Əlaqə Arxiv
news Image
2015.09.08
10:30
| A A A
Manata tələb artmağa başlayır
Vüqar Bayramov: “Mərkəzi Bank da pul bazasından bir alət kimi istifadə edərək, dollarlaşmanın qarşısını müəyyən dərəcədə alaraq, manatın məzənnəsinin stabilliyini qoruyub saxlamağa çalışır”

Azərbaycanda dövriyyədə olan nağd pul azalır. 31 avqust 2015-ci il tarixinə pul bazası 6 milyard 352,1 milyon manat təşkil edib. Bu, iyulun 31-i ilə müqayisədə 1 milyard 115,4 milyon manat və ya 15% azdır.

Ötən ilin sonunda pul bazası 11 milyard 541.9 milyon manata bərabər idi. 8 ayda pul bazası 5 milyard 189,8 milyon manat azalıb.

Qeyd edək ki, pul bazasının azalması manatın dövriyyədə azalması ilə əlaqədardır. Mərkəzi Bankın manatı alaraq dövriyyəyə dollar buraxıb. Pul bazası dedikdə isə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir. dövriyyədə olan nağd pulun azalmasının manatın kursuna hansı təsir göstərəcəyi isə xüsusi maraq doğurur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, son zamanlar manat kütləsinin azalması Mərkəzi Bankın intervensiya xərclərilə əlaqədardır: "Mərkəzi Bank dollara tələbin ödənilməsi üçün pul dövriyyəsinə intervensiya edib.

Pul dövriyyəsinə intervensiya isə manatıın bir hissəsinin dövriyyədən çıxarılmasına gətirib çıxarıb. Praktik olaraq, manatın dövriyyədən çıxarılması müşahidə edilir ki, bu da pul bazasının azalmasına səbəb olur. Mərkəzi Bankın intervensiyası birmənalı şəkildə pul dövriyyəsinə təsir göstərir və pul bazasının azalmasına rəvac verir. Bu da bütövlükdə manat təklifinin azalmasına gətirib çıxarır.

Eyni zamanda, güman olunur ki, Mərkəzi Bank manat bazasını azaltmaqla dollar təklifini müəyyən qədər tənzimləməyə çalışır. Manat təklifinin azalması eyni zamanda, dollarlaşma prosesinin qarşısını müəyyən qədər almaq üçün Mərkəzi Banka çox vacibdir. Ona görə də Mərkəzi Bank da pul bazasından bir alət kimi istifadə edərək, dollarlaşmanın qarşısını müəyyən dərəcədə alaraq, manatın məzənnəsinin stabilliyini qoruyub saxlamağa çalışır. Amma təbii ki, manat kütləsinin azalmasında başlıca səbəb intervensiya nəticəsində dövriyyədən çıxarılan vəsaitlərin bir qisminin passiv bazada saxlanılmasıdır. Passiv bazada saxlanılma məhz pul bazasının azalmasına gətirib çıxaran amillərdəndir".

Həmsöhbətimiz bu tendensiyanın manata tələbin artmasına gətirib çıxarsa da, onun dollar qarşısında möhkəmlənməsinin hələlik baş verməyəcəyini də bildirdi: "Manata tələb və təklif eyni zamanda dollarlaşma prosesində müşahidə edilməli idi. Əslində, cari xərclər üçün vətəndaş hətta dəyişdiyi dolları manata çevirmək məcburiyyətindədir. Çünki, ödəniş manatladır. O baxımdan manata tələb, dollar təklifi isə artıb. Amma sözsüz ki, bu amil hələlik manatın dollar qarşısında möhkəmlənməsinə gətirib çıxarmayacaq. Çünki, manatın möhkəmlənməsi üçün başqa digər iqtisadi faktorlar da var. Bu, manatın stabilliyi baxımından vacibdir. Çünki, manata tələbin artması və xarici valyuta təklifinin azalması birmənalı şəkildə milli valyutanın stabilliyi baxımından olduqca vacibdir".



Sizin Reklam Yeriniz