Əlaqə Arxiv
news Image
2015.09.09
09:02
| A A A
Kreditlər üzrə faizlər aşağı düşür?!
Rəşad Həsənov: “Cəlb olunan vəsaitlərin faiz dərəcəsi azalacaqsa, bu, nəticə etibarı ilə kredit faizlərində də özünü büruzə verəcək”. Samir Əliyev: “Dollar əmanətləri kəskin aşağı düşdüyündən bu banklara imkan verir ki, dollarla olan krediti aşağı faizlərlə versin”

Cari ilin iyul ayında Azərbaycan bank sektorunda yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi iyuna nisbətən azalaraq manatla illik 8,41%, xarici valyutada isə 8,36% təşkil edib. Məlumata əsasən, iyunda bu göstəricilər müvafiq olaraq 8,86% və 8,47% olub. Depozit faizlərinin azalması fonunda görəsən, kredit faizlərinin də azalacağını gözləmək olarmı?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, kredit faizlərinin formalaşması cəlb olunan vəsaitlərin faiz dərəcəsindən asılıdır: "Bura da depozitlər, əmanətlər daxildir. Bu vəsaitlər daha aşağı faizlə cəlb olunduqda, təbii ki, kreditlərin faiz dərəcəsinə də onun təsiri olur. Düşünürəm ki, nə zamansa Azərbaycanda əmanətlərin və ona paralel olaraq bankların digər maliyyə mənbələri, o cümlədən beynəlxalq maliyyə qurumlarından cəlb etdiyi vəsaitlərin faiz dərəcəsi aşağı enərsə, bu da nəticədə ümumi kredit faizlərinin azalmasına gətirib çıxaran amillərdən birinə çevrilər. Lakin bununla paralel olaraq, Mərkəzi Bank son dövrlər faktiki olaraq, insanların aldadılmasına yol açan halların aradan qaldırılması üçün həmin istiqamətdə daha effektiv addımlar atmağa cəhd etdi. Xüsusən də komisiyon xərclərin 1 faizə endirilməsi, digər tərəfdən biznes kreditlərinə 25, o cümlədən istehlak kreditlərinə 29 faizlik limitin tətbiq edilməsi əslində, bu kimi halların aradan qaldırılmasına hesablanmış addımlardan hesab olunur.

Kredit faizlərinin formalaşmasında 3 əsas predmet öz əksini tapır. Bunlar cəlb olunan vəsaitlərin faiz dərəcəsi, illik inflyasiya və bankların nəzərdə tutduğu mənfəətdir. Hər üçü cəmlənərək kredit faizini formalaşdırır. Lakin praktika onu göstərir ki, Azərbaycanda banklar daha çox gəlir əldə etmək məqsədilə yüksək faizlər tətbiq edir. Ümumi olaraq onu deyim ki, cəlb olunan vəsaitlərin faiz dərəcəsi azalacaqsa, bu, nəticə etibarı ilə kredit faizlərində də özünü büruzə verəcək".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bu qənaətdədir ki, depozit faizlərinin aşağı düşməsilə kredit faizlərində də anoloji hadisənin baş verəcəyini gözləmir: "Azərbaycanda 2014-cü ildən başlayaraq dollar və manat üzrə əmanətlərin faizlərinin aşağı salınması baş verdi. Lakin bu gün kifayət qədər yüksək, 15-16 faizlə əmanət təklif edən bankları görə bilirik. Ümumiyyətlə, devalvasiyadan qabaq, əmanət faizləri bir rəqəmli olanda da dəyişiklik olmamışdı. Baxmayaraq, kreditlərin formalaşmasında əmanətlər böyük çəkiyə malikdir, portfelin yarısı məhz əmanətlər hesabına formalaşır, bu baxımdan belə nəticəyə gəlmək olar ki, əmanətlərin faizinin aşağı salınması özünü kreditlərin faiz dərəcəsində də göstərəcək. Amma ölkəmizdə bu baş vermədi. Olsa da, bu, cüzi şəkildə oldu. İndi isə yeni situasiya yaranıb. Dollar əmanətləri kəskin aşağı düşdüyündən bu banklara imkan verir ki, dollarla olan krediti aşağı faizlərlə versin. Manatla olan kreditlər isə bahalaşıb. Başqa bir amil manat qıtlığı ilə bağlıdır. Bu gün manat qıtlığı hökm sürür. Ona görə də banklar dollarla kredit verməyə üstünlük verir. Son iki həftədə yeni bir tendensiya meydana çıxıb. Bəzi banklar dollarla olan kreditləri manata çevirməyə başlayıb. Bu baxımdan depozit faizlərinin azalmasının anoloji olaraq öz təsirini kredit faizlərinə də göstərəcəyini gözləmirəm. Çünki, kredit faizlərinə başqa, o cümlədən bankdan kənar amillər də prosesə öz təsirini göstərir".

Sizin Reklam Yeriniz