəs özü ilə toya qab-qazan gətirmir. Ona görə də, biz qalan yeməkləri restoranın işçilərinə paylayırıq". Şadlıq evlərinin adminstratorları ilə söhbət zamanı bəlli oldu ki, qalan ərzaqların toy sahibi tərəfindən aparılıb-aparılması danışılan qiymətə heç cürə təsir etmir. Yəni, şadlıq evlərinin rəhbərliyi toy sahibinə dəyərini ödədiyi qalan ərzaqı aparmadığına görə qiymətdə güzəştə getmir. Elə istisadçı Samir Əliyev də qiymətdə güzəşt edilmirsə, toy sahibinin dəyərini ödədiyi maldan imtina etməsinin sadəcə, israfçılıq olduğunu deyir: "Nəzərə alsaq ki, şadlıq evlərində süfrədə çoxlu sayda içilməmiş sərinləşdirici və spirtli içki qalır, onda toy sahibinin nə qədər pul itirdiyini söyləmək çətin deyil. Bizim adətlərə görə, toy başa çatsa da, şənlikdən sonra toy evi qonaq-qaralı olur. Toy sahibinin stolun üzərində qalan ərzaqı götürməsi onun növbəti günlərdə evinə gələcək qonaqlar üçün bir qisim ərzaqları almaqdan yaxşı mənada canını qurtara bilər. Bəzən toy sahibləri yeməkləri tez xarab olduğu üçün stoldan yığışdırmır. Halbuki, bu əsasən soyuq qəlyanaltılara, salatlara aiddir. Əgər şadlıq evində yeməklər toy axşamı bişirilibsə, onun növbəti gün istifadə edilməsində heç bir problem yoxdur. Toy sahibləri başa düşməlidirlər ki, onların şadlıq evlərində stolun üzərində istifadə edilməmiş ərzaqları götürməməsi ilə, mağazadan aldığı malı elə həmin yerdə qoyub getməsində fərq yoxdur".
Sizin Reklam Yeriniz