Əlaqə Arxiv
news Image
2015.09.08
12:45
| A A A
Aydın Əliyev: "Yeni ticarət tendensiyaları, artmaqda olan təhlükələr gömrük işinin modernləşməsini zəruri edir"

Movqe.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PİCARD ("Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı") konfransında çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A. Əliyev qeyd edib ki, durmadan artan ticarət həcmi, yeni ticarət tendensiyaları, artmaqda olan təhlükələr və yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zəruri edir: "Belə müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab verə bilmək üçün daha səmərəli, effektiv xidmət yönümlü və şəffaf olmalıdır. Ticarət tendensiyaları dəyişdikcə, ticarətlə məşğul olan şəxslərin gömrükdən ehtiyac duyduqları dəstək də artmaqdadır. Bu baxımdan, biliklər əsasında yaranan innovasiyalar uğurlu gömrük idarəçiliyində aparıcı qüvvə kimi qalır. İnnovasiyaların tətbiqi gömrük idarələri qarşısında duran bir çağırışdır. Bu, əməkdaşlıq şəraitində iş mühiti, yaradıcılıq səyləri və biliklərə əsaslanan idarəetmə tələb edir. Sadəcə yenilik etmək deyil, səmərəli və keyfiyyətli yenilik etmək lazımdır".

Azərbaycanda gömrük sahəsində əldə edilən nailiyyətlərdən danışan komitə sədri bildirib ki, ötən illər ərzində gömrük xidməti bir çox çətinliklərdən keçərək uğurlar əldə edib: "Başlıca məqsədimiz, ölkənin iqtisadi inkişafına və vətəndaşların sosial rifahına xidmət edən səmərəli və müasir gömrük xidməti kimi fəaliyyət göstərməkdir. Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının prinsiplərinə əsaslanan yeni Gömrük Əsasnaməsinin qəbul edilməsi, Vahid Avtomatlaşdırılmış İdarə Etmə Sisteminin və Gömrük Akademiyasının yaradılması kimi tədbirlər gömrük prosedurlarının beynəlxalq təcrübələrə uyğunlaşdırılması ilə bağlı öhdəliklərin nəticəsidir".

Onun sözlərinə görə, gömrük idarələri qarşısında duran çətinlikləri nəzərə alaraq, qlobal tədqiqatlar cəmiyyətində informasiya və qabaqcıl təcrübələrin vaxtında mübadiləsinin hazırda necə mühüm olduğu şübhəsizdir: "Çünki, effektiv həllərə yol tapan tədqiqat nəticələri barədə qərar qəbul edən şəxslərin məlumatlandırılmasında mühüm rol oynayır. Bu kontekstdə PİCARD akademik tədqiqatlar və debatlar vasitəsilə strategiyaları və siyasətləri formalaşdırmaq məqsədilə gömrük sahəsində mühüm qərarlar verən şəxslərə kömək etməyə çalışır".


Sizin Reklam Yeriniz