Əlaqə Arxiv
news Image
2015.08.13
10:00
| A A A
Rublla da ipoteka almaq mümkün olacaq
Natiq Cəfərli: “Bank ipoteka kreditini rublla böyük həcmdə verməyə başlayarsa, onda bu prosesin yerli mənzil bazarına müəyyən təsirləri də ola bilər” Samir Əliyev: “Faiz yüksək olmadıığ halda, rublla ipoteka krediti götürmək vətəndaşlar üçün sərfəli olacaq”

"Bank VTB (Azərbaycan)" Azərbaycanın bank tarixində ilk dəfə olaraq Rusiya rublu ilə ipoteka krediti verəcək. Bankın Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Tural Vəliyevin sözlərinə görə, bu məsələ ilə bağlı bankın Moskvadakı baş ofisi ilə danışıqlar aparılır. Tural Vəliyev onu da deyib ki, təmsil etdiyi bank sentyabrdan dövlət xətti ilə ipoteka kreditlərinin verilməsini də planlaşdırır.

Maraqlıdır, rublla ipoteka kreditinin verilməsi Azərbaycanın mənzil bazarına nə vəd edir? Bu əsasda qeyd olunan kreditə tələbat yarana bilərmi? İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, rublla ipoteka kreditinin verilməsi indiki şəraitdə ancaq həcmin çox olması və faiz dərəcəsinin aşağı olması fonunda cəlbedici olacaq. Əks halda, "Bank VTB (Azərbaycan)"ın bu təşəbbüsü real nəticə verməyəcək: "Bank VTB (Azərbaycan)"ın rublla ipoteka krediti verməsi təşəbbüsünün ölkəmizin mənzil bazarına hansı təsirləri göstərəcəyi sözügedən bankın bu istiqamətdə hansı həcmdə bazara çıxmağı düşünməsindən asılı olacaq. Amma həmin həcmin miqdarı barədə hələlik bir məlumat yoxdur. Bank ipoteka kreditini rublla böyük həcmdə verməyə başlayarsa, onda bu prosesin yerli mənzil bazarına müəyyən təsirləri də ola bilər. Ancaq burada başlıca problem rublun özü ilə bağlıdır. Daha doğrusu, rublun məzənnəsi məsələsində ciddi problemlər yaşanır. Son zamanlar bu valyuta tez-tez oynayır. Nəticədə də rublun məzənnəsi bazarda xeyli dərəcədə ucuzlaşıb. İndi 64-65 rubl bir dollara bərabərdir. Eyni zamanda, gələcəkdə rublla bağlı problemlərin daha da artacağı barədə proqnozlar var. Onun məzənnəsinin daha da aşağı düşəcəyi istisna deyil. Rublun qiyməti dünya bazarında neftin qiymətlərindən asılıdır. Ona görə də Azərbaycanda rublla kredit almağa marağın yaranması birinci növbədə onun həcmindən asılı olacaq. Başqa bir tərəfdən, bank rublla kredit versə də, Azərbaycan istehlakçısı həmin valyuta ilə mənzil ala bilməyəcək. Çünki, o aldığı rublu manat, ya da dollara çevirməli olacaq ki, sonradan mənzil bazarında müəyyən əməliyyatlar həyata keçirsin. Mənzil satan şirkət və fiziki şəxslər aydındır ki, rublla mənzil satmayacaq. Deməli, prosesin geniş vüsət alması həm də rublun məzənnəsindən asılı olacaq. Bu fonda da düşünürəm ki, "Bank VTB (Azərbaycan)"ın rublla ipoteka krediti verməsi elə də cəlbedici olmayacaq. Mənzil almaq üçün alınan rublun başqa valyutaya çevrilməsi, sonradan onun mənzil bazarına çıxması, ardınca da rublla alınan kreditin ödənilməsi üçün əldə olan vəsaitin yenidən rus puluna çevrilməsi baş verməlidir. Bu fonda məzənnə fərqində itkilərin ola biləcəyi ehtimalı nəzərə alınaraq, düşünmürəm ki, prosesə ciddi maraq yaransın. Yalnız verilən məbləğin həcmi böyük və faiz dərəcəsi aşağı olduqda insanlar sözügedən bankın təşəbbüsünə maraq gösrərə bilərlər. Bunun olmadığı təqdirdə, atılması gözlənilən bu təşəbbüs ciddi maraq yaratmayacaq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin qənaətincə, rublla ipoteka krediti verilməsinin ölkənin mənzil bazarında oynayacağı rol, buna görə alınacaq faizin hansı səviyyədə olmasından asılı olacaq: "Əsas məsələ heç də ipotekanın hansı valyuta ilə verilməsində deyil. İpotekanın rublla olmasının belə, bazara hər hansı bir təsiri yoxdur. Azərbaycan mənzil bazarına ipoteka kreditinin həcmi təsir göstərir. Rublla veriləcək kreditin həcmi böyük olarsa, onun ölkənin mənzil bazarına da təsirləri olacaq. Amma ən yaxşı halda söhbət bir neçə yüz min rublun ipoteka kreditləşməsinə buraxılmasından gedirsə, onun bazara hər hansı bir təsirinin olacağını düşünmürəm. Rublla kredit verilməsi insanların əlçatanlığı baxımından ola bilsin, asan ola bilər. Amma bu zaman da onun hansı faizlə verilməsi məsələsi önəmlidir. Hazırkı situasiyada rublun gələcəyinin dumanlı olduğunu görürük. Bu ilin yaz aylarında rublun məzənnəsində müşahidə olunan sabitlikdən sonra, indi rus valyutası yenidən ucuzlaşmağa doğru istiqamət götürüb. Rusiyaya yönəlik sanksiyalar fonunda bu ucuzlaşmanın davamlı olacağını da gözləmək olar. Bu mənada "Bank VTB (Azərbaycan)" tərəfindən atılması gözlənilən həmin addım çox risqlidir. Əsas odur ki, verilən məbləğin faizi yüksək olmasın. Yüksək olmadığı halda, düşünürəm ki, rublla ipoteka krediti götürmək vətəndaşlar üçün sərfəli olacaq".

Sizin Reklam Yeriniz