Əlaqə Arxiv
news Image
2015.09.02
07:00
| A A A
Ucuz neft dövrü sona çatır
İlham Şaban : “Neftin 40 dollardan aşağı düşməsi dünya iqtisadiyyatının çöküşü kimi dəyərləndirilir” Yaşar Əsədov: “Neftin qiyməti 200 dollara qədər qalxa bilər”

Neftin qiymətində dəyişmələr davam etməkdədir. Amma son bir neçə gündür ki, qiymətlər artan istiqamətə dəyişir. Belə ki, sentyabrın 1-də Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti təxminən 8 faiz bahalaşaraq 52 dollar 72 sent təşkil edib. Artıq neft qytmətlərində müşahidə edilən bahalaşmanın uzunmüddətli olacağı barədə iddialar səslənir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, uzunmüddətli artım deyəndə onu nəzərdə tuturlar ki, neftin qiyməti 50-60 dollar arasında dəyişəcək: "Ancaq 2016-cı illə bağlı proqnozlar səsləndiriləndə 60 dolları keçəcəyi ilə bağlı hansısa proqnoz yoxdur. Ola bilsin ki, 2015-ci ilin sonunda yeni korrektə edilmiş proqnoz yaransın. Ancaq indiki proqnozlar 2014-cü ilin qiymətləri ilə müqayisədə ən azı 40% aşağı qiymət deməkdir. Əvvəllər heç kəs neftin 70 dollar qiymətinə inanmırdısa, artıq indi 50-dən yuxarı qiymətə yüksək qiymət kimi baxırlar. Çünki, neftin 40 dollardan aşağı düşməsi dünya iqtisadiyyatının çöküşü kimi dəyərləndirilir. Ancaq bir müddət onu da yaşadıq. Ona görə də 40 dollardan artıq qiymət bazarda yüksəliş kimi qəbul edilir".

Ekspertin sözlərinə görə, neftin qiymətinin formalaşmasında ilk faktor iqtisadiyyatdır: "Ona əsasən də iki böyük bazarda – Çin və Avropada iqtisadi tələbat olmalıdır. Hazırda isə hər iki bazarda bu tələbat azalır. Çin bazarında böyük enişlər oldu. İkincisi, Çində iqtisadi eniş özünü göstərir. Uzun illər Çin iqtisadiyyatında ildə 8% artım olub. İndi isə 5.6%-ə qədər düşdü. Bu isə Çinin enerjiyə olan tələbatının azalması deməkdir. O cümlədən Avropanı da göstərmək olar. Orada alternativ enerji mənbələrinin ayrı-ayrılıqda ölkələrdəki artımı enerjidən çox qənaətlə istifadəyə gətirib çıxardı. Bu amil enerjiyə olan tələbatın azalmasına gətirib çıxarır".

Ekspert əlavə etdi ki, neft qlobal məhsuldur: "Bu qlobal məhsul böyük kapitala çevriləndən bu günə qədər qiymətinin formalaşmasında siyasi amillər həmişə rol oynayıb. Ancaq hazırda əvvəlki kimi siyasi amil ilk sırada durmur".

Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirir ki, neftin qiyməti üçün iki proqnoz vermək olar: "Bununun birincisi odur ki, neftin qiyməti 200 dollara qədər qalxa bilər. Bu da əsaslandırılır. Buna səbəb odur ki, neftin qiyməti düşdüyünə görə yeni yataqların axtarışı, kəşfiyyat işləri dayandırılır. Ona görə müəyyən müddətdən sonra neft qıtlığı baş verəcək. O zaman neftin qiyməti 200 dollara qədər qalxa bilər. İkinci variantda isə "qara qızıl"ın qiyməti 30 dollara qədər enə bilər. Bu iki varinatı ortamüddətli proqnozlarda demək olar. Hazırda Səudiyyə Ərəbistanı OPEK üzvlərinin düşdükləri pis vəziyyətə saymazyana yanaşır. Dünyada neftin təklifinin həcmlərini OPEK ölkələri arasında yalnız Səudiyyə Ərəbistanı dəyişə bilər".

Ekspert bildirir ki, dünyanın əksər ölkələrində neftin bir barrelinin maya dəyəri 30-50 dollar arasında dəyişir: "Şimal ölkələrində bir qədər bahadır. Yəni, indiki qiymət neftin maya dəyərinin qiymətidir".

Sizin Reklam Yeriniz