Əlaqə Arxiv
news Image
2015.08.21
07:00
| A A A
Xaricdən ət və süd alınmasına son qoyulacaq
Vüqar Bayramov: “Ümumi daxili məhsulda aqrar sektor, o cümlədən heyvandarlığın çəkisi artacaq” Çingiz Fərəcov: “Süd, ət istehsalı artacaq, ərzaq təhlükəsizliyimizin təmin edilməsinə sanballı töhfə veriləcək”

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Heyvandarlığın cinsi tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" və " Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında" sərəncamlar imzalayıb. "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" sərəncama əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilir.

Məsələni şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Prezident tərəfindən heyvandarlığın inkişafına hesablanmış sənədin imzalanması və ondan irəli gələn qərarların icrası son nəticədə ümumi daxili məhsulda aqrar sektor, o cümlədən heyvandarlığın çəkisinin artmasına gətirib çıxaracaq: "Bu il ölkəmizdə "Kənd təsərrüfatı ili" élan edilib. Ona görə də cari ildə əsas diqqət aqrar sektorun inkişafına yönəldilib. Təbii ki, bu fonda aqrar sahənin, xüsusən də heyvandarlığın inkişafı kifayət qədər vacib və aparıcı istiqamətlərdən biridir. O baxımdan heyvandarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi birmənalı şəkildə imkan verəcək ki, heyvandarlığın dövrü olaraq aqrar sektorda payının artırılmasına nail olmaq mümkün olsun. Bu, eyni zamanda imkan verəcək ki, daha çox məhsul, xüsusən də ət, süd istehsal etməyə hesablanan, buna şərait yaradan fərqli bir heyvandarlıq sənayesini qurmaq işi baş tutsun. Azərbaycanda aqrar sektorda heyvandarlıq sahəsi aparıcı sahələrdən biri olub. Bu da təbii ki, ölkə daxilində ət və süd məhsullarına tələbin yüksək olması ilə bağlıdır. Ət və süd məhsullarına tələbin yüksək olması birmənalı şəkildə, məhz bu sektorun inkişafını stimullaşdırır, çünki tələb var. Bu tələb imkan verir ki, daha çox məhsul istehsal edilərək, bazara çıxarılsın. O baxımdan indiki məqamda heyvandarlığın inkişafına kompleks yanaşma, həm daha çox ət və süd istehsalına imkan verən xüsusi növ mal-qaranın alınması, bu istiqamətdə məhsuldarlığın artırılmasına hesablanan yeni heyvandarlıq kompleksinin qurulmasına, həm də aqrar sahənin inkişafına şərait yaradacaq. Eyni zamanda bu imkan verəcək ki, aqrar sektorun ümumdaxili məhsuldakı dövriyyəsini, iqtisadiyyatdakı payını artırmaq mümkün olsun. O baxımdan ölkə Prezidentinin heyvandarlıq sahəsinin inkişafına hesablanmış imzaladığı son sənəd birmənalı şəkildə, heyvandarlığın inkişafı üçün yeni bir stimullaşdırıcı baza formalaşdıracaq. Bu fonda yanlız heyvandarlıq deyil, eyni zamanda aqrar sektorun iqtisadiyyatda payı da yüksələcək".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov qeyd etdi ki, süni mayalanma ilə mal-qaranın cins tərkibi yaxşılaşacaq, süd, ət istehsalı artacaq, ən əsası da ərzaq təhlükəsizliyinin təminatı yolunda ciddi irəliləyiş olacaq: "Kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsi hazırda ümumxalq işinə çevrilib. Bu, elə bir sahədir ki, hamı diqqətini ora yönəltməlidir. İndiyə kimi ölkəmizdə heyvandarlıq primitiv qaydada inkişaf etdirilirdi. Xarici ölkələrdən hər il gətirilən 3-4 min baş damazlıq heyvanın sahibkarlara satılması elə də ciddi dəyişiklik yaratmadı. Bu tendensiya istehsalın artımına ciddi təsir etmədi. Dünyanın bütün ölkələrində heyvandarlıqda süni mayalanma tətbiq olunur. Süni mayalanma bu sahədə inqilabı dəyişikliklər deməkdir. Artıq 9 ildir ki, ölkəmizdə süni mayalanma tədbirləri həyata keçirilir. Lakin sahibkar və fermerlərin çoxu imkansızlıq üzündən süni mayalanma xidməti haqqını ödəyə bilmirdi. Ona görə də təbliğat aparılsa da, bu prosesdə o qədər də maraqlı deyildilər. 9 ildir ki, hökumət qarşısında bu istiqamətdə Türkiyə təcrübəsindən istifadə edilməsinin vacibliyi qeyd edilir və bildirilirdi ki, süni mayalanma yolu ilə alınan hər baş buzova görə subsidiya verilsin. Nəhayət Prezidentin sərəncamı ilə bu arzu yerinə yetirildi. Süni mayalanma yolu ilə alınan hər bir buzova görə sahibkara 100 manat subsidiya ödəniləcək. Türkiyədə isə buna görə 50 lirə ödənilir. Deməli, bizim fermerlərə 2,5 dəfə çox subsidiya ödəniləcək. Bu əsasda da süni mayalanma xidmət haqqını ödəyə bilməyən sahibkarlar artıq aldıqları subsidiya hesabına süni mayalanmaya meyl edəcəklər. 100 manatın 20 manatı süni mayalanma treninqlərinə ödəniləcək, 60 manat isə həmin buzovun saxlanılmasına xərclənəcək. Bu işdə formalçılıq, şişirdilmə halları da tamamilə aradan qaldırılacaq. Süni yolla mayalandırılan heyvanlar kompüterə daxil edilməli və onlardan alınan balalar burada qeydə alınmalıdır. Hər bir süni mayalanma texniki süni mayalanma aparan heyvan sahibinə, toxumundan istifadə etdikləri törədici buğanın şəklini verməlidir. Süni mayalanmadan bir il sonra heyvan doğulacaq. Bu zaman akt tərtib olunur, hər bir kənddə 3 nəfərlik işçi qrupu yaradılır. Onlar proseslə tanış olacaqlar və bu zaman toxumundan istifadə olunan törədici buğanın şəkli ilə doğulan balanın genetik baxımından uyğun gəlməsini aydınlaşdıracaqlar. Bu zaman oxşarlıq olacaqsa, onda fermerə süni mayalanma haqqı ödəniləcək. Amma süni mayalanma haqqı heyvanın doğulmasından 3 ay sonra ödənilməlidir. Çünki, ölü doğulan buzova görə bu haqq ödənilməməlidir. Süni mayalanma yolu ilə alınan erkək danalar yetişdiriləcək və sonradan onlar süni mayalanmanın mümkün olmadığı dağ və dağətəyi kəndlərdə digər sahibkarlara da satıla bilər. Standartlara uyğun olmayanlar isə kökəldilib ətliyə veriləcək. Dişi danalar isə yetişdirilib düyə vəziyyətinə gətirilməlidir və sonradan başqa insanlara satıla bilər. Beləliklə damazlıq işi genişlənəcək. Onun hesabına ət və süd istehsalı da artacaq. Süni mayalanma yolu ilə alınan inəklərdən ildə, indi olduğu kimi 1300 kq deyil, dəfələrlə çox 4000-4500 kq, bəzən hətta 6000 kq süd alınır. Bu yolla alınan erkək danaların diri çəkisi 2 yaşda 450-500 kq çatır. Bu da ət istehsalının artmasına gətirib çıxarır. Verilən subsidiya fonunda hamı öz heyvanlarını süni şəkildə mayalandırmaqda maraqlı olacaq. Deməli, sərəncamdan irəli gələn məsələlərin həlli nəticəsində mal-qaranın cins tərkibi yaxşılaşacaq, süd, ət istehsalı artacaq, eyni zamanda süni mayalanma texnikləri yaxşı əmək haqqı alacaq, belədə çoxsaylı insan prosesdə maraqlı olacaq. Prosesin gerçəkləşməsi həmçinin ərzaq təhlükəsizliyimizin təmin edilməsinə də sanballı töhfə verəcək".

Sizin Reklam Yeriniz