Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin açılışı zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı çox maraqlı fikirlər səsləndirib: "İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir".
Azərbayanda son illər neftdən gələn gəlirlər hesabına digər sahələrin inkişafı istiqamətində ciddi addımlar atılıb. Bu fonda gözlənilir ki, Azərbaycan iqtisadiyyatı yaxın tezlikdə neftdən asıllığa son qoyacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, qarşıdan gəlın 3 il ərzində Azərbaycanda neft sektorundan asılılığın aradan qaldırılması sahəsində ciddi irəliləyiş olacaq: "Bilirsiniz ki, Azərbaycanda diversifikasiya, yəni iqtisadiyyatın şaxələnməsi əsas hədəflərdən biridir. Ölkə başçısının son açıqlaması isə artıq Azərbaycanda daha genişmiqyaslı diversifikasiyaya start verildiyindən xəbər verir. Bu, o deməkdir ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda Azərbaycan "qara qızıl"dan asıllığı aradan qaldırmaq və iqtisadiyyatın qeyri-neft sektoru üzərində qurulması siyasətini genişləndirmək, bu aspektdən də artıq neftsiz iqtisadiyyat qurmağı hədəfləyib. Sözsüz ki, bu, müəyyən bir zaman tələb edən islahatdır. Amma bununla belə son illərin göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı praktik olaraq, hədəflər hələ bir neçə il öncə müəyyənləşdirilmişdi. Bu hədəflər həm ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasına, həm dövlət büdcəsi gəlirlərində neft sahəsinin payının azalmasına hesablanıb. Qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı son 3 ildə 28 faizdən 35 faizə qədər yüksəlib. Eləcə də ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisi 68 faizə çatıb. Bunlar praktik olaraq, ondan xəbər verir ki, qeyri-neft sektorunun payı artmaqdadır. Ona görə də neftsiz iqtisadiyyatın qurulması əsas hədəfimizdir. Bu əsasda müqayisəli üstünlüyə malik sektorların, turizmin, yeyinti-yüngül sənayesi, informasiya texnologiyası, aqrar sektorun dəstəklənməsi imkan verəcək ki, Azərbaycan yaxın 3 ildə neft sahəsinin nəinki ümumdaxili məhsulda, hətta büdcə gəlirlərindəki payının 50 faizdən də aşağı salınmasına nail olunsun. Azərbaycan üçün qeyri-neft sektoru payının 50 faizdən çox olması artıq diversifikasiya ilə bağlı hədəflərə nail olmaq demək olacaq. Ona görə müqayisəli üstünlüyə malik sektorların dəstəklənməsinə ehtiyac vardır. Bu sektorlar da ixrac qabiliyyətinə mali olan sahələrdir.
Müqayisəli üstünlüyə malik sektorların dəstəklənməsi nəinki rəqabət, həm də ölkə daxilində olan valyuta məzənəsi baxımından olduqca vacibdir. Bu zaman dövlət dəstəyinin artırılması da zəruridir. Qeyri-neft sektorunda yerli istehsalın genişləndirilməsilə bağlı dövlət dəstəyi olmalıdır. Buna birbaşa subsidiyaların həcminin artırılması, ixrac subsidiyasının tətbiqi və daha çox məhsul ixrac edən şirkətlərə subsidiyanın verilməsi daxildir. Eləcə də investisiya mühiti yaxşılaşdırılmalı, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırılmalıdır. Bütün bunların reallaşması birmənalı şəkildə imkan verəcək ki, Azərbaycanda qeyri-neft sektorunun əsaslı inkişafına nail olunsun".
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov isə qeyd etdi ki, görülən tədbirlər nəticəsində neftin iqtisadiyyatdakı payı azacalaq: "Neft sektorundan asılılığa son qoyulması mümkündür, amma bu, ani proses olmayacaq. Bu, uzunmüddətli proqram əsasında həyata keçirilməli olan layihədir. Əlbəttə ki, neftdən asıllığı aradan qaldırmaq gərəkdir.
Qeyri-neft sektoruna gəldikdə, Azərbaycanda kənd təsərrüfatı, turizmin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanın şimal-cənub, qərb-şərq tranzit zonası olaraq xarici ticarət imkanları da böyükdür. Məsələnin həlli üçün hər şey regiondakı əmin-amanlıqdan, təhlikəsizliyin təmin olunmasından da aslıdır".