Əlaqə Arxiv
news Image
2015.09.17
18:34
| A A A
Azərbaycan Britaniyaya aqrar sahə üzrə saziş imzalamağı təklif edir
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefan Makkoni ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyalar çərçivəsində aqrar sahədə əməkdaşlıq imkanlarının müzakirəsi olub.


Nazir müavini Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, son iki ildə bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul olunduğunu qonağın diqqətinə çatdırıb. S.Talıbov ölkəmizdə əhalinin 37,8 faizinin kənd təsərrüfatı sahəsində çalışdığını, respublikamızın aqrar sahədə geniş potensialının olduğunu, kənd təsərrüfatı istehsalçılarına güclü dövlət dəstəyinin olduğunu vurğulayıb, belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70 faizinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdırıb.


O, cari ildə dövlət dəstəyi nəticəsində Azərbaycanda taxılçılıq sahəsində son 100 ildə rekord məhsuldarlığa nail olunduğunu diqqətə çatdırıb.


Görüşdə nazir müavini aşağıdakı təklifləri irəli sürüb.


• Hər iki ölkənin kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə kənd təsərrüfatı, baytarlıq və bitki mühafizəsi sahəsində sazişlərin hazırlanması imkanlarının araşdırılması;

• Böyük Britaniyanın damazlıq heyvandarlıq təsərrüfatlarında tətbiq olunan qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsinin təşkili;

• Heyvandarlıq məhsullarının emalı sahəsində Böyük Britaniya iş adamlarının respublikamızda birgə emal müəssisələrinin yaradılması imkanlarının araşdırılması;

• Yüksək məhsuldar damazlıq heyvanlar, südlük, ətlik qaramal və quşçuluq üzrə saxlama və yemləmə texnologiyaları üzrə təcrübə mübadiləsi;

• Elmi araşdırmaların nəticələri barədə informasiya mübadiləsi və elmi nəticələrin təsərrüfatlarda tətbiq edilməsi sahəsində əməkdaşlıq edilməsi;

• Bitki mühafizəsi və karantini sahəsində hər iki dövlətin qüvvədə olan müvafiq fitosanitar və re-eksport fitosanitar sertifikatlarının nümunələrinin, informasiya-təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın davam etdirilməsi;

• Birgə tvinninq layihələrinin həyata keçirilməsi;

• Kənd təsərrüfatı sahəsində kadr hazırlığı;

• Hər iki ölkədə təşkil olunan sərgi, konfrans və simpoziumlarda mütəxəssislərin iştirakının təmin olunması.


S.Talıbov hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında aqrar sahədə Andlaşma Memorandumunun imzalanmasını məqsədəuyğun hesab edib. Bildirib ki, hazırda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi sistemində 8 elmi tədqiqat institutu fəaliyyət göstərir. Həmin institutların laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunmasına ehtiyac duyulur və bu sahədə də Böyük Britaniyanın dəstəyinə ümidvar olduğunu söyləyib.


Nazir müavini Azərbaycan Dövlət Aqrar Universiteti ilə Böyük Britaniyanın aqrar universitetləri arasında birbaşa əlaqələrin yaradılmasını da məqsədəuyğun hesab edib. Azərbaycanın regionlarında aqrar sahədə İnformasiya Məsləhət mərkəzlərinin yaradılmasında Britaniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.


S.Makkoni verilən səmərəli təklifləri təqdirəlayiq hesab edib.

Sizin Reklam Yeriniz