Əlaqə Arxiv
news Image
2015.08.26
10:30
| A A A
Neft bazarı spekulyanğaların qurbanına çevrilir
Zəfər Vəliyev: “Beynəlxalq enerji birjaları siyasi həmlələrlə olduqca zəngindir”

Son zamanlar dünya bazarında neftin qiyməti kəskin şəkildə düşməkdə davam edir. Hazırda ABŞ birjalarında bir barrel neftin qiyməti 39-40 dollar arasında dəyişir. London birjalarında isə neftin qiyməti 43-45 dollar arasındadır. Halbuki iki ay bundan öncə bu qiymətlər 65 dollardan da bir qədər yüksək idi. Bu arada ABŞ-ın "Morgan Stanley" bankının ekspertləri bəyan ediblər ki, fiziki neft bazarındakı vəziyyət qiymətlərin bu dərəcədə enməsinin iqtisadi əsasının olmadığını göstərir. Onların fikrincə, burada digər amillər, o cümlədən spekulyativ faktorlar da rol oynayıb.

Neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, hazırda neftin qiymətinin formalaşmasında tələblə təklif amili başlıca rol oynamır. Burada spekulyativ amillər də öz sözünü deyir: "Beynəlxalq enerji bazarları heç də şəffaf deyil. Beynəlxalq enerji bazarlarında neftin qiymətinin formalaşması əslində tələblə təklif prinsipi əsasında formalaşmalıdır. Amma təəssüf ki, birjalarda qiymət formalaşmasında geosiyasi həmlələrin də xüsusi çəkisi var. Neftin qiymətinin formalaşmasına müxtəlif amillər təsir edir. Hazırda dünyada hasil olunan neftin 40 faizi OPEK üzvü olan ölkələrin payına düşür. İndilikdə OPEK səbətinin sutkalıq hasilat səviyyəsi 32 milyon barrelə çatır. Bu aylıq satış proqramlarından asılı olaraq müəyyən dərəcədə dəyişə də bilər. OPEK-ə daxil olmayan, potensial neft hasil edən dövlətlərin ümumi hasilatı isə indilikd 59 milyon barrel səviyyəsindədir. Burada da aylıq satış proqramlarına uyğun olaraq hasilatda cüzi dəyişmələr baş verir. Artıq yay mövsümü arxada qalır. İyun-avqust aylarında dünyada neftin sutkalıq emal həcmi 89 milyon barreldir. Amma hasil olunan neft 96,5 milyon barrel həcmindədir. Dünyanın sutkalıq neftə olan tələbatı isə 94,5 milyon barrelə qədərdir. Deməli, hazırda beynəlxalq enerji bazarlarında gündəlik 2,5-3 milyon barrel artıq neft müşahidə olunur. Neftin qiymətinin düşməsinə təsir edən amillərdən biri məhz budur.

İkinci bir tərəfdən, proses dünyanın iqtisadi göstəricilərilə bağlıdır. Hazırda dünyanın iqtisadi göstəriciləri neftin qiymətinə təsir edən amillərdən biridir. Prosesə həmçinin ABŞ-da 2008-ci ildən üzü bəri baş verən şist neft inqilabı da öz təsirlərini göstərib. Hazırda ABŞ-da sutkalıq hasilat 9,4 milyon barrelə çatıb. Amma bu ölkənin neftə olan sutkalıq tələbatı 19 milyon barreldir. Son dövrlər Yaponiyada ümumdaxili məhsulun artım tempi aşağı düşür. Neftin qiymət enməsinə təsir edən amillər sırasında artıq bir neçə aydır ki, Çinin Fond Birjalarında indekslər və bu ölkədəki aparıcı 500 şirkətin səhmlərinin 30 faizdən çox ucuzlaşması, yuanın devalvasiyaya uğraması da öz sözünü deyib. Əslində hazırda dünyada ucuz hasil edilən neft yoxdur. Sutkalıq hasil edilən neftin strukturuna nəzər salsaq, görərik ki, dünya üzrə sutkalıq hasil olunan neftin böyük hissəsi şelf yataqlarında hasil olunur. Bu neft isə bahalı olması ilə seçilir. Onun maya dəyəri kifayət qədər yüksəkdir. 2014-cü ildə "Morgan Stanley" investisiya fondunun yaydığı bülletenə görə, Yaxın Şərqdə neftin rentabelli qiymətinin maya dəyəri hər barreldə 24 dollardır. Şelf yataqlarında isə bu rəqəm 41 dollara çatır. Ağır neftin rentabelli hasilat qiyməti hər barreldə 47 dollardır. Potensial neft ixrac edən dövlətlərdən olan Rusiyada sutkalıq hasilat 10 milyon barreldən yuxarıdır. İxracat isə 4,5 milyon barreldir. "Rosneft"in səhifəsində göstərilir ki, neftin bir tonu şirkətə 5 dollara başa gəlir. Bir neçə gün öncə bu şirkətin nümayəndəsi mətbuata açıqlama verdi ki, Rusiyada neftin hər barreli 3-4 dollara başa gəlir. "Exson Mobil"in dünyanın müxtəlif neft məntəqələrində hasil etdiyi neftin maya dəyəri isə 13-17 dollar arasındadır. Əslində, bütün potensial neft hasil edən ölkələr neftin maya dəyərinin neçəyə başa gəldiyini deməkdən çəkinirlər. Rusiyada neftin qiyməti barrelə görə 50 dollardan aşağı olarsa, bu, artıq onun üçün böhrandır. ABŞ-da isə bəyan edirlər ki, son dövrlər tətbiq etdikləri texnologiya nəticəsində Şimali Amerikada neftin maya dəyəri 30 dollardan 20 dollara düşüb. Onda nədən ABŞ-da qazma aktivliyi 2 dəfədən çox aşağı düşüb? İndi bu ölkədə fəaliyyətdə olan qazma qurğularının sayı 600-665 arasındadır. 2012-2013-cü illərdə birja möhtəkirləri və maliyyə investorları ABŞ Federal Ehtiyatlar sisteminin yumşaldıcı kəmiyyət siyasətindən ruhlanaraq misilsiz pul təklifi qarşılığında neftin satış qiymətinin hər barrelə görə 100 dollardan yuxarı həddə saxlanılmasına nail oldular. Baxmayaraq ki, hasilatda sürətli artım və tələb təklif tarazlığının pozulması müşahidə olunurdu. Bunun qarşılığında neft-qaz sahəsinə sərmayə cəlb etməyə və ABŞ-da şist inqilabına bir stimul yarandı. Əslində, neftin qiymət formalaşması aşağıdakı kimi olmalıdır. Hasilatçı və tədarükçü şirkətlər var ki, birbaşa hasilatla məşğuldurlar. Eyni zamanda tələbata olan emalla məşğul olan şirkətlər də var. Qiymət formalaşması da bu iki subyekt arasında olmalıdır. Amma beynəlxalq enerji bazarında alıcı və satıcı qismində həmin iki şirkətlə yanaşı, banklar, investisiya fondları və küllü miqdarda möhtəkirlər qrupu da iştirak edir.

Təbii ki, neftin qiymətinə bu fonda təsir edən amillərdən biri də bazar möhtəkirlərinin fəaliyyətidir. Onlar da treydinq şirkətləridir. Onlar böyük miqdarda nefti ucuz qiymətə alır, birjada xaos yaradır və vəziyyətdən istifadə edib çaxnaşma yaratmaqla nefti baha qiymət satırlar. Ona görə də beynəlxalq enerji birjaları siyasi həmlələrlə olduqca zəngindir. Burada tələb-təklif prinsipi əsas rol oynamır. Keçən ilin avqustundan başlayaraq neftin qiyməti aşağı düşəndə OPEK daxilində hasilat kvotasının aşağı salınması fikri formalaşdı. Amma bunu istəyənlər heç nəyə nail olmadı. Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ OPEK daxilindəki dominant mövqeyindən istifadə edərək hasilat kvotasını aşağı salmaqdan imtina etdi. İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bazara külli-miqdarda neft çıxarılacaq ki, neftin qiymətini təhdid edən amillərdən biri də budur. Bəli, spekulyativ amillər neftin qiymətinin formalaşmasına təsir edən amillər sırasındadır".

Sizin Reklam Yeriniz