Əlaqə Arxiv
news Image
2015.08.26
14:58
| A A A
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə qaz nəqlinin bərpa olunacağı tarix açıqlanıb

"Boru xəttinin keçdiyi ərazilərdə təhlükəsizlik qüvvələrinin və nəzarət məntəqələrinin sayı artırılır"

"Bu gündən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində təmir işlərinə başlanılıb".

 

Movqe.az xəbər verir ki, bunu "APA-Economics"ə Qars vilayətinin Sarıqamış bölgəsinin icra nümayəndəsi Yusif İzzət Karaman bildirib.

 

Onun sözlərinə görə, PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində qaz kəmərinə dəyən ziyanın həcmi o qədər də böyük deyil: "Lokal şəkildə kiçik bir nöqtədə, kəmərin 50 metrlik hissəsinə zərər dəyib. Düzdür, zərər nə qədər az olsa da, kəmərin fəaliyyətinə təsir göstərir".

 

İcra nümayəndəsi bildirib ki, təmir işləri ən qısa zamanda yekunlaşacaq: "Bildiyiniz kimi, təxminən bir ay əvvəl də analoji partlayış baş vermişdi. Həmin partlayışdan üç gün sonra təbii qazın nəqli bərpa edilmişdi. Bu dəfə isə partlayışdan dörd gün sonra qaz nəqli bərpa ediləcək".

 

Qurum rəsmisi əlavə edib ki, təmir işlərinin tamamlanmadığı üçün qaz kəmərinə dəyən ziyanı ölçmək mümkün deyil.

 

Onun sözlərinə görə, qaz kəmərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib: "Boru xəttinin keçdiyi ərazilərdə təhlükəsizlik qüvvələrinin və nəzarət məntəqələrinin sayı artırılır".

 

Xatırladaq ki, avqustun 24-də PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

 

Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

 

Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib. Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.

 

Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

 

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış törədilib.

Sizin Reklam Yeriniz