Əlaqə Arxiv
news Image
2015.09.11
11:00
| A A A
Neft üzərində «qara oyunlar»
Fikrət Yusifov: “Neftin qiymətləri ətrafında son bir ildə baş verənlər dünya iqtisadi məkanında ciddi təlalatümlərin yaranmasına gətirib çıxara bildi”

Neftin qiymətində qeyri-sabitlik davam edir. Demək olar ki, qiymətlərdə hər gün fərq yaranır. Ekspertlər qiymətin iqtisadi əsaslar dəyişikliyində anidən kəskin fərqin yaranmasını istisna edirlər. Vəziyyət göstərir ki, "qara qızıl"ın qiymətinin qısa zaman ərzində bu qədər dəyişməsi siyasi sifarişdən irəli gəlir.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov da ilk olaraq onu xatırlatdı ki, Prezident 9 sentyabr 2015-ci il tarixdə keçirilən müşavirədə dünya bazarlarında neftin qiymətləri ətrafında son bir ildən artıq baş verən proseslərin siyasi sifariş olduğunu istisna etmədi: "Bəli, neftin qiymətləri ilə baş verən proseslərin məhz siyasi motivlərə söykəndiyini biz də bu ilin əvvəlindən mətbuata verdiyimiz açıqlamalarımızda dəfələrlə bildirmişik. Bu məsələdə bir böyük həqiqət var. Bunun siyasi oyun olduğunu bu oyunu təşkil edənlər heç vaxt etiraf etməyəcəklər və öz təbliğat maşınları vasitəsilə neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsinin yalnız iqtisadi proseslərlə əlaqədar olduğunu sübut etməyə cəhd edəcəklər.

Gəlin, çox da uzaq olmayan - obrazla desək, dünənki tarixə bir nəzər salaq. Krımın ilhaqı – fevral-mart 2014-cü il; Ukraynanın şərqində hərbi əməliyyatların başlanğıcı – aprel 2014 – cü il; neftin dünya bazarlarında qiymətlərinin bir barrel üçün 110 dollardan aşağı düşməsinin başlanğıcı – 2014 – cü ilin iyul ayının əvvəli. Nə deyir, bu tarixlər bizə? Bir neçə ay ərzində Rusiyaya Krımın ilhaqı və Ukraynanın şərqində gedən hərbi əməliyyatlarla bağlı irəli sürdüyü tələblər və xəbərdarlıqlar bir nəticə vermədiyindən ABŞ başda olmaqla Qərb iqtisadi sanksiyaları işə salmaq qərarı verdi. Bu iqtisadi sanksiyaların içərisində neftin qiymətlərinin aşağı salınması ilə bağlı "sanksiya" rəsmi elan edimədən tətbiq olunmağa başladı və bu bütün sanksiyaların cəminin verə biləcəyindən dəfələrlə artıq "effekt" verdi. Nəticələr göz qabağındadır. Bu müddət ərzində rublun dollara nisbətən məzənnəsi dünya bazarlarında neftin qiymətləri qədər - yəni iki dəfə aşağı düşdü.

Qərb hələ istədiyinə tam nail ola bilməyib. Bu səbəbdən də neftin qiymətləri ətrafında baş verən oyunlar hələ uzun müddət davam edə bilər. Bu günlərdə mətbuat səhifələrində bununla bağlı səsləndirdiyim bir fikri təkrar etmək yerinə düşərdi. "İllərdir, Qərbin İrana münasibəti göz qabağındadır. Ancaq Qərb qəfildən İranla "dil tapa bildi". Burada bütün oyunlar Rusiya ətrafındadır. Qərbin məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. İrana "sevgi" də bu istəkdən qaynaqlanır. Bu gün ABŞ-dan başqa neftin qiymətlərinin yaxın gələcəkdə necə dəyişəcəyini və bu prosesin nə qədər davam edəcəyini heç kəs söyləyə bilməz. Bu oyunu onlar oynayırlar və nə vaxt harada dayanacaqlarını da özləri bilirlər". Bax elə bu səbəbdəndir ki, Prezident üç gün öncə keçirilən müşavirədə neftin qiymətlərinin dünya bazarlarında belə kəskin aşağı düşməsinə münasibət bildirərkən "Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir" fikirlərini səsləndirdi. Neftin qiymətləri ətrafında son bir ildə baş verənlər dünya iqtisadi məkanında ciddi təlalatümlərin yaranmasına gətirib çıxara bildi. Belə ki, əgər bu gün iqtisadi cəhətdən inkişaf etmiş və iqtisadiyyatı neftlə bilavasitə bağlı olmayan ölkələrdə belə milli valyutaların devalvasiyası prosesləri baş verirsə, bu, artıq dediklərimizin nə qədər əsaslı olduğunu sübut edir.

Dünya iqtisadi məkanında baş verənlərin Azərbaycana təsirinə gəlincə, bu proseslərin bizdən yan keçəcəyini demək düzgün olmazdı. Sadəcə, Azərbaycan hökumətinin son 10 ildən artıq bir vaxt ərzində apardığı düşünülmüş iqtisadi siyasət nəticəsində əldə olunmuş nəticələr bu proseslərin az ağrılı keçməsinin təminatçısıdır. Bu gün neftin qiymətlərinin iki dəfədən də çox aşağı düşməsinə baxmayaraq, ölkədə bütün sosial proqramlar heç nə olmamış kimi icra edilir. Beynəlxalq təşkilatlar Azərbaycanda gedən iqtisadi islahatları və bunun nəticəsi olaraq formalaşan iqtisadi durumu lazımınca dəyərləndirirlər. Prezidentin dediyi kimi, bizim bütün uğurlarımızı yalnız neftdən qaynaqlandığını deyən bədxahlar indi heç olmasa, gözlərini açıb görsünlər ki, neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsinə və onun ölkə daxilində hasilatının azalmasına baxmayaraq, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Beynəlxalq təşkilatların Azərbaycanın neftsiz iqtisadi inkişafına verdikləri bu qiymətlərdən sonra xaricdəki bədxahların və onların Azərbaycandakı əlaltılarının nə düşündüyü və ya danışdığı heç bir əhəmiyyət kəsb etmir. Ən böyük tərəzi xalqın gözüdür. Xalq isə hər şeyi gördüyü kimi dəyərləndirə bilir. Bu çox mühüm bir məsələdir. Bu gün dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda bir çox ölkələrdə yaranmış dözülməz vəziyyət, qanlı toqquşmalar və bunun nəticəsi olaraq milyonlarla insanın qaçqın kimi özünə sığınacaq axtarması və belə bir vəziyyətə düşdüklərindən olumla ölüm arasında seçim etməyə düçar olmuş bu adamların taleyi qoy, hər kəsi düşündürsün. Bu gün Azərbaycandakı iqtisadi, siyasi sabitliyin, əmin-amanlığın nə demək olduğunu hər kəs dərk etməlidir. Dəfələrlə demişik, bir daha təkrar edirik. Hər bir Azərbaycan vətəndaşı bir məsələni tam aydınılğı ilə bilməlidir. ABŞ başda olmaqla Qərbin Azərbaycandan istədiyi bircə məsələ onu öz təsirində görməkdir. Hər kəs bilməlidir ki, bu qəbildən olan istəklərini reallaşdırmaq xatirinə onlar son illər ərzində Yaxın Şərqin bir neçə olkəsini bütün dünyanın gözü qarşısında utanıb çəkinmədən qan çanağına döndərdilər. İndi bu ölkələrdə hər gün yüzlərlə insan müxtəlif toqquşmaların, terrorun qurbanına çevrilirlər. Qərb öz istəyini reallaşdırmaq naminə Azərbaycanı da məmuniyyətlə İraqın, Misirin, Əfqanstanın gününə salmağa hazırdır. Onların bu gün Azərbaycana insan haqları, söz azadlığı kimi "tələbləri" də bu məqsədlərə xidmət edir. İnsan haqlarının vəziyyətinin bu ölkələrdə nə qədər bərbad olduğunu hər gün baş verən yüzlərlə faktlarla ortaya qoymaq olar. Azərbaycanda söz azadlığının olmadığını deyənlər isə bircə dəfə "Azadlıq" qəzetini açıb oxusunlar, onda görərlər ki, belə söz azadlığını onlar yüz il yatıb yuxularında belə görə bilməzlər".



Sizin Reklam Yeriniz