Əlaqə Arxiv
news Image
2015.08.06
11:30
| A A A
Taksit kartları bank müştərilərinə daha baha başa gəlir
Rəşad Həsənov: “Taksit kartları digər kredit növlərindən fərqli olaraq, daha bahalı faizlə kreditin təklif edilməsidir dir”

Kredit şərtləri ilə bağlı irəli sürülən yeni tələblər fonunda banklar taksit kartlarının verilməsini daha da genişləndiriblər. Görəsən, buna səbəb nədir? Belə vəziyyət vətəndaşlar üçün hansısa təhdid yaradırmı?

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, bankların kredit şərtləri ilə bağlı irəli sürülən yeni tələblər fonunda taksit kartlarının verilməsi prosesini daha da çoxaltmasının çoxsaylı səbəbləri vardır: "Xüsusilə qeyd edilməlidir ki, manat və dollarla kreditlərin verilməsində bank və kredit götürənlər arasındakı fərqli düşüncə mövcuddur. Yəni, banklar kreditlərin daha çox dollarla verilməsinin tərəfdarıdır, vətəndaş isə krediti manatla götürməyə cəhd edir. Belə olan təqdirdə də təbii ki, prosesin özü ləngiyir. Hazırda bankların manatla likvidliyi də aşağıdır. Bu vəsaitlərin hansısa formada təklif olunan yeni qaydalarla yerləşdirilməsində maraqlı görünmürlər. Digər tərəfdən isə banklar yenə də əhaliyə istehlak kreditləri verilməsində maraqlıdır.

Bildiyimiz kimi, Mərkəzi Bankın yeni tələblərindən biri də istehlak kreditləri üçün 29 faiz, biznes kreditləri üçünsə 25 faizlik tavanın müəyyən edilməsidir. Bu dövr üçün isə banklar cəhd edir ki, daha kiçik həcmdə, vətəndaşın geri ödəməsinə imkan verilən həddə kredit ödənişi prosesini həyata keçirsin. Taksit kartları da son zamanlar Azərbaycan vətəndaşının daha tez-tez rastlaşdığı bank məhsuludur. Son dövrlər taksit kartları həqiqətən də kütləvi şəkildə yayılıb. Eyni zamanda, bu kartların istifadəsi və kreditləşmə prosesinin sürəti, kreditlərin geri qayıtması həcminin aşağı olması bankları həmin istiqamətdə təşviqedici addımlar atmağa, fəaliyyətlərini genişləndirməyə sövq edir. Əsas səbəblər məhz bunlardan ibarətdir. Yəni, banklar böyük məbləğdə kredit verməkdə maraqlı deyil. Ona görə də taksit kartları ilə daha aşağı həcmli kredit verməyə çalışırlar. İkincisi, hələ də banklar biznes kreditindən daha çox, istehlak krediti verməyə cəhd edir. Baxmayaraq ki, istehlak krediti ilə bağlı rəsmi qurumlarla banklar arasında fikir ayrılığı mövcuddur. Buna baxmayaraq, faiz dərəcəsinin nisbətən yüksək olması onların istehlak krediti istiqamətinə olan marağını daha da artırır".

Taksit kartlarının verilməsi hallarının çoxalmasının vətəndaş üçün hansısa təhdidlər yarada bilməsi ehtimalına gəldikdə isə ekspert qeyd etdi ki, bu halda müəyyən təhdidlərin ola bilməsi istisna deyil: "Adətən, taksit kartları digər kredit növlərindən fərqli olaraq daha bahalı faizlə kreditin təklif edilməsidir. Bu, eyni zamanda kredit məhsulu olaraq vətəndaşın kreditə əlçatanlığına dəstək verir. Prosesin tənzimlənməsini daha da asanlaşdırır. Bununla belə qonşu dövlətlərin, xüsusən də Türkiyə təcrübəsində görürük ki, taksit kartlarının dövriyyəsinin artması, ondan kütləvi şəkildə istifadə etmə halları sonda bu kreditlərin geri qaytarılmasında ciddi problemlər yaradır. Bu kartlar vətəndaşın əlindədir və hesabda vəsait varsa, bir çox hallarda bu qənaətçiliyin düşməni hesab edilir. Bir çox hallarda vətəndaşlar vacib olmayan xərc istiqaməti üzrə əlavə vəsaitlər xərcləyir və sonradan bu vəsaitin ciddi faizlə geri qaytarılması onun gəlirlərinin dəyərsizləşməsinə, alıclıq qabiliyyətinin azalmasına gətirib çıxarır. Görürük ki, proses ciddi problemlərlə müşahidə olunur. Qonşu Türkiyədə güzəştlərin tətbiqi, faizlərin silinməsi həyata keçirilərkən əksər hallarda parlament səviyyəsində belə bu kimi məsələlərə müdaxilə edilir. Bu da dövlət təşəbbüsü olduğundan onun üçün əlavə itki yaradır.

Digər tərəfdən, takstik kartlarında məbləğin burada kiçik olması isə təbii ki, müsbət məqamdır. Bunun özü də kreditlərin geri yığımını daha da sürətləndirir və effektiv olmasına təsir edir".

Sizin Reklam Yeriniz