Əlaqə Arxiv
news Image
2015.08.14
08:00
| A A A
Ev bazarına xaricdən daha çox pul qoyulmağa başlanıldı
Azərbaycanda müxtəlif növ daşınmaz əmlak alan əcnəbi vətəndaşların sayı sürətlə artır

Azərbaycanın daşınmaz əmlak bazarı son illərdə xariciləri də özünə cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, ölkəmizdə müxtəlif daşınmaz əmlak alan əcnəbilərin sayında artım müşahidə olunur. real mənzərə həm də onu göstərir ki, xaricilər Azərbaycanın səfalı güşələrində mənzil və digər daşınmaz əmlak alışına daha çox diqqət yetirməyə başlayıblar.

Bütün bunların nəticəsidir ki, ölkədə əcnəbilərə məxsus əmlakların sayı sürətlə artmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına görə, 2014-cü ildə Azərbayanda xarici ölkə vətəndaşlarına məxsus olan əmlakların sayı kəskin artaraq 2 850-yə çatıb. Bu 2013-cü illə müqayisədə 53% çoxdur. Ümumilikdə, son 3 ildə ölkəmizdə xaricilərə məxsus olan əmlakların sayı 2 dəfədən çox artıb. Maraqlıdır ki, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Ötən il xaricilərə məxsus olan 2 850 əmlakdan 1812-si və ya hər 3 əmlakdan 2-si regionların payına düşüb. Məsələ ilə bağlı "fins" portalının məlumatına görə, xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verirlər. Belə ki, əcnəbilərə məxsus olan əmlaklarına sayına görə, Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran və Xaçmaz rayonları tutur. Gəncədə xaricilərə məxsus əmlakların sayı 120, Sumqayıtda 112 olub. Belə əmlakların sayı Şirvanda 9 dəfə, Şamaxıda 6 dəfə, Gəncə və Bərdədə isə təqribən 5 dəfə yüksəlib.

Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlakların növündə də dəyişiklik var. Belə ki, bir il əvvələ qədər ölkəmizdə xaricilərə məxsus ən çox əmlak mənzillər olduğu halda, hazırda torpaq sahələri daha böyük yer tutur. Əcnəbilərə məxsus olan əmlakların 1 275-i və ya təqribən 45%-i məhz torpaq sahələridir. Sonrakı yerləri mənzillər (təqribən 40%) və fərdi evlər (14%) tutur. Mənzillərin böyük hissəsi - 920-si Bakıdadır. Paytaxtdan başqa, xaricilərin ən çox mənzil aldığı bölgələr Sumqayıt, Gəncə və Xaçmazdır. Xaricilərə məxsus torpaq sahələrinin isə böyük hissəsi – 351-i Cəlilabaddadır. Sonrakı yerləri Lənkəran, Şəmkir və Şirvan tutur. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Bakıda alıblar - 71 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Quba-Xaçmaz (59 ev) və Zaqatala-Balakən (40 ev) zonaları tutur. Kommersiya obyektlərinə gəlincə, xaricilərə məxsus qeyri-yaşayış sahələrinin böyük hissəsi – 26 əmlaklan 24-ü Bakıda yerləşir.

Qeyd edək ki, Azərbaycanın daşınmaz əmlak bazarına dünyanın əksər ölkələrinin vətəndaşları maraq göstərir. Bura İngiltərə, Pakistan, Türkiyə, İspaniya, BƏƏ, Almaniya, Yaponiya və Koreyadan gələnlər aiddir. Əmlak agentlərinin sözlərinə görə, Bakıda əmlak əldə edən xaricilərin əksəriyyəti onu yaşamaq və ya işləmək üçün alır. Bununla yanaşı, əmlakı kirayə vermək, satmaq, ofis kimi istifadə etmək üçün, yəni biznes və kommersiya məqsədi ilə alanlar da var. Əmlak agentlərinin sözlərinə görə, xaricilər Azərbaycanda almaq istədikləri daşınmaz əmlakı öz menecerləri vasitəsilə axtarırlar. Bəziləri isə əmlak tapmaq üçün yerli rieltor firmalarının köməyindən istifadə edirlər. Belə hallarda onların firmanın müştərisi olması dərhal rəsmiləşdirilir və müvafiq müqavilə bağlanır. Azərbaycanın turizm potensialının geniş olması da əcnəbiləri bura cəlb edir. Qarşıdakı dövr ərzində isə daha çox xaricinin Azərbaycanda daşınmaz əmlak alması proqnozlaşdırılır. Çünki ilk Avropa Oyunlarından sonra Azərbaycana beynəlxalq miqyasda böyük maraq göstərilir. Pulların yaşadıqları ölkələrdən xaricə yatırmaq istəyən əcnəbilərin artıq əsas ünvanlardan biri kimi Azərbaycanı seçəcəyi heç bir şübhə doğurmur.

Sizin Reklam Yeriniz