Sanksiya və əkssanksiyaların tətbiqindən sonra Moskvada idxal məhsullarının payı 13% aşağı düşüb.
Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə il ərzində Moskvada ərzaq embarqosunun yekunlarına həsr olunmuş mətbuat konfransında paytaxtın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk məlumat verib.
"Bu il idxalın payı 36%-dən 23%-ə enib. Biz xarici idxal payının daha da azalması üçün daxili ehtiyatlarımızı işə salmağa hazırıq. Meyvə, tərəvəz və süd məhsulları ilə bağlı Belarus və Türkiyə ilə əlavə olaraq yeni sazişlər bağlayırıq. Misal üçün, 2015-ci ildə Azərbaycan ilə məhsul tədarükü 14% artıb" , - deyə Nemeryuk bildirib.
Həmçinin onun sözlərinə görə, ərzaq embarqosunun tətbiqindən sonra operativ olaraq ölkələri dəyişmək lazım gəlib. Nemeryuk deyib ki, hazırda Moldovadan çoxlu miqdarda ət, Tailand, Belarus və Uruqvaydan pendir, Türkiyə və Azərbaycandan meyvə-tərəvəz tədarük olunur. "Qızıl payız" festivalı çərçivəsində ərzaq tədarükünə dair 20-dən artıq saziş imzalanıb.