Əlaqə Arxiv
news Image
2015.08.04
18:10
| A A A
Vergilər Nazirliyində struktur dəyişiklikləri olub
6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduğu vəzifələrdən azad edilib

Vergilər Nazirliyində struktur dəyişiklikləri keçirilib. Bu barədə Movqe.az-a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Belə ki, vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və İdarələrinin strukturunda müəyyən dəyişikliklər edilib. 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər İdarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.

Nazir müvafiq əmrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması məqsədilə verib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqlar üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər Departamentləri və İdarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısı tərəfindən verilmiş göstərişlərin icra vəziyyəti müzakirə edilib, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb.

Sizin Reklam Yeriniz