Əlaqə Arxiv
news Image
2015.08.14
09:05
| A A A
Maliyyə ombudsmanının yaradılması aktuallaşır
Pərviz Heydərov: “Bunun hansı əsaslarda təşkil olunacağı və necə fəaliyyət göstərəcəyindən çox şey asılıdır” Samir Əliyev: “Məhkəməyə qədər müştərilən hüquqlarının qorunması üçün maliyyə ombudsmanının yaradılması vacibdir”

Banklar Assosiasiyası maliyyə ombudsmanın yaradılmasının təklif edir. Assosiasiyanın sədri Zakir Nuriyevin sözlərinə görə, bununla banklarla müştərilər arasında yaranmış mübahisələr məhkəməyə getmədən öz həllini tapa bilər. Onun sözlərinə görə, maliyyə ombudsmanı institutunun yaradılması banklar ilə müştəriləri arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada həll olunmasına kömək edə bilər: "Məqsəd mübahisələri maliyyə ombudsmanının köməyilə həll etməklə, banklar ilə müştəriləri arasında etimad münasibətlərinin formalaşdırılmasına nail olmaqdır".

Assosiyasının təklifini dəstəkləyənlər də çoxdur. Belə ki,

mütəxəssislərin sözlərinə görə, maliyyə ombudsmanı həm banklar, həm də müştərilər üçün çox faydalıdır. Çünki problemlərin məhkəmədə həll edilməsi onların reputasiyaları üçün o qədər də yaxşı deyil.

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, sözügedən məsələ ölkəmizdə problem xarakteri daşıyır: "Problemli kreditlərin həcmi günü-gündən artır və şişir. Əslində, deməzdim ki, bunun səbəbi də məhz qanunvericilikdə olan boşluqdan irəli gəlir. Lakin ətraflı nəzərdən keçirib, təhlil etdikdə müvafiq tənzimləməyə ehtiyac olduğu əyani hiss edilir və görünür. Məsələn, elə bu yaxınlardakı Mərkəzi Bankın məlum devalvasiya qərarından sonra kreditlərin manatla, yoxsa dollarla qaytarılmalı olduğunu xatırlayaq. İş gedib Konstitutsiya Məhkəməsinə çıxmalı oldu. Nəticədə, qəbul edilən qərar heç də birmənalı qarşılanmadı. Halbuki, bankların mənafeyi əsas götürüldü. Odur ki, ombudsman institutunun bu sferada da yaradılması bəlkə də məqsədəuyğun olardı. Ancaq bunun hansı əsaslarda təşkil olunacağı və necə fəaliyyət göstərəcəyindən çox şey asılıdır. Maliyyə ombudsmanının yaradılmasının kredit borcu olanlar ilə banklara köməkliyi yalnız, bu sahədə müvafiq tənzimləmə işinin yaxşılacağı təqdirdə dəyə bilər. Əgər, bu, sözügedən sahəyə bu mənada heç bir yenilik gətirməyəcəksə, əhəmiyyət daşımayacaq. Çünki, ölkədə maliyyə və kreditləşdirmə sahəsində problem məhz tənzimləmədədir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə fərqli düşünür. O, problemi kökündən həlli yolu kimi maliyyə ombudsmanın yaradılmasını təklif edir: "Çünki, hazırda ölkədə maliyyə xidmətlərindən yararlanan müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və ya müstəqil institutun fəaliyyətini görmürük. O baxımdan məhkəməyə qədər müştərilən hüquqlarının qorunması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının yaradılması vacibdir. Ombudsman institutu ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməyə malikdir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Bundan başqa və ən əsası ombudsman institutu müştərilərə pulsuz xidmət göstərəcək".

İqtisadçı qeyd etdi ki, dünyada ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb: "Ancaq bu gün dünyanın bir çox ölkələrində - Fransa, Böyük Britaniya, Danimarka, İsveç kimi ölkələrdə maliyyə ombudsmanı fəaliyyət göstərir. Amma hələlik MDB ölkələrində ombudsman institutun geniş fəaliyyətinə rast gəlinmir. Maliyyə vəkilləri MDB ölkələrindən Rusiya və Ermənistanda fəaliyyət göstərir".

Qeyd edək ki, maliyyə ombudsmanı maliyyə təşkilatları və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün yaradılmış qurumdur. Bu orqan daha çox bank sektoru, qiymətli kağızlar bazarı və sığorta sahəsində yaranan problemlərin həlli ilə məşğuldur. İlk universal maliyyə ombudsmanı 1992-ci ildə Almaniyada yaradılıb. Hal-hazırda maliyyə ombudsmanı 40-dan çox ölkədə (Almaniya, İngiltərə, Fransa, Niderland, Danimarka, Litva, CAR, Polşa, Pakistan, İtaliya, Şri-Lanka və s.) fəaliyyət göstərir. Ombudsmana müraciəti yalnız fiziki şəxslər edə bilər və bu xidmət pulsuzdur. Maliyyə ombudsmanı borcun restrukturizasiyasına (kreditin qaytarılması şərtlərinə - vaxtına, ödəmə məbləğinə), borcun yenidənmaliyyələşməsinə (mövcud kreditin ödənilməsi üçün yeni kreditin alınmasına nail olmaq) yardım edə bilər. Bununla yanaşı o, bank-kreditorun fəaliyyətinin qanunauyğunluğunu yoxlaya bilər.


Sizin Reklam Yeriniz