Əlaqə Arxiv
news Image
2015.09.22
10:00
| A A A
Qızılın yenə «qızıl dövrü» başlanır
Vüqar Bayramov: “Son həftələrdə hər qram qızılda təxminən 2 manata yaxın artım qeydə alınıb” Samir Əliyev: “Dünya bazarında baş verən proseslər Azərbaycan bazarına da təsir etməlidir”

Son günlər dünya bazarında qızılın qiymətində bahalaşma müşahidə edilir. Məlumatlara əsasən, qızılın bir unsiyasının qiyməti 1,91 faiz bahalaşaraq 1 138,3 dollar təşkil edib. Eyni zamanda, bahalaşma prosesinin davamlı olacağı gözlənilir. Azərbaycan qızıl-zinət əşyaları bazarı isə hazır məmulat baxımından hələ də əsasən xaricdən asılıdır. Maraqlıdır, belə olan halda, qızılın bahalaşması və bu prosesin davamlı olması ehtimalı Azərbaycanda qızıl bazarına nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, dünya bazarında qızılın bahalaşması Azərbaycan bazarında da anoloji vəziyyətin yaranmasına rəvac verir. Amma ekspertin qənaətincə, qarşıdan gələn Məhərrəmlik ayı ilə bağlı olaraq, bu qiymətlər sabitləşə də bilər: "Qızılın qiymətinin bahalaşması təbii ki, dünya qızıl bazarında qiymətlərin yüksəlməsilə bağlıdır. Son günlər qızılın dünya bazarındakı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Təbii ki, hələlik ciddi artımlar yoxdur. Bununla belə qiymət artımı davam etməkdədir. Belə vəziyyət isə yerli istehlak bazarına qiymətlərin artması fonunda təsir edir. Bu baxımdan da bazarda təklif edilən qızılın qiymətində artımların qeydə alınması baş verir. Avqust və sentyabr aylarının Azərbaycanda toy şənliklərinin keçirildiyi xüsusi ayların olduğunu da nəzərə alsaq, bu amil istər-istəməz tələbin yüksəlməsinə gətirib çıxarır. Toy və şənliklərin keçirilməsi qızıl bazarında müəyyən canlanmanın formalaşmasına gətirib çıxarır ki, bu da tələbi artırır. Tələbin artması da öz növbəsində qızılın qiymət baxımından yüksəlməsinə təsir göstərir. Xüsusən də indiki halda əmlak bazarında qiymət azalmaları, qlobal çətinliklər, neftin dünya bazarında qiymətinin aşağı düşməsi kimi faktorları nəzərə alaraq, vətəndaşların bir qismi vəsaitlərini qızılda saxlamağa üstünlük verir. Bu da yerli qızıl bazarında tələbin yüksəlməsi və qiymətlərin artmasına gətirib çıxarır. O baxımdan qiymət artımları var və qiymətləndirməmizə görə, son həftələrdə hər qram qızılda təxminən 2 manata yaxın artım qeydə alınıb. Sözsüz ki, dünya bazarında qiymət artımı prosesi davamlı olacaqsa, bu, yerli istehlak bazarında da artımların davam etməsinə gətirib çıxaracaq. Bütün hallarda proqnozumuz ondan ibarətdir ki, sentyabrın geridə qalan günlərində də qiymət artımları müşahidə ediləcək. Daha sonra, qarşıdan gələn Məhərrəmlik ayı dövründə toy və şənliklərə fasilə verilməsilə bağlı olaraq, gözlənilir ki, qızılın qiymətində sabitləşmə qeydə alınsın. İlin sonunda hər qram qızılın qiymətinin təxminən 35-40 dollar intervalında dəyişəcəyi proqnozlaşdırılır. Amma hələlik bu istiqamətdə ciddia artımlar mövcud deyil. Bu da birbaşa Azərbaycanın daxili bazarında qiymətin müəyyənləşməsi üçün əsas faktor olacaq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə baş verən prosesin Azərbaycan qızıl bazarına da təsir edəcəyini düşünmür: "Dünya bazarında qızılın müəyyən qədər bahalaşması aydındır ki, ABŞ Federal Rezerv Bankının (FED) qərarı ilə bağlıdır. Uçot dərəcəsi qalxmadığından, dollar bahalaşmadı, təbii olaraq qızıl isə bahalaşır. Amma hər halda tam olaraq qızıla "stavka" etmək də düzgün deyil. Çünki, hazırda bazarda gərgin proseslər baş verir. Azərbaycan bazarına qızılın qiymət artımının təsirinə gəldikdə, qeyd edim ki, ölkəmiz istehlak məqsədilə qızıla olan tələbatı idxal hesabına ödəyir. Bu, o deməkdir ki, dünya bazarında baş verən proseslər anoloji olaraq Azərbaycan bazarına da təsir etməlidir. Bu ilin əvvəlində qızılın qiyməti təxminən 1200 dollar olmuşdu. Sonradan bir qədər ucuzlaşma getdi. İndi isə yenidən bahalaşmaya doğru istiqamət götürüb. Belə götürəndə görürük ki, il ərzində kəskin ucuzlaşma və ya bahalaşma baş verməyib. Düzdür, ölkəmizdə qızılın qiymətinin bahalaşması istiqamətində bir sıra addımlar da atıldı. Söhbət aksiz vergilərindən gedir. Qızıl aksiz vergisinə cəlb edildi ki, bu da ona təsir edən amillərdəndir. Bunun ardınca devalvasiya baş verdi, bu da öz növbəsində xaricdən gətirilən qızılın bahalaşması deməkdir. Bu baxımdan ilin əvvəlindən qızıl bahalaşdı, amma tələbatın olmaması onun ucuzlaşmasına gətirib çıxardı. Hazırda tələbat azdır, bu da insanların alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Təklif tələbdən, satan alandan çox olduğundan düşünmürəm ki, dünya bazarında qızılın qiymətinin qalxması anoloji olaraq Azərbaycan bazarına da təsir etsin. Bir qayda olaraq, dünya bazarında qızılın qiyməti düşəndə, bunun Azərbaycan bazarına dəxli olmur. Amma bahalaşma prosesi öz təsirini göstərir. Bu gün isə tələbat olmadığından qızılın hazırda qiymət baxımından bahalaşmasının Azərbaycan bazarına da təsir edəcəyini düşünmürəm. Hələlik qızılın qiymətinə tələbat təsir edəcək, ondan sonra isə dünya bazarındakı vəziyyətlə bağlı olaraq qiymət dəyişə bilər".



Sizin Reklam Yeriniz