Əlaqə Arxiv
news Image
2015.08.28
09:00
| A A A
Dollar alanların sayı azalır
Vüqar Bayramov: “Vətəndaşların bir hissəsi aldıqları dolları həta manatın kəskin möhkəmlənəcəyini nəzərə alaraq satmağa çalışırlar” Natiq Cəfərli: “Əllərində olan manatı dollara çevirən insanların bir qismi gündəlik xərcləri ödəmək üçün əks prosesə başlayıblar”

Valyutadəyişmə məntəqələrində son müşahidələr göstərir ki, son 3 gündə dollar alanların sayı azalıb. Bu fonda dollar satanlarda isə az da olsa artım var.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, dollar alanların sayının azalması, satanların sayında isə artım olması dollarla bağlı ajiotaj fonunda həqiqəti əks etdirməyən məlumatların səngiməsindən qaynaqlanır: "Mərkəzi Bank dolların manata nisbətən məzənnəsini əvvəlki dövrdə olduğu kimi məhz dünya valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq müəyyənləşdirməkdə davam edir. Bu fonda bir müddət öncə dollarla bağlı ajiotajın yaranmasına səbəb olan amillərdən biri də heç də doğru olmayan məlumatların ictimaiyyətə təqdim edilməsilə bağlıdır. Təəssüf ki bəzi iqtisadçılar "gedin pulunuzu dolları dəyişin" deməkdən çəkinməyib. Amma nədənsə, bu ajiotajın yaranmasının iqtisadi səbəblərinə diqqət yetirilmirdi. Bu, əslində, ajiotaj idi və heç də dolların manata ciddi təzyiqi deyildi. Çünki, praktik olaraq, bu kontekstdə iqtisadi baxımdan daxili faktorlarda ciddi dəyişikliklər yox idi. Ciddi dəyişikliklər olmadığı halda ötən həftənin sonlarında manatın dollara nisbətən məzənnəsinin kəskin azalması mümkün deyildi. Artıq ajiotaj geridə qalıb. Amma təəssüf kİ, insanların bir hissəsi həmin ajiotaj dövründə kifayət qədər yüksək kursla özlərinin manatla olan pullarını dollara dəyişdilər. Belədə baha qiymətə dollar aldılar. Sonradan isə dollar valyutadəyişmə məntəqələrinin müəyyənləşdirdiyi kursa nisbətən ucuzlaşdı. Bu vəziyyətdən itirən isə vətəndaşlar oldu. Mərkəzi Bankın apardığı və monitorinqlərin élan etdiyi açıqlamalar göstərir ki, bəzi hallarda valyutadəyişmə məntəqələri ölkənin əsas bankının müəyyənləşdirdiyi marjanı pozaraq belə yüksək məzənnə müəyyənləşdirməyə çalışıblar. Bu da təbii ki, yüksək məzənnə ilə dollar satışının həyata keçməsinə imkan verdi. Təbii ki, artıq ajiotaj geridə qaldı. Bu halda demək olar ki, bütün valyutadəyişmə məntəqələrində alqı-satqı əvvəlki qaydada davam edir. Alqı-satqı prosesində hər hansı bir çətinlik yoxdur. Vətəndaşların bir hissəsi aldıqları dolları həta manatın kəskin möhkəmlənəcəyini nəzərə alaraq satmağa çalışırlar. Nəzərə alaq ki, avronun məzənnəsinin möhkəmlənməsi səbəbindən bu ayın əvvəlində manat dollara nisbətən möhkəmləndi. Hələlik Mərkəzi Bankın rəsmi açıqlamalarında vəziyyətin nəzarətdə olduğu bildirilir. Manatın məzənnəsinin tənzimlənən kurs olduğunu nəzərə alsaq, bu baxımdan qərarı da Mərkəzi Bank verir. Onlar da mövcud açıqlamalarında hələlik manatın dollara nisbətən məzənnəsinə baxılması və dəyişilməsinin nəzərdə tutulmadığını bildirirlər".

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, yaranmış vəziyyət son günlər növbəti devalvasiyanın olacağı ilə bağlı yaşanan panika ilə əlaqədardır: "Son zamanlar yeni bir devalvasiyanın ola biləcəyi şayiələr fonunda, insanlar ajiotajın yarandığı ilk anlarda hətta əllərində olan ev təsərrüfatında istifadə edəcəkləri pullarını dollara çevirmişdilər. İndi isə manatla olan gündəlik xərclərini ödəmək üçün əks proses başlayır və insanlar əllərində olan valyutanı milli pula çevirərək, gündəlik xərclərini ödəməyə çalışırlar. Çünki, panika havası yaşananda insanlar nədənsə sabah olacaq xərcləri belə düşünmədən əllərində olan bütün manat kütləsini valyutaya dəyişməyə üstünlük verir ki, devalvasiya olarsa, bundan yan qaça bilsinlər. Belə ki, son zamanlar ikinci devalvasiyanın ola biləcəyilə bağlı çoxsaylı şayiələr yayılırdı. Ona görə də insanlar devalvasiya olacağı təqdirdə manatın dəyər itirməsindən uduzmamaq üçün buna gedirdi. İndi isə görünən odur ki, əllərində olan manatı dollara çevirən insanların bir qismi gündəlik xərcləri ödəmək üçün əks prosesə başlayıblar. Az olsa da, əllərində olan valyutanı yenidən manata çevirərək, gündəlik xərclərini ödəməyi düşünürlər".



Sizin Reklam Yeriniz