Əlaqə Arxiv
news Image
2015.09.04
10:33
| A A A
Aqrar sahənin kadr problemi
Çingiz Fərəcov: “Azərbaycan Dövlət Aqrar Universitetinin aqronom və zootexnik fakultələrinə tələbə qəbulunda güzəştlər edilməlidir” Vahid Məhərrəmov: “Peşəkar kadrlar, yüksək səviyyəli mütəxəssislərin olması üçün bu sahəyə ciddi maraq yaratmaq lazımdır”

Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də son illərdə böyük irəliləyişlər var. Amma aqrar sahə hələ də ixtisaslı kadr çatışmazlığı problemilə üz-üzədir. Uzun illərdir ki, kənd təsərrüfatında çoxsaylı ixtisaslı kadrların olması məsələsi problem olaraq qalır. Halbuki, ixtisaslı kadrların təcrübəsindən yararlanmağa hazırda fermerlərin böyük ehtiyacı var. Hesab edilir ki, kənd təsərrüfatında daha böyük inkişafa və məhsul həcminin artımına nail olmaq üçün kadr problemi mütləq həllini tapmalıdır.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, kənd təsərrüfatı sahəsində ixtisaslı kadrların çatışmazlığı bu sahə üzrə lazımı səviyyədə iş aparılmamasından qaynaqlanır: "Hazırda Azərbaycanın kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlar demək olar ki, qalmayıb. Belə vəziyyətin yaranması birinci növbədə onunla bağlıdır ki, ixtisaslı kadrlarla iş aparılmır. Hazırda onlar müxtəlif sahələrə, metrostansiyalarda, tikintidə, digər sahələrdə işləyirlər. Gərəkdir ki, kənd təsərrüfatı mütəxəssisləri ilə lazımı iş aparılsın, onlar işlə təmin olunsunlar. Ölkədə təxminən 10 nəfərdən çox mütəxəssis tanıyıram ki, onlar kənd təsərrüfatı mütəxəssisi olduğu halda, digər müxtəlif sahələrdə çalışırlar. Bir çoxları da var ki, ali təhsilli zootexnik-aqronom olduqları halda tikinti idarələrinə rəhbərlik edir. Bu insanlar axtarılıb tapılmalı, Kənd Təsərrüfatı Nazirliyinə dəvət edilməli və işə cəlb olunmalıdırlar.

İkinci bir tərəfdən, Azərbaycan Dövlət Aqrar Universitetinin aqronom və zootexnik fakultələrinə tələbə qəbulunda güzəştlər edilməlidir. Məsələn, Türkmənistanda hər bir aqrar sahə üzrə oxuyan tələbəyə dövlət tərəfindən 100 dollar həcmində təqaüd verilir. Daşkənd və Aşqabadda kənd təsərrüfatı institutlarına qəbul olunanlar güzəştlərlə qəbul olunur. Onlara təqaüd verilir, yataqxana ilə təmin edilirlər. Tələbələr institutu bitirdikdən sonra isə onları oxumağa göndərən təşkilatların sərəncamına göndərilir və belədə işlə təmin olunurlar. Ölkəmizdə isə bu istiqamətdə demək olar ki, heç bir iş aparılmır. Ölkəmizdə də rayon və şəhər icra hakimiyyətlərinin, iri fermer təsərrüfatları, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərin tövsiyəsinə əsasən, ayrı-ayrı gənclər Dövlət Aqrar Universitetinə güzəştli şərtlərlə qəbul edilməlidir. Yəni, onlar Tələbə Qəbulu Dövlət Komissiyasından kənar qəbul olunmalıdır. Onlara təqaüd verilməli, yataqxana ilə təmin olunmalıdırlar. Bu kimi addımları atmaqla kənd təsərrüfatında ixtisaslı kadrların yetişdirilməsinə nail olmaq olar".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə kənd təsərrüfatı üzrə ixtisaslı kadrların çatışmazlığının kökünü bu sahəyə ciddi marağın yaradılmamasında axtarmağı lazım bildi: "Kənd təsərrüfatı sahəsində peşəkar kadrlar, yüksək səviyyəli mütəxəssislərin olması üçün bu sahəyə ciddi maraq yaratmaq lazımdır. Ali aqrar məktəbin məzunu buranı bitirdikdən sonra əmin olmalıdır ki, onu hansısa bir müəssisədə iş gözləyir. Yəni, ona yüksək səviyyədə tələb var. Bu sahə çox mürəkkəb olduğu və yüksək səviyyəli bilgi tələb etdiyindən, ona aşağı balı toplayanlar yox, daha çox üzərlərində çalışan gənclər üz tutmalıdır. Onlar da bu sahəyə təhsili alıb işə düzəldikdən sonra yüksək əmək haqqı alacaqları və özlərinin sosial problemlərini həll edə biləcəkləri halda üz tutacaq. Bir sıra hallarda kadrlar peşəkarlığına görə deyil, etibarlılığına görə işə cəlb olunur. Belə vəziyyətdə də əksəriyyət aqrar sahəyə üz tutmaqdan qaçırlar".



Sizin Reklam Yeriniz