Əlaqə Arxiv
news Image
2015.09.10
08:00
| A A A
2 və 3 ulduzlu otel tikən sahibkarlara güzəşt olunacaq?!
Elxan Vəliyev: “2 və 3 ulduzlu otel tikməklə məşğul olan sahibkarlardan 1 il ərzində vergi alınmamalıdır” Natiq Cəfərli: “2və 3 ulduzlu otel tikən sahibkara güzəştlərin edilməsi Azərbayacnın turizm potensialını xeyli dərəcədə yüksəldə bilər”

Azərbaycanda son illər turizm sektoru da xeyli dərəcədə inkişaf edib. Bunun nəticəsidir ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayında artımlar olur. Amma çatışmazlıqlar da var.

Ölkəmizdə son beş ildə çoxsaylı 4 və 5 ulduzlu otellər tikilib istifadəyə verilib. Amma hələ də çoxlu sayda 2 və 3 ulduzlu otellərin tikilməsi məsələsi öz həllini tapmayıb. Sahibkarlar az ulduzlu otellər tikməkdə elə də maraqlı görünmür. Halbuki, belə otellərin olması xaricdən daha çox sayda insanların da ölkəmizə səyahət etməsini stimullaşdıra bilər. Belədə gələn turistlərin sayı daha da artar. Hesab edilir ki, sahibkarları belə otellər tikməyə həvəsləndirmək üçün onlara münasibətdə güzəştlər edilməsi vacibdir. Bu istiqamətdə müxtəlif təkliflər səslənib ki, onlardan biri də 2-3 ulduzlu otel tikən sahibkarlara ən azı bir il ərzində güzəştlərin edilməsindən ibarətdir. Hesab edilir ki, sahibkarlara torpaq sahəsinin alınması, tikinti işlərinin həyata keçirilməsində güzəştlər olunmalıdır.

Turizm üzrə ekspert Elxan Vəliyev bildirdi ki, turizmin inkişafına töhfə verəcək hər bir addıma münasibətdə güzəştlərin edilməsi vacibdir: "Demək olar ki, bütün ölkələrdə turizmdən gələn gəlir dövlət büdcəsinin formalaşması prosesində əsas vacib şərtlərdən biridir. Bu mənada ölkəmizdə də təkcə 4, 5 ulduzlular deyil, həm də 2, 3 ulduzlu otellər də olmalıdır. 2 və 3 ulduzlu otellərin tikilməsi çoxdandır, arzuolunan addımlardandır. Aktuallıq ondadır ki, gələn xarici vətəndaşların heç də hamısı bura gəzmək məqsədilə gəlmir. Əksəriyyəti işgüzar və biznes səfərlərinə gəlir. Onlar bütün günlərini adətən hansısa tədbirlərdə keçirir, axşam isə onlara rahatlanmaq üçün yerlər lazımdır. O baxımdan da 2 və 3 ulduzlu otellərin tikilməsi də vacibdir. Əslində, belə otellərin tikilməsi məsələsi çoxdan planlaşdırılıb. Bu istiqamətdə müəyyən işlər aparılır. Belə otel tikməkdə maraqlı olan sahibkarlarla müvafiq qurumlar arasında ciddi informasiya çatışmamazlığı da var. Yəni, ilk öncə informasiya çatışmamazlığı aradan qaldırılmalıdır. Belə otellərdən müəyyən müddət vergi alınmaması məsələsi də öz müsbət həllini tapa bilər və bu yolla turizmin daha da inkişafına nail olmaq mümkündür. Həmin otellərin tikintisi üçün torpaq sahəsinina alınması zamanı da sahibkarlara nəzarət altında güzəştlər edilməlidir. Belə otel tikənlərə münasibətdə vergi rüsumları da azaldılmalıdır. Bu sahə üzrə çalışanlardan 6 ay, 1 il ərzində vergi alınmamalıdır.

Amma ən böyük məsələ hər hansı bir sahənin təkcə qurulması ilə bitmir. Ona uyğun konyuktur vəziyyəti də yaradılmalıdır. Ən əsası isə peşəkar kadrlar məsələsi həllini tapmalıdır. Xarici təcrübələrdən də yararlanmaq üçün ciddi kəşfiyyat işləri aparılmalıdır. Bu məsələlərin həlli vacibdir. Onların həyata keçməsi təqdirində, sahibkar da 2 və 3 ulduzlu otel tikməkdə maraqlı olacaq. Bu da sonda turizmin geniş vüsət almasına gətirib çıxara biləcək".

İqtisadçı-ekspert Natiq Cəfərlinin də fikrincə, sahibkarlara edilən güzəştlər ölkəmizin turizm potensialının xeyli dərəcədə güclənməsinə gətirib çıxaracaq: "Az ulduzlu otellərə ölkəmizdə böyük ehtiyac olduğunu nəzərə alaraq, onun inkişafına nail olmaq üçün müxtəlif formullardan istifadə etmək olar. 2 və 3 ulduzlu otellərin tikintisi hər bir ölkənin turizm potensialını xeyli dərəcədə artırır. Çünki, XXI əsrin turizm profili bahalı otellərdə çox pul xərcləmək deyil, az vəsaitlə daha çox ölkə gəzərək, daha çox yerləri görməyi özündə ehtiva edir. Ona görə də 2-3 ulduzlu otellərin olması aktual məsələdir. Bu istiqamətdə sahibkarlara dəstək üçün də müxtəlif yanaşmalar var. İlk olaraq həmin otelləri tikmək istəyən sahibkarlara vergi güzəştləri tətbiq olunmalıdır. Onlara 2 və yaxud 5 il müddətinə müxtəlif vergi güzəştləri tətbiq edilə bilər. Həmçinin, uzunmüddətli və aşağı faizlə kreditlərin verilməsinə şərait yaradılmalıdır. Otel tikintisi tez bir zamanda gəlir gətirən sahə olduğundan Sahibkarlara Yardım Fondu aşağı faizlə bu iş üçün uzun müddətli kreditlər verə bilər. Həmçinin, təşviq proqramında, dünyaya tanıtımda sahibkarlara yardım edilməlidir. Kiçik və orta sahibkarlığın müəyyən şəbəkəsini qurmaqla otelləri dünyada tanıtmaq üçün hökumət informasiya və amliyyə dəstəyi verə bilər. Bu 3 istiqamət üzrə işlər aparılsa, qısa zamanda ölkəmizdə 2-3 ulduzlu çoxsaylı otellərin yaradılması və onların işlədilməsində xeyli irəliləyişə nail olmaq olar. Burada bir vacib məsələ odur ki, sonradan bu sahədə çalışan sahibkara müdaxilələr də minimum səviyyədə olmalı, yersiz müdaxilələrə son qoyulmalıdır. Məsələnin həlli Azərbayacnın turizm potensialını xeyli dərəcədə yüksəldə bilər".



Sizin Reklam Yeriniz