Əlaqə Arxiv
news Image
2015.08.14
10:00
| A A A
Məktəb ləvazimatları bazarında qiymətlər yenə narahatlıq doğurur
Vüqar Bayramov: “Yeni tədris ilinin yaxınlaşması ərəfəsində hər dəfə Azərbaycanda məktəb və şagird ləvazimatlarının qiymətində artımlar müşahidə olunur” Vahid Aslan: “Artıq indidən məktəb ləvazimatlarının qiymətlərində bahalaşma müşahidə edilir”

Yeni dərs ilinin başlanmasına az qalır. Bu fonda valideynlərin məktəb qayğıları da artır. Belə ki, valideynlər məktəbə gedən övladları üçün geyim, dərs vəsaitləri, dəftər və digər ləvazimat almalıdır. Nəticədə həmin mal və məhsullara bu dövrdə tələbat sürətlə artır. Tələbatın artması fonunda da hər il məktəb və şagirdlər üçün lazım olan ləvazimatların qiymətinin bahalaşdığını müşahidə edirik. Satıcılar mövcud vəziyyətdən istifadə edərək, həmin mal və məhsullara həddən artıq yüksək qiymət qoyurlar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov güman edir ki, cari ildə də dərs və məktəb ləvazimatlarının qiymətində artımlar olacaq: "Yeni tədris ilinin yaxınlaşması ərəfəsində hər dəfə Azərbaycanda məktəb və şagird ləvazimatlarının qiymətində artımlar müşahidə olunur. Güman olunur ki, bu ildə də anoloji vəziyyətlə rastlaşacağıq. Çünki, təəssüflə qeyd etməliyik ki, Azərbaycan sahibkarları bayramlarda, dərs ilinin başlanması ərəfəsində təklif etdikləri məhsulların qiymətini artırırlar. Tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətləri də yüksəlir. Sahibkarlar yaranmış fürsətdən istifadə edərək, daha çox gəlir əldə etməyə çalışır və bu fonda da qiymətləri qaldırırlar. Faktiki olaraq, bu vəziyyətdə uduzan tərəf isə vətəndaşlar olur. Onlar məktəbə göndərdikləri övladları üçün daha çox pul xərcləmək məcburiyyətində qalır. Buna əsasən, cari ildə də məktəb ləvazimatlarının qiymətinin artacağı proqnozlaşdırılır. Təbii ki, bunlar süni qiymət artımlarıdır. Çünki, həmin məsələdə qiymətlərin artması üçün hər hansı bir iqtisadi zəmin yoxdur. Dünya bazarında məktəb ləvazimatları, çantalar, məktəbli paltarı üçün istifadə edilən xammalın qiymətində bahalaşma müşahidə edilmir. Belə bahalaşma yoxdursa, yerli bazarda da qiymət artımları olmamalıdır. Ona görə də, məktəb ləvazimatlarının qiymətinin həmişə olduğu kimi bu ildə də bahalaşması baş verəcəksə, bunlar süni qiymət artımları olacaq. Bu fonda qiymət artımları gözlənildiyindən, olduqca vacibdir ki, belə hallara qarşı mübarizə aparılsın. Dövlət qurumları çalışmalıdır ki, süni qiymət bahalaşmasının qarşısını alsın".

Həmsöhbətimiz yaranmış bu vəziyyətdən çıxış yolunu süni qiymət artımlarına qarşı inzibati metodların tətbiqində görür: "Süni qiymət artımı Azərbaycan qanunvericiliyinə görə qadağandır. Ona görə də, belə qiymət artımlarının qarşısının alınmasına ehtiyac var. O baxımdan qanunvericilik birmənalı şəkildə belə qiymət artımlarını qanuna zidd hesab edir. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyəti var ki, qiymətlərin monitorinqini aparmaqla, qiymət artımları müşahidə edilərsə, onun azaldılması ilə bağlı sahibkarlara xəbərdarlıq etsin və qiymətin əvvəlki səviyyəyə çatdırılmasına nail olsun. Burada təəssüf ki, təşviqedici metodlar effektli olmur. Dövlət qurumları dəfələrlə sahibkarlara müraciət edib ki, bayramlar dövründə qiymət artımına getməsinlər. Amma təəssüf ki, reallıq qiymət artımlarına gedilməsindən ibarətdir. Sözün həqiqi mənasında ölkəmizdə tam sahibkarlıq etikası formalaşmadığından məktəb ləvazimatlarının tədris ili ərəfəsində qiymətinin bahalaşacağı proqnozlaşdırılır. Ona görə də indilikdə ancaq bu süni qiymət artımlarına qarşı mübarizədə inzibati metodlardan istifadə edilməlidir".

Təhsil eksperti Vahid Aslan məktəb ləvazimatlarının qiymətinin bahalaşmasının gözlənilən olduğunu söylədi: "Artıq indidən məktəb ləvazimatlarının qiymətlərində bahalaşma müşahidə edilir. Ona görə də dərs ilinin başlanmasına daha az günlər qaldıqca burada qiymətlərin daha da artacağı istisna deyil. Həmişə olduğu kimi, həmin bahalaşmada dəllalların da "rolu" vardır. Onlar yaranmış vəziyyətdən istifadə edərək, süni qiymət artımlarına gedirlər".

V. Aslan da bu kimi süni qiymət artımlarına qarşı mübarizədə ancaq adminstrativ metodların effekt verə biləcəyi qənaətindədir: "Bu istiqamətdə adminstrativ addımlar atılmalıdır ki, məsələ yoluna qoyulsun. Proses müvafiq rəsmi qurumların nəzarətində olmalıdır. Belə bahalaşma tendensiyasını ancaq güclü nəzarət yolu ilə aradan qaldırmaq mümkündür. Başqa yollarla məktəb ləvazimatlarının qiymətində baş qaldıran süni bahalaşmanın qarşısını ala bilməyəcəyik".

Sizin Reklam Yeriniz