Əlaqə Arxiv
news Image
2015.09.04
08:00
| A A A
Qanunsuz dollar əməliyyatları
Əkrəm Həsənov: “Bütün hallarda ödəniş vasitəsi kimi yalnız milli valyutadan istifadə edilməlidir”

Son dövrlərdə diqqət cəlb edən məqamlardan biri də müəyyən xidmət sahələrinin ödənişləri manatla yanaşı, dollarla həyata keçrilə biləcəyini bildirmələridir. Belə ki, paytaxtda fəaliyyət göstərən bir sıra dil hazırlıq kursları, müəyyən lizinq şirkətləri dollarla ödəniş qəbul edirlər.

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov xidmət sahələrinin belə fəaliyyətinin qanunla yolverilməz olduğunu deyir: "Bu, Konstitusiyaya zidd addımdır. Konstitusiyanın 19-cu maddəsində göstərilir ki, Azərbaycanda yeganə ödəniş vasitəsi milli valyuta, yəni manatdır. Sonra da Mülki Məcəllənin 439.1 maddəsində deyilir ki, yerli şəxslər arasında pul öhdəliyi yalnız manatla ifadə edilməlidir. Amma bu il mayın 14-də Konstitusiya Məhkəməsinin qərarı oldu. Kredit-əmanət müqavilələrində xarici valyutanın istifadəsini Konstitusiyaya və Mülki Məcəlləyə zidd hesab etmədi. Ancaq eyni zamanda Konstitusiya Məhkəməsi həmin qərarın əsaslandırma hissəsində xüsusi ilə vurğuladı ki, bütün digər hallarda yalnız milli valyuta işlənilməlidir. Buna görə də xarici valyuta ilə ödəniş qəbul edilməsi qanuna ziddir. Qanunda heç bir istisna yoxdur. Bütün hallarda ödəniş vasitəsi kimi yalnız milli valyutadan istifadə edilməlidir. Yalnız belə hal kredit-əmanət müqavilələrində oldu. Ancaq hazırda lizinq şirkətləri dollarla işləyir. Onlar da Konstitusiya Məhkəməsinin builki qərarına istinadən hərəkət edirlər. Halbuki, lizinq kredit deyil. Əmlakın icarəsinin bir növüdür. Yəni, onlar da qanunu pozurlar".

Ekspert vurğuladı ki, bu cür prosesin iqtisadiyyata zərəri var: "İqtisadiyyatı dollarlaşdırır, milli valyutanı iqtisadiyyatdan çıxarır. Əgər hər kəs dollardan istifadə edəcəksə, bu amil Azərbaycan iqtisadiyyatını tamamilə dollardan asılı vəziyyətə salacaq. İlk növbədə də adi vətəndaşların hüquqlarını pozacaq. Çünki, vətəndaşın əmək haqqı, gəlirləri dollarla olmur. Ödənişi dollarla edirsə, həm uduzur, həm də bu, qanun pozuntusudur.

Bu hal iqtisadiyyat üçün təhlükəli tendensiya olduğundan müvafiq tədbirlər görülməlidir. Xüsusi ilə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda göstərilir ki, istehlakçıya xidmət göstərilərkən, məhsul satılarkən qiymət yalnız milli valyutada göstərilməlidir".

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda xidmətin xarici valyuta ilə aparılmasının cəzası çox azdır: "İnzibati Xətalar Məcəlləsində 50 manata yaxın cərimə nəzərdə tutulur. Əvvəlcə xətanı edən müəssisəni aşkara çıxarmaq lazımdır. Ancaq ona tətbiq edilən cəza cüzi olduğu üçün təsirli deyil. Bunun cəzasını artırmaq lazımdır. Müəssislər məhz cəzanın az olmasına görə xarici valyutadan istifadə edirlər. Cərimə yalnız fəaliyyətə görədir. Onun dövriyyəsinə görə tutulmur. Amma cərimələr müəssisənin dövriyyəsinə görə olsa idi, daha ciddi cərimə məbləğindən söhbət gedərdi".



Sizin Reklam Yeriniz