Əlaqə Arxiv
news Image
2015.09.03
11:10
| A A A
İxracda qeyri-neft sektorunun xüsusi çəkisi artır
Fikrət Yusifov: “Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında təkcə Rusiya deyil, Avropanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələri də ciddi maraqlıdırlar”

Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir. Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ölkəmizdə səfərdə olarkən Prezident İlham Əliyevlə görüşdə bu əməkdaşlığın detalları müzakirə edilib. İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiyanın xarici işlər naziri qeyd edib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb. Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul olunmuş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib və bunu yüksək qiymətləndirib. Mütəxəssislər iki ölkə arasında bu əməkdaşlığın xüsusi ilə Azərbaycanın qeyri-neft sektoruna fayda verəcəyini deyirlər.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov ilk olaraq Azərbaycan hökumətinin son illərdə ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atdığını diqqətə çatdırdı: "Azərbaycanda istehsal olunan məhsulların satışı üçün tarixi və ənənəvi bazarlardan biri, hətta deyərdik ki, birincisi Rusiya bazarıdır. Azərbaycan Rusiya ilə eyni iqtisadi zonada yerləşir. Bu səbəbdən də iki ölkə arasında mal dövriyyəsinin daha da artırılması tamamilə təbii prosesdir və bu, hər iki ölkənin maraqlarını ehtiva edir. Rusiya bazarı bu gün Azərbaycan istehsalçısı üçün öz aktuallağını daha da artırıb. Ukrayna ilə hərbi münaqişə zəminində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin bazarının istehlak mallarına və ilk növbədə ərzaq mallarına olan tələbatını bir xeyli artırıb.

Bir məsələni nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında öz keyfiyyəti baxımından xüsusi yer tutur. Bunu bu gün Rusiyada yaşayan hər kəs etiraf edə bilər. Bu, çox ciddi bir brenddir və Azərbaycan istehsalçısına başqaları ilə müqayisədə mühüm dividendlər gətirir. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə bu il ölkədə "Kənd təsərrüfatı ili" elan edilib. Həmin sərəncamın icrasına uyğun olaraq iqtisadiyyatın bu sektorunun inkişafına dövlət dəstəyi də xeyli artıb. İndi hər iş yerlərdə aqrar sektora aid məhsulların istehsalı üçün kəndli-fermer təssərrüfatlarının işinin düzgün təşkilindən asılıdır. Ölkənin aqrar sektoruna rəhbərlik edən aidiyyatı qurumlar bu istiqamətdə bütün lazımı işləri görürlər. Heç şübhə yoxdur ki, görülən tədbirlər sonda kənd təsərrüfatı məhsullarının istehsalının həcminin artırılmasına və uyğun olaraq bu məhsulların ixrac potensialının da genişləndirilməsinə gətirib çıxaracaq. Yeri gəlmişkən, Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında təkcə Rusiya deyil, Avropanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələri də ciddi maraqlıdırlar. Bu marağın da kökündə bizim məhsulların keyfiyyətinin başqa ölkələrdə istehsal edilən eyni məhsullardan daha yüksək olması dayanır. Biz həm qeyri-neft sektorumuzun sürətli inkişafını, həm də ölkəyə bu sektordan istehsal edilən malların, məhsulların xaricə satışından valyuta daxilolmalarının həcmini artırmaq məqsədilə aqrar sektorun potensial imkanlarından maksimum yararlanmalıyıq. Eyni qaydada bizdə bu gün qeyri-neft sektorunda istehsal edilən neft kimya sənayesi müəssisələrinin məhsullarının, inşaat materiallarına aid məhsulların və digər məhsulların da ixracını artırmaq üçün geniş imkanlar formalaşıb. Bunun da başlıca səbəbi hökumətin ölkədə qeyri-neft sektorunu prioritet elan etməsi və bu sektorun inkişafı üçün mümkün bütün addımları atmasıdır".

Professor əlavə etdi ki, Rusiya ilə ölkəmiz arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi təkcə kənd təsərrüfatı və sənaye məhsullarının ixracını nəzərdə tutmur: "Nəqliyyatla yükdaşımalar sahəsindəki imkanların genişləndirilməsi də ölkəmizə ciddi dividendlər gətirə bilər. Lavrovun çıxışında bu məqam da xüsusi olaraq vurğulanmışdı".



Sizin Reklam Yeriniz