Əlaqə Arxiv
news Image
2015.09.02
10:26
| A A A
Banklarda kredit faizləri aşağı düşür
Ekspert: “Bank sektorunda rəqabət mühitinin formalaşması, bu istiqamətdə müəyyən işlərin görülməsi növbəti dövrlərdə kreditlər üzrə faiz dərəcəsinin azalmasına gətirib çıxaran əsas səbəblərdəndir”

Azərbaycan Beynəlxalq Bankı kredit faizlərini aşağı salacağını bildirir. Qeyd edək ki, sözügedən bank Azərbaycan bank sektorunda aparıcı yerlərdən birini tutur. Bu isə o deməkdir ki, Beynəlxalq Bankda baş verən hər hansı bir maliyyə hadisəsi, dəyişikliklər eyni zamanda, öz təsirini başqa kommersiya banklarına da göstərə bilər.

Maraqlıdır, Beynəlxalq Bankın kredit faizlərini aşağı salmaq niyyəti digər banklarda kredit faizlərinə necə tesir edəcək? Onlar da bazardakı mövqelərini itirməmək üçün anoloji addıma gedə bilərlərmi? Ümumiyyətlə, bankların reqabət şəraitində faizləri aşağı salması gözləniləndirmi?

İqtisadçı-ekspert Rəşad Həsənov bu qənaətdədir ki, Beynəlxalq Bankın kreditin faiz dərəcəsini aşağı salmaq istiqamətində atmaq istədiyi addım, həmin bankın bu sektorda oynadığı rolu nəzərə alsaq, tezliklə digər kommersiya banklarının da anoloji addımlar atmasına rəvac verəcək: "Azərbaycan Beynəlxalq Bankı ölkənin maliyyə sektorunda kifayət qədər yeri və mövqeyi olan banklardan biridir. Xüsusən də kreditləşmənin həcmi məsələsində Beynəlxalq Bankın i payı təxminən 40 faizə yaxındır. Bu da kifayət qədər böyük rəqəmin olduğunun göstəricisidir. Beynəlxalq Bankın Azərbaycan bank sektorunda dominantlığı daim mövcud olub. Bu mənada Beynəlxalq Bank kredit faizlərinin aşağı salınması istiqamətində hansısa qərar qəbul edəcəksə, bu da bütövlükdə bank sektoruna təsir göstərən amillərdən birinə gətirib çıxaracaq.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bank sektorunda rəqabətlilik mühitinin formalaşması, bu istiqamətdə işlərin görülməsi, ona şəraitin yaradılması təbii olaraq növbəti dövrlərdə faiz dərəcəsinin azalmasına gətirib çıxaran əsas səbəblərdən biri ola bilər. Son zamanlar isə müşahidə etdiyimiz hal ondan ibarətdir ki, banklar xarici valyuta ilə verdikləri kreditin faiz dərəcəsini kifayət qədər aşağı salmağa çalışır. Çünki, son dövrlər biznes də xarici valyuta ilə kredit götürməkdə maraqlı deyildi. Növbəti dövrlərdə sabitlik ehtimalı artacaqsa, təbiidir ki, bu, manatla verilən kreditlərin faiz dərəcələrinin azalmasına da gətirib çıxara bilər".

Ekspert Natiq Cəfərli isə qeyd etdi ki, Beynəlxalq Bank kredit faizlərini əhəmiyyətli dərəcədə aşağı salsa, digər banklar da bu yolu tutmalı olacaq. Amma bankın kredit faizlərinin azaltması cüzi olacaqsa, çətin ki, digərləri də onu təkrarlasın: "Azərbaycan bank sektorunda hazırda mövcud olan problemlər, problemli kreditlərin səviyyəsinin artması, həm də ümumiyyətlə, kredit bazarının xeyli dərəcədə zəifləməsi, kredit götürənlərin sayının azalması banklar tərəfindən müəyyən addımların atılmasına gətirib çıxaracaq. Bu qaçılmazdır. Çünki, banklar məhz kreditlər hesabına pul qazanır. Ona görə də kredit faizlərinin digər banklarda da düşəcəyini bilmək üçün Beynəlxalq Bankın bu istiqamətdə atacağı addımları izləmək lazımdır. Baxaq görək , Beynəlxalq Bank kredit faizlərini hansı səviyyədə endirməyi düşünür. Əslində, digər banklar da bazarda rəqabətə davam gətirmək istəyirsə, təbii ki, öz işlərini Beynəlxalq Bankın təklif etdiyi faiz dərəcələrinə uyğunlaşdırmalı olacaqlar. Beynəlxalq Bank ölkənin ən böyük və dövlət tərəfindən dəstəklənən bir bankıdır. Bu mənada da Beynəlxalq Bankın faiz dərəcələrini açıqlamasını gözləmək lazımdır. Bu faizlərdə digər banklarla müqayisədə ciddi fərqlər yaranacaqsa, digər bankların da müvafiq addımlar atmaqdan başqa çarəsi olmayacaq. Çünki, faizlər arasında ciddi fərqlər yaransa, kredit bazarında Beynəlxalq Bank dominant rol oynamağa başlayacaq və əhalinin də böyük hissəsi təbii ki, daha aşağı faiz təklif edən bankdan kredit götürməkdə maraqlı olacaq. Amma Beynəlxalq Bankın kredit faizini aşağı salmaq istiqamətində atdığı addımlardan sonra da digər banklarla müqayisədə ciddi fərqlər yaranmayacaqsa, onlar üçün hansısa bir problem yaşanmayacaq və belədə digərlərinin də haqqında söhbət açılan bankın atdığı addımı təkrarlayacağını gözləmək olmaz.

Ola bilər ki, bu addımdan sonra bəzi bankların bazardan çıxması, yaxud da təmərkküzləşməsi, yəni bir neçə bankın birləşməsi prosesi baş versin. Bütün bunlar Beynəlxalq Bankın atacağı addımlardan asılı olacaq. Ona görə də gözləyək görək ki, Beynəlxalq Bank hansı faiz dərəcəsilə yenidən meydana çıxacaq".

Sizin Reklam Yeriniz