Əlaqə Arxiv
news Image
2015.09.10
10:04
| A A A
Prezident iqtisadi hədəflərin yeni istiqamətlərini müəyyən etdi
Zahid Oruc: “Dünyanı böhran bürüdüyü halda, Azərbaycanın dinamik inkişafı ölkə hakimiyyətinin həyata keçirdiyi düşünülmüş proqramlı siyasətə dayanır”

Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş son müşavirədə dövlət başçısı bir sıra maraqlı məqamlara aydınlıq gətirdi. Prezident qeyd etdi ki, Avropa və Asiyada hələ də böhran şəraiti davam edir. Lakin dünyada baş verən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı, xüsusən də qeyri-neft sektoru dinamik inkişaf edir: "Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Biz görürük ki, Avropada yaşanan bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır. Qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir".

Millət vəkili Zahid Orucun fikrincə, dünyanı böhran bürüdüyü halda, Azərbaycanda iqtisadiyyatın uğurla inkişaf etməsinin kökündə düşünülmüş proqramlı siyasətin həyata keçirilməsi dayanır: "Cənab Prezident çıxışında bildirmişdi ki, neft gəlirləri azalıb. Çünki, qlobal bazarda baş verən dəyişikliklər onun tərkib hissəsi olan hər bir ölkəyə bu və ya digər təsirini göstərir. Bu sözlər o anlama gəlir ki, heç bir halda Azərbaycan neft gəlirləri və bu sektorda xüsusi bir artımın olduğunu iddia etmir. Bununla bərabər Prezidentin vurğuladığı o məsələlər də həqiqət idi ki, ölkəmizdə bu dövrdə nə investisiya, nə də sosial proqramlar ixtisar olunmadı. Həmçinin, bu istiqamət gələcək dövrdə də davam etdiriləcək. Sosial proqramlar çərçivəsində istər şəhid ailələri, istərsə də əlillərə yönəlik mənzillərin tikintisi proqramı davam etdirilir. Həmçinin, məcburi köçkünlər üçün tikilən qəsəbələr məsələsi də yerində qalır. Təmsil etdiyim Bərdə bölgəsində bu il 14 bina tikilib təhvil verildi. Burada 384 ailə məskunlaşacaq. Həmçinin yeni 14 mərtəbəli binaların tikintisinə də start verilib.

Prezident bundan əvvəlki bəyanatında söyləmişdi ki, ölkə daha çevik proqramlar üzərində işləməlidir. Bu, o deməkdir ki, gələcək dövrdə postneft erası üçün hazırlıqları bütün digər sahələrdə davam etdirməliyik. Aqrar sahədə sənayeləşmə prosesi dərinləşməlidir, çünki bu sahə neftə yaxşı alternativ kimi çıxış edə bilər. Kommunikasiya sahəsinin daha da inkişaf etdirilməsi də önəmlidir. O cümlədən bundan əvvəl tikintisi aparılan bir sıra layihələrin ərsəyə gəlməsi gözlənilir. Bakı-Tiflis-Qars dəmir layihəsi də bu istiqamətdə atılan mühüm addımlardandır. Bütün bunların hamısı Azərbaycanda neftdən asıllığı aradan qaldırmağa hesablanıb. Neftdən əldə olunan gəlirlər mütləq başqa sferalara yönəlməlidir. Prezident də bildirmişdi ki, neft amilini unutmalıyıq. İki gün öncə dövlət başçısı tam fərqli formatda müşavirə çağırmaqla gələcək fəaliyyətin, islahatların, həm əsas iqtisadi hədəflərin yeni istiqamətlərini verdi. Əminəm ki, hökumət bu çevik modeldə çalışmağa daha çox keçəcək. Dünyanı böhran bürüdüyü halda, Azərbaycanın dinamik inkişafı ölkə hakimiyyətinin həyata keçirdiyi düşünülmüş bir proqramlı siyasətə dayanır. Azərbaycan istənilən məsələyə dair baxışlarını, mövqeyini konkret sənədlərə əsaslanaraq həyata keçirir. O biri tərəfdən, həmişə ölkə rəhbəri birinci olaraq nöqsanların olduğu sahələrin üzərinə gedib və onların aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Başqa bir tərəfdən, neftlə bağlı lənətlənmiş resurs ifadəsi ona görə kəşf olunub ki, bu fonda xalq tənbəlləşir, qeyri-neft sektoru müəyyən mənada ləngiyir. Ancaq bunun baş verməməsi üçün Azərbaycan ötən dövr ərzində iqtisadiyyatın müəyyən mənada şaxələnməsinə nail olub. Kənd təsərrüfatı sahəsində çalışanlar artıq öz büdcələrini təmin edə bilir. Bütün bu inkişaf tendensiyası beynəlxalq prosesləri dərindən təhlil etməyə dayanır".

Sizin Reklam Yeriniz