"Azerbijan Coca-Cola Bottlers" (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.
Movqe.az xəbər verir ki, ACCB-nin baş
direktoru Cem Becelin "Report"a verdiyi məlumata əsasən, hazırda
şirkətin bununla bağlı təklifləri Dövlət Xidməti tərəfindən
araşdırılır, müvafiq hesablamalar aparılır. Prosesin yekununda
məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.
C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan
milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə mənfi
təsir göstərib.
"Şirkətin satışla ilə bağlı statistik göstəriciləri artıq
Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar
apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə
qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər
olacağı onda müəyyənləşəcək", - deyə ACCB-nin baş direktoru
deyib.
Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası
prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük
mənfi təsir göstərə bilər.
Azərbaycanda rəqib markaların "Coca-Cola"nın satışına təsirindən
danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir
etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib:
"Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər
markalarla rəqabətdə hələ narahat olmağa dəyməz".