Əlaqə Arxiv
news Image
2015.08.06
10:45
| A A A
BOKT-ların bahalı kredit siyasətinin sonu çatır
Ekspert: “İndiki vəziyyətdə bank olmayan kredit təşkilatların sayının azalacağını proqnozlaşdırırıq”

Bu günlərdə bankların ardınca bank olmayan kredit təşkilatları (BOKT) güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib. Ölkənin maliyyə bazarındakı mənbədən Trend-ə bildirilib ki, AMB-nin kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin təyin edilməsi ilə bağlı tövsiyəsindən sonra BOKT-larda ucuz resurslara kəskin ehtiyac yaranıb.

Mənbə qeyd edib ki, Azərbaycanda AMB tərəfindən BOKT-ların birbaşa kreditləşdirmə təcrübəsi yoxdur: "Bu səbəbdən bank olmayan kredit təşkilatları illik 3 faizlik ucuz vəsait ayrılması üçün Mərkəzi Banka müraciət edib. Hazırda BOKT-un əsas maliyyə mənbələri yerli və xarici investorlar, məsələn, banklardır. Bu kreditlər təşkilatlara baha başa gəlir, çünki bankların kreditləşmə mənbələrindən biri əhalinin əmanətləridir. Əgər bank illik 10 faizlə əmanət cəlb edirsə, müvafiq olaraq, BOKT-a öz resurslarını daha yüksək faiz dərəcəsi ilə satacaq. Məhz bu səbəbdən maliyyə nöqteyi-nəzərindən AMB-nin tövsiyələri bank olmayan kredit təşkilatlarının işini çətinləşdirir". Mənbə hesab edir ki, ümumilikdə kredit dərəcələrinin məhdudlaşdırılması nəticədə bəzi BOKT-ların bağlanmasına gətirib çıxaracaq: "Bu da öz növbəsində sələmçiliyə tələbi artıracaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, mövcud vəziyyət bank olmayan kredit təşkilatlarının sayının azalması ilə nəticələnə bilər: "Bank olmayan kredit təşkilatları da mərkəzləşmiş kredit resurslarından istifadə etmək niyyətindədir. Hazırda Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarından ancaq kommersiya bankları istifadə edir. Bu baxımdan bank olmayan kredit təşkilatlarının da mərkəzləşmiş kredit resurslarından yararlanması onlara daha ucuz maliyyə mənbələrinə çıxış imkanının verilməsi demək olardı. Ona görə daha məqsədəuyğundur ki, Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının bu müraciətinə müsbət yanaşsın. Çünki, hazırda ölkədə 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərsə də, onların Mərkəzi Bankdan ayrı-ayrılıqda istədiyi kreditlərin həcmi böyük deyil. Yəni, bu, Mərkəzi Bank üçün ciddi maliyyə öhdəliklərinə gətirib çıxarmayacaq. Mərkəzi Bankın kredit faizlərinin, xüsusən də komisyon haqlarının məhdudlaşdırılması ilə bağlı qərarından sonra, nisbətən bahalı vəsaitlər cəlb edən bank olmayan kredit təşkilatlarının aşağı faizlərlə kredit təşkil etməsi imkanları kifayət qədər çətinləşir. Bu səbəbdən indiki məqamda vacibdir ki, bank olmayan kredit təşklatlarının nisbətən ucuz kredit resurslarına çıxış imkanlarını artırmaq mümkün olsun. Bu hal baş verməyəcəksə, bank olmayan kredit təşkilatlarının bir qismi fəaliyyətlərini dayandırmalı olacaq. Bank olmayan kredit təşkilatlarının son bir ildəki fəaliyyətini qiymətləndirəndə görürük ki, 2014-cü ildə ölkədə 160 belə qurum vardısa, indi onların sayı 157-yə enib. Deməli, 3 bank olmayan kredit təşkilatı fəaliyyətini dayandırmalı olub. Belədə görürük ki, bank olmayan kredit təşkilatlarının ucuz kredit resurslarına çıxış imkanlarında problem qalmaqda davam edərsə, müflis olacaq belə qurumların sayında da artımlar olacaq. Bank olmayan kredit təşkilatlarının ərazi baxımdan kifayət qədər geniş miqyasda fəaliyyət göstərdiyini nəzərə alsaq, daha məqsədəuyğundur ki, Mərkəzi Bank bu qurumların da ucuz maliyyə resurslarına çıxış imkanlarına dəstək olsun. Ancaq bu yolla sözügedən qurumların müflisləşməsinin qarşısını almaq mümkündür. İndiki vəziyyətdə isə, bank olmayan kredit təşkilatların sayının azalacağını proqnozlaşdırırıq".

İqtisadçı-ekspert Natiq Cəfərli də bu qənaətdədir ki, ucuz kredit resurslarından bank olmayan kredit təşkilatlarının yararlana bilməməsi, onlar üçün gələcəkdə ciddi problemə çevriləcək: "Bank olmayan kredit təşkilatlarının kredit güzəştləri üçün Mərkəzi Banka müraciət etməsinin səbəbi likvidlik problemini həll etmək, ayaqda qalmaq, bazardan çıxmamaq idi. Lakin Mərkəzi Bankın özü də anlayır ki, bu tip təşkilatlara birdəfəlik yardım etməklə problemi kökündən həll etmək mümkün olmayacaq. Həmin qurumlara likvidliyin saxlanılması üçün daima yardım proqramı lazım olacaq. Amma Mərkəzi Bankın resursları o qədər böyük deyil ki, bankların ayaqda durmasına öz köməyini göstərə bilsin, həm də manatın məzənnəsinin hazırkı səviyyədə qalmasına vəsait xərcləsin. Bu fonda güman edirəm ilin sonuna qədər bank olmayan kredit təşkilatlarının bəzilərində problemlər böyüyəcək. Bir çoxları bağlanacaq, bəziləri də digər təşkilatlarla birləşərək, daha iri, dayanıqlı quruma çevrilə bilərlər. Artıq bu prosesə tədricən başlanılıb. Yaxın gələcəkdə bu tip xəbərlərin yəqin ki, şahidi olacağıq".

Sizin Reklam Yeriniz