Əlaqə Arxiv
news Image
2015.09.14
14:25
| A A A
SOCAR prezidenti: "DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıyıq"

"Yunanıstanda seçiləcək yeni hökumətlə bu istiqamətdə müzakirələrimizi davam etdirəcəyik"


SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır.


Movqe.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.


"Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik", - deyə SOCAR prezidenti qeyd edib.


R. Abdullayev qeyd edib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək: "Bildiyimiz kimi, Yunanıstanda seçki gözlənilir. Orada seçiləcək yeni hökumətlə DESFA ilə bağlı danışıqlarımızı davam etdirəcəyik. Sentyabr ayına qədər biz bu danışıqları dondurmuşuq".


Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.


Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.


Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.


Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.


Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.


2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.



Sizin Reklam Yeriniz