Əlaqə Arxiv
news Image
2015.09.01
07:00
| A A A
Banklarda manata tələb artır
Ruslan Atakişiyev: “Problemli kreditlərdən yan keçmək üçün banklar manatla kredit verməyə çalışırlar” Natiq Cəfərli : “Banklar özlərini sığortalamaq məqsədi ilə bu addımı atırlar”

Məlumdur ki, son dövrlərdə bankların bir çoxu müştərilərinə kreditləri daha çox dollarla təklif edirdilər. Amma Mərkəzi Bankın tövsiyyəsindən sonra proseslər tam əksinə baş verir. Belə ki, hazırda banklar xarici valyutada kredit verməyi dayandırıb. Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir.

Mütəxəssislər bankların bu qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqələndirirlər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, əvvəla devalvasiyadan sonra insanlar da dollarla kredit götürməkdə maraqlı deyillər: "Bu səbəbdən də dollara olan tələb aşağı düşüb. Digər bir səbəb də ondan ibarətdir ki, banklar vaxtı keçmiş kreditlərin ödənilməsindən yaranan risklərdən qorunmaq üçün bu addımı atırlar. Problemli kreditlərdən yan keçmək üçün banklar manatla kredit verməyə çalışırlar. Ancaq sırf bankların bu addımı ilə manatın məzənnəsinin möhkəmlənəcəyi söyləmək düzgün olmazdı. Çünki, manatın məzənnəsinin formalaşmasına təsir edən digər xarici və daxili amillər də var".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, xarici valyuta ilə verilən kreditlərin banklara problem yaratdığı hər kəsə bəllidir: "Banklarda problemli kreditlərin əksəriyyəti məhz dollarla verilmiş kreditlər idi. Banklar özlərini gələcəkdə baş verə biləcək təhlükələrdən qorumaq üçün dollarla olan kreditləti yüksək faizlə manata çevirməyi təklif edirlər. Bu təkliflərdə maraqlı cəhd ondan ibarətdir ki, dollarla olan kreditlərin faizləri manatla olan kreditlərin faizlərindən aşağı idi. Dəyişiklik zamanı isə manatla olan kreditlərin faizlərini artırırlar. Müştərilər müqavilə bağlayarkən buna diqqət yetirməlidir. Banklar özlərini sığortalamaq məqsədi ilə bu addımı atırlar. Ona görə də kreditləri manata çevirməyə çalışırlar.

Kreditlərin manatlaşması milli valyutanın möhkəmlənməsinə az təsir göstərəcək. Çünki, artıq həmin kreditlər əldədir. Sadəcə olaraq, müqavilələr dəyişdirilir. Götürülmüş kreditlərin yenidən rəsmiləşdirilməsi prosesi gedir. Yəni, dollarla olan müqavilələr manata keçirilir".

Xatırladaq ki, məsələ ilə bağlı Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş vermədiyini açıqlayıb: "Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər".

Sizin Reklam Yeriniz