Əlaqə Arxiv
news Image
2015.08.25
10:25
| A A A
Yeni qlobal iqtisadi böhran dalğası gəlir
Natiq Cəfərli: “Qərb iqtisadiyyatının çökməsinə gətirib çıxara biləcək problem Çin iqtisadiyyatının geriləməsilə bağlı olacaq” Vüqar Bayramov: “Güman olunur ki, dünya iqtisadiyyatı daha çətin dönəmə qədəm qoyacaq”

Son günlər bir çox ölkələrin milli valyutalarının dollar və avro ilə müqayisədə ucuzlaşması tendensiyası müşahidə olunur. Bu vəziyyət özünü rus rublu, Çin yuanı, Qazaxıstan tengəsi, gürcü larisi və bir çox digər valyutalarda göstərməkdədir. Bu kontekstdə Qərb və Amerika birjaları da çökür.

ABŞ-ın fond birjaları da ötən həftənin son hərracını 3 faizlik gerilmə ilə başa vurublar. London birjasında indeks 45,2-yə enib, bunun ardınca Brent markalı neft də ucuzlaşıb və 44,62 dollara enib. Bu, son 9 ildə ən aşağı göstəricidir. Proqnozlar səslənir ki, belə bir vəziyyətdə qlobal iqtisadi böhran daha da kəskinləşə bilər. Onsuz da hələ də Qərb ölkələrinin əksəriyyəti böhran içində çabalamaqda davam edirlər. Xüsusən də Yunanıstan iqtisadiyyatı hələlik özünə gələ bilməyib. Bu ölkə yeni borc tranşı alsa da, hələlik defolt təhlükəsindən xilas ola bilməyib. Maraqlıdır, belə olan vəziyyətdə Qərb iqtisadiyyatının çökməsi baş verə bilərmi? Bunun yeni dünya iqtisadi böhranına rəvac verməsimümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli hazırkı durumda Qərb iqtisadiyyatının çökməsi ehtimalının aradan qalxmadığını bildirdi. Amma ekspertə görə, Qərb üçün gözlənilməsi ehtimal olunan bu təhlükə Şərqdən, Çindən gələcək: "Əslində, dünya iqtisadi böhranla bağlı problem Çindən başlayır. Hazırda Çin iqtisadiyyatı ciddi problemlər içindədir. Belədə Çin iqtisadiyyatında yaşanan problemlər digər ölkə iqtisadiyyatına, o cümlədən ABŞ, Avropa iqtisadiyyatına da təsir göstərir. Çin birjalarında artıq yenidən 8 fazilik çöküş baş verib. Belədə Çində yaşanan bu problem bütün dünyaya yayılır. Çinin də dünyada böyük rol oynadığı və dünyanın ikinci iqtisadiyyatına malik olduğu, ən çox ixrac edən ölkələrdən biri olduğunu nəzərə alsaq, təbii ki, həmin ölkədə yaşanan problemlər öz təsirini bütün dünyaya da göstərir. Çünki bütün dünya qloballaşıb. Qloballaşan dünyada isə iqtisadiyyatların bir-birinə təsiri ciddi xarakter daşıyır. Təbii ki, bu yöndə də Çin iqtisadiyyatında yaşanan problemlərin təsiri təkcə həmin ölkənin sərhədləri daxilində qalmaqla kifayətlənməyəcək. Əslində, hazırda Qərb iqtisadiyyatının özündə də fərqli durumlar mövcuddur. Amerikanın iqtisadiyyatı Avropa ölkələrilə müqayisədə daha yaxşı vəziyyətdədir. Bu ölkənin ümumdaxili məhsulunda 2 faizə yaxın artım baş verib və iqtisadiyyatda müsbət siqnallar getdikcə artır. İşsizlik cəmi 5,5 faiz səviyyəsindədir. Avropa iqtisadiyyatında isə fərqli mənzərə mövcuddur. Orada ümumdaxili məhsulun artımı ümumavropa üzrə sıfır göstəricisinə yaxındır. Avropa Birliyi ölkələrində işsizlərin sayı isə 12 faizdir. Yunanıstanla bağlı problemlərin qaldığını nəzərə alaraq, görürük ki, bu qitə ilə bağlı mənfi siqnallar daha çoxdur. Ona görə də Qərbdəki iqtisadiyyatın çökməsi anlayışı daha çox Çindəki durumun pisləşməsi ilə əlaqələndirilməlidir. Çindən başlanan bu problem sözsüz ki, Qərbə də öz təsirini göstərir. Hətta bu təsir özünü daha qabarıq şəkildə göstərə bilər. Təkcə onu deyək ki, Çin iqtisadiyyatının ən böyük partnyorları ABŞ və Avropadır. Çinlə ABŞ-ın ümumticarət dövriyyəsi 570 milyard dollara yaxındır. Bu kontekstdə Çinin Avropa Birliyi ilə ticarətinin həcmi 400 milyard dollara qədərdir. Belədə görürür ki, Çinlə Qərb dövlətlərinin ticarət dövriyyəsi birlikdə təxminən 1 trilyon dollara yaxındır. Bu fonda da Çində yaşanan problemlərin 1 trilyonluq ticarət əlaqələrinin olduğu sözügedən bölgəyə təsir edəcəyi də qaçılmazdır. Getdikcə bu təsiri daha yaxından hiss edəcəyik. Amma hər halda bu dəfə Qərb iqtisadiyyatının çökməsinə gətirib çıxara biləcək problem Çin iqtisadiyyatının geriləməsilə bağlı olacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da dünya iqtisadiyyatının çətin duruma düşdüyünü bildirdi. Lakin bununla belə, həmsöhbətimiz böhranın Qərb üçün daha qlobal xarakter daşıyacağını da düşünmür: "Son həftələr praktik olaraq, dünya bazarında dollar aparıcı xarici valyutalara nisbətən ən aşağı kursla təklif olunur. ABŞ dollarının avro ilə kursu son iki həftədə təxminən 6 faizə qədər yüksəlib. Eyni zamanda, ABŞ birjalarında da vəziyyət yaxşı deyil. Çin yunanının məzənnəsində də azalmalar var. Bu hal onu göstərir ki, avronun məzənnəsinin uzun müddət aşağı olması və ABŞ-ın praktik olaraq, buna imkan yaratması, avrozonanın müəyyən qədər qalxmasına imkan verib. Bu da təbii ki, dolların məzənnəsinə təsir edir.

Hələlik qlobal böhran gözləntiləri yoxdur. Amma sözsüz ki, baş verən dəyişikliklər, aparıcı ölkələrin iqtisadiyyatında yaranan vəziyyət dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. O baxımdan, böhran təhlükəsi olmasa da belə, valyuta məzənnəsindəki qeyri-sabitliyin davam etməsi, dünya bazarında neftin qiymətinin kəskin düşməsi fonunda, baş verən proses güman olunur ki, inkişaf etmiş ölkələrə öz təsirini göstərəcək. Bu, hətta Çin kimi iqtisadiyyatı inkişaf etmiş ölkədə geriləmə ilə müşayiət oluna bilər. Lakin yaxın dövrlərdə Qərb iqtisadiyyatında ciddi böhran proqnozlaşdırılmır. Amma bununla belə güman olunur ki, dünya iqtisadiyyatı daha çətin dönəmə qədəm qoyacaq. Son dəyişikliklər fonunda həm valyuta bazarında, həm də bütövlükdə qlobal sistemdə müşahidə edilən proseslər dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Belədə növbəti aylarda dünya iqtisadiyyatında geriləmələrin davam edəcəyini görə bilərik. Amma bu da daha ciddi, qlobal böhranın yaranmasına heç bir zəmin yaratmır".



Sizin Reklam Yeriniz