Əlaqə Arxiv
news Image
2015.08.26
07:00
| A A A
Devalvasiya dalğası Azərbaycandan yan keçir
Manatın məzənnəsinin uzun müddət üçün sabit mövqedə qalacağı proqnozlaşdırılır

Dünyanın bir çox ölkələrində müşahidə olunan devalvasiyanın zəncirvari xarakter daşıması barədə müxtəlif fikirlər səslənməkdədir. Çinin başlatdığı yeni devalvasiya dalğası artıq Asiyanın bir çox ölkələrində özünü qabarıq formada büruzə verib.

Hazırda rus rublu, Çin yuanı və Qazaxıstan tengəsi kəskin ucuzlaşmaqda davam edir. Bu fonda qırğız somunun devalvasiyası başlayır. "Bloomberg" agentliyini ekspertləri bəyan edirlər: tengənin devalvasiyasının ardından daha 10 valyutanı enmə gözləyir. İlk növbədə də söhbət MDB ölkələrinin valyutalarından gedir. Əsas səbəb kimi də rublun və yuanın kurslarının zəifləməsi göstərilir. Türkmənistan, Tacikistan, Özbəkistan və Belarusda analoji proseslər gedir. Gürcüstan larisi də xeyli ucuzlaşıb. Amma proseslər devalvasiya dalğasının Azərbaycandan yan keçəcəyini göstərir. Yeri gəlmişkən qeyd edək ki, dollar manat qarşısında ucuzlaşmaqda advam edir. Avqustun 25-də dolların rəsmi məzənnəsi nisbətən düşərək 1, 0446 manat təşkil edib. Bir gün əvvəl isə sözügedən rəqəm 1,0470 manat idi. EKspertlər də devalvasiya dalğasının Azərbaycandan yan keçəcəyini proqnozlaşdırır.

məsələn, ekspert Oqtay Haqverdiyev qeyd edir ki, manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və bu, məsələ ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır: "Əslində, son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur". O, "report"a açıqalamasında Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb: "Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir". Ekspert manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib.

Digər tərəfdən dolların güclənməsinə qarşı artıq ABŞ da müəyyən addımlar atmağa hazırlaşır. İlin əvvəlindən dünyanın digər əsas valyutaları qarşısında 20%-ə yaxın güclənən dollar ABŞ iqtisadiyyatına zərər vurur. Dolların güclü olması ABŞ-a da sərf etmir. Belə ki, dollar digər valyutalar qarşısında güclü olduğundan ABŞ-ın ixracı, müvafiq olaraq da şirkətlərin gəlirləri azalır. Gəlirlərin azalması şirkətləri xərclərini azaltmağa, yeni işçi götürməməyə, istehsalı azaltmağa məcbur edir. Vəziyyətin belə yaranması ABŞ-ın iqtisadi artımını şübhə altına alır. ABŞ Mərkəzi Bankının rəsmiləri gedişatdan narahat olmağa başlayıblar, artıq onlar sentyabrda faiz dərəcələri artırılaraq pulu bahalı etməklə xətaya yol verilmiş ola biləcəyini deyirlər. Hazırad bu il ərzində ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artıracağı gözlənilmir. Bu fonda neftin qiymətində yeni yüksəliş gözlənilir.

Neftin qiymətinin ucuz olması artıq Qərb ölkələrinə sərf etmir. Çünki neft hasil edən ölkələrdən onlara sərmayə qoyuluşu azalır. Hazırda neftin aşağı qiymətindən bir çox ölkələr əziyyət çəkir. Amma prosesin vətəndaşlarına təsir göstərəmyən ölkələr də var. Bu sırada Azərbaycanın adını çəkmək olar. Ölkəmizdə neftin qiymətinin düşməsinin mənfi nəticələrə gətirib çıxardığını iddiaedənlər tapılsa da, onların dediklərinin əsasız olduğu arqumentlərlə sübut olunur. məsələn, ekspert Fikrət Yusifov bu xüsusda bildirir: "Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər birinci dəfədir ki, onun qiymətində dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991- 1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi stabillik mərhəlləsinə qədəm qoya bildi. Bu, Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq, Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi sual olunur: Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşagı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtlı-vaxtında ödəyə bilirdisə, bunu indi də edə bilməzmi? Əlbəttə ki, edər. İndi bizim neftsiz, qazsız iqtisadi və və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir. İndi Azərbaycanın istənilən iqtisadi təlatümləri adlatmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var. Odur ki, cəmiyyətə yalan informasiyalar ötürən, insanlarda narahatlıq yarada biləcək bəyanatlar verən, heç bir istinad nöqtəsi olmayan uydurma rəqəmlər ortaya atanlar bu yolla siyasi uğur qazanacaqlarını düşünürlərsə, kökündən yanılırlar".

Sizin Reklam Yeriniz