Əlaqə Arxiv
news Image
2015.08.20
10:45
| A A A
Dünya iqtisadiyyatı yeni fəlakət astanasında
Ruslan Atakişiyev: “Qlobal məkanda iqtisadi böhran 2008-ci ildən davam edir” Yaşar Əsədov: “Bu böhranları analiz etmək üçün artıq siyasət sahəsinə keçmək lazımdır”

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's İnvestor Service", Hindistan üçün 2015 il üzr iqtisadi artım proqnozunu aşağı salıb. "Moody's" analitikləri hesab edir ki, Hindistanda daxili tələbat aşağı düşəcək. Eyni zamanda ölkədə islahatların aparılması ləngiyir.

Bundan başqa, Çində ötən həftə həyata keçirilən devalvasiya da bu ölkə iqtisadiyyatının zəifləməkdə olduğuna işarədir. Dünya iqtisadiyyatında xüsusi paya malik ola Avropa, Rusiya iqtisadiyyatında da tənəzzül qeydə alınır. Bir sıra iqtisadçıların fikrincə, bu tənəzzül növbəti qlobal iqtisadi böhrandan xəbər verir. Hansı ki, 2008-ci ilki böhranın növbəti mərhələsi hesab edilir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, Avropada indi müşahidə edilən böhran 2008-ci il böhranın növbəti mərhələləridir: "Avropa məkanı böhrandan tam xilas olmayıb. Çin, Hindistan və Rusiyada da iqtisadi tənəzzül yaşanmaqdadır. Çində iqtisadi göstəricilərin özünü doğrultmamasının bir sıra səbəbləri var. Rusiya iqtisadiyyatındakı vəziyyət isə aydındır. Ukrayna böhranından sonra Avropa ilə qarşılıqlı sanksiyalar Rusiya iqtisadiyyatında tənəzzül yaradıb. Növbəti fakt isə dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir.

Proseslərin davamı olaraq ABŞ-da Mərkəzi Bankın son zamanlar həyata keçirdiyi siyasət nəticəsində dolların bahalaşır. Bunun nəticəsidir ki, bir çox ölkələrin dollarla borcları artır. Həmçinin, bu gün Çin, Hindistan kimi ölkələrlə ABŞ arasında "valyuta müharibəsi" gedir. Onun nəticəsində də dolların bahalaşması və həmin ölkələrin milli valyutalarının devalvasiyaya uğraması o ölkələrə mənfi təsirini göstərir".

Ekspert əlavə etdi ki, qlobal məkanda iqtisadi böhran 2008-ci ildən davam edir: "Hətta böhran regional olaraq da genişlənir. Yetərincə qarşılıqlı əməkdaşlıq yollarının tapılmaması böhranın davam etdirir. Onu hiss etməyən regionlar da hiss etməyə başlayıb".

Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə məsələyə bir az fərqli yanaşdı: "Bu böhranları analiz etmək üçün artıq siyasət sahəsinə keçmək lazımdır. ABŞ-ın büdcə kəsirini təmin etmək üçün ora gündə 4 milyard dollarlıq kapital daxil olmalıdır. Bu da çox böyük məbləğdir ki, il ərzində 2 trilyon dollar edir. Bütün dünya üzrə investisiya qoyuluşlarının təxminən 70%-i qədərdir. ABŞ üçün xaricdən gələn investisiyalarsız çətin olar. Büdcə kəsirini bağlamaq, xarici borcları ödəmək lazımdır. Yəni, o pullar hər gün ABŞ-a daxil olmalıdır.

Təsəvvür edək ki, dünyada sabitlikdir, hər yerdə investiyisiyaların qoyluşu üçün cəlbedici şərait var. O zaman pullar ABŞ-dan çıxacaq. Bildiyimiz kimi, bu gün Cənubi-Şərqi Asiya ölkələrin böyük sürətlə iqtisadi artım yaşayırlar. Oralara investisiya qoyulması çox cəlbedicidir. Sabitlik yaranarsa, investisiyaların böyük hissəsi ora cəmlənər. Amma növbəti dünya böhranın olması qaçılmazdır. Bu gözlənilir. Çünki, ABŞ-ın maliyyə vəziyyəti getdikcə ağırlaşır. Buna görə də ABŞ dünyanın daha çox qeyri-sabit olmasına çalışacaq. Çünki, pul sabitlik olmayan yerdən qaçır. İnvestorlar adətən, sabitlik olan məkanlara üz tuturlar. Hansı ki, iqtisadi sabitlik ABŞ-da təmin edilir".

Sizin Reklam Yeriniz