Əlaqə Arxiv
news Image
2015.08.20
09:00
| A A A
Borcu çox olanların banklardan kredit götürməsi müşkülə çevrilir
Bu istiqamətdə atılan yeni addımlarla müştərilərin ödəmə qabiliyyəti daha dəqiq qiymətləndiriləcək

Ölkənin bank sektoru kredit verilişində şərtlərin daha da sərtləşdirildiyi yeni mərhələyə qədəm qoyur. Belə görünür ki, Mərkəzi Bank artıq ümumi həcmi 1,3 milyard manatı keçən problemli kreditlərin artımının qarşısını almaq üçün daha effektli olan preventiv tədbirlərə start verir. Məhz bu fonda Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə nəzarəti gücləndirməkdə davam edir.

Söhbət ondan gedir ki, bundan sonra kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Kredit təşkilatları qarşısında belə bir vəzifə Mərkəzi Bankın yeni təsdiq etdiyi "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" ilə qoyulub. Rəhbərlikdə qeyd olunub ki, kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir. Eyni zamanda, bankın kredit verən əməkdaşının daha çox bonus almaq məqsədilə kredit ayırmasına imkan verilməyəcək: "İşçilərin mükafatlandırılması verilmiş kreditlərin həcmindən asılı olduqda kredit təşkilatı məsuliyyətli kreditləşmə prisiplərindən kənarlaşmaların baş verməməsini və bununla əlaqədar məsuliyyətli kreditləşmə və mükafatlandırma siyasətinə müvafiq müddəaların əlavə edilməsini təmin etməlidir". Bundan başqa banklar və bank olmayan kredit təşkilatları məsuliyyətli kreditləşəmə siyasəti və onun sadə dildə yazılmış qısa icmalı kredit təşkilatının internet səhifəsində aydın oxuna bilən formada yerləşdirməli, kredit təşkilatı və onun filiallarının yerləşdiyi binada yazılı formada istehlakçılara məlumat verilməli və istehlakçılar tərəfindən tələb olunduğu təqdirdə siyasətin tam və ya qısa icmalı onlara təqdim olunmalıdır.

Qeyd edək ki, məsuliyyətli kreditləşəmə siyasətinə görə, bir şəxsə, "kredit üzrə aylıq ödəmələri cəmi gəlirlərinin yarısı (50%-i) qədər olan kredit" ayrıla bilər. Həddən artıq borclanmanın qarşısını almaq üçün, banklar kredit verilən zaman borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbətinə daha ciddi baxacaqlar. Əgər kredit götürmək istəyən şəxsin aylıq ödəmələrinin ümumi məbləği cəmi gəlirlərinin yarısına çatırsa, ona kredit verilməyə bilər. Bunu da məhz Mərkəzi Bank yeni təsdiq etdiyi "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" ilə banklara tövsiyə edir.

Belə ki, kredti götürən zaman bankın kredit mütəxəssisi müştərinin sabit aylıq gəlirlərinə, aldığı və zamin durduğu kreditlər üzrə aylıq ödəmələrin məbləğinə baxacaq. Məsələn, 600 manat aylıq gəliri olan bir şəxsə, ən yaxşı halda, əsas borcu və faizləri ilə birlikdə aylıq ödənişi 300 manata qədər olan kredit verilə bilər. Əgər həmin şəxin digər banklara kredit borcu varsa, o daha aşağı aylıq ödənişli krediti ala və ya almaya bilər. Metodoloji Rəhbərlikdə qeyd edilir ki, kredit təşkilatı istehlakçının ödəmə qabiliyyətinin və təyinata uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatları toplamalıdır. İstehlakçının ödəmə qabiliyyəti və kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi kredit məhsulunun şərtləri nəzərə alınmaqla qiymətləndirməlidir. Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır. Metodoloji Rəhbərlikdə qeyd edilir ki, kredit təşkilatı istehlakçının kredit məhsulu üzrə öhdəliklərinin vaxtında icra olunmasına, onun ehtiyac və məqsədinə müvafiq olduğuna əmin olmalıdır. Kredit məhsulu verilməzdən əvvəl kredit təşkilatı istehlakçının ödəmə qabliyyətini qiymətləndirməlidir. Rəhbərlikdə vurğulanır ki, ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi istehlakçıların ödəyə biləcəklərindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər. Qiymətləndirmə nəticəsində istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilərsə kredit sifarişi təmin olunmaya bilər, lakin bu zaman kredit təşkilatı imtinanın təfərrüatlarını açıqlamalı, o cümlədən imtinanın səbəbləri və imtinanın səbəblərinin aradan qaldırılması üçün istehlakçının ata biləcəyi addımlar barəsində məlumat verməlidir. Beləliklə, banklardan hər şəxsin kredit götürməsi mümkün olmayacaq. Bu, problemli kreditlər məsələsinin həllində də mühüm rol oynamaq iqtidarındadır.

Sizin Reklam Yeriniz