Əlaqə Arxiv
news Image
2015.08.25
10:24
| A A A
Dollar manat qarşısında dəyər itirir
Azərbaycan valyutasının bir çox pullara nisbətən məzənnəsinin artacağı proqnozlaşdırılır

Dollar və avronun kursu ətrafında baş verənlər son günlərdə yenidən xüsusi diqqət mərkəzində yer alır. Bəzi qonşu ölkələrdə devalvasiya prosesindən sonra Azərbaycanda da analoji prosesin təkrarlana biləcəyinə dair fikirlər fonunda əsasən dolların satışında yenidən artım müşahidə olundu. Amma proseslər onu göstərir ki, manat dollar qarşısında mövqeyni qorumaqda, hətta möhkəmləndirməkdə davam edəcək.

Elə Mərkəzi Bankın avqustun 24-ü üçün açıqladığı rəsmi məzənnələr də bunu deməyə əsas verir. Həmin gün üçün dolların rəsmi məzənnəsi 1,0479 manatdan, 1,0470 manata düşüb. Halbuki, bundan əvvəl Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi. Şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların olmadığını deyirdilər. Məlum olmuşdu ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb. Bakıdakı mübadilə məntəqələrinin çoxu isə ümumiyyətlə, fəaliyyətini dayandırmışdı. Onlar bunu dolların bahalaşacağı ilə bağlı şayiələrin yayılması ilə əlaqələndirirdilər. Amma bütün bunların əsassız olduğunu elə baş bank özü aydınlaşdırdı. Mərkəzi Bank valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə yayılan məlumatlara aydınlıq gətirdi.

Bildirilirdi ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur.

Digər tərəfdən son bir neçə gündə avro dollara nisbətən bahalaşır. Bu fonda dollar dəyər itirir. Azərbaycan bivalyuta səbətinə keçdiyindən avro ilə bərabər manat da dollar qarşısında dəyər qazanır. Avronun isə dollara nisbətən yaxın aylarda güclənməyə davam edəcəyi proqnozlaşdırılır. Deməli, manat da dollara nisbətdə möhkəmlənməkdə davam edəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Prosesin isə məhz bu axarda davam etməsi gözlənilir. Ekspert onu da qeyd edir ki, Mərkəzi Bank dollara olan tələbi qısa müddətdə azaltmalıdır. Vətəndaşlar isə pullarını valyuta səbətində saxlamalıdır: "Buna görə də, Mərkəzi Bank mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki, dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər".

İqtisadçı-ekspert dolların məzənnəsinin artmasının region dövlətlərinə təsirindən danışıb: "Region dövlətlərdə dolların milli valyutaya görə məzənnəsində kəskin dərəcədə artımlar var. Qazaxıstan artıq öz milli valyutasını sərbəst buraxmaq haqda qərar qəbul edib. Bununla da Qazaxıstanda milli valyuta bir gün ərzində 30 faizə yaxın dəyər itirdi. Rusiyada da rublun dəyərində son zamanlar kəskin azalmalar müşahidə olunur. Türkiyədə isə son bir ayda milli valyuta 17 faiz dəyər itirib. Beləliklə, Azərbaycanın bölgədəki tərəfdaşlarının milli valyutaları kəskin şəkildə dəyər itirdi. Bu proses manatın həmin valyutaya nisbətən möhkəmlənməsinə gətirib çıxaracaq. Beləliklə, manatın bölgədəki təzyiqi artacaq. Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Manatın məzənnəsinin necə dəyişəcəyi ilə bağlı rəsmi qərar Mərkəzi Bank tərəfindən elan olunacaq". Ekspert bildirib ki, bu devalvasiya bölgədəki ticarət əlaqələrinə də təsir edəcək: "Digər dövlətlərdə baş verən devalvasiya ölkə əhalisini narahat edə bilər. Lakin qonşu dövlətlərdə baş verən devalvasiya manatın digər valyutalara nisbətən möhkəmlənməsinə səbəb olacaq. Həmin ölkələrdən Azərbaycana idxal isə ucuzlaşacaq".

Onu da qeyd edək ki, manatın sabit həddə qalması bir çox parametrlər baxımından çox mühümdür. Bu, ölkə iqtisadiyyatının davamlı inkişafında da özünəməxsus töhfələr verməklə yanaşı, vətəndaşların inflyasiya təzyiqindən qorunmasında müstəsna əhəmiyyət kəsb edir. Ölkənin valyuta ehtiyatları isə manatı hələ uzun müddət sabit həddə saxlamağa imkan verir.

Sizin Reklam Yeriniz