Əlaqə Arxiv
news Image
2015.09.23
10:02
| A A A
Bank kreditlərinə maraq kəskin azalır
Ruslan Atakişiyev: “Əhali arasında kreditlərin götürülməsinə tərəddüdün yaranmasının bir sıra səbəbləri var” Cavid Əzimov: “Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur”

Azərbaycanda banklardan ilk dəfə kredit götürənlərin sayı son bir neçə ildə ən aşağı həddə düşüb. Belə ki, iyul ayında yeni kredit almaq üçün banklara müraciət edənlərin sayı cəmi 15 191 nəfər təşkil edib. Hansı ki, buna qədər həmin göstərici ayda 20 mindən az olmayıb. 2014-cü ilin avqust-sentyabr aylarında isə həttta 30-37 minə qalxmışdı. Mütəxəssislərin fikrincə, kredit götürənlərin sayının kəskin azalması həm bankların şərtləri sərtləşdirməsi, həm də əhalinin artıq lüzumsuz kreditləri götürmək istəməməsi ilə bağlıdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev məsələ iləbağlı xatırlatdı ki, əvvəlki illərə nisbətən Azərbaycanda kredit qoyuluşların səviyyəsi artıb: "Bu ilin 1 iyul tarixinə görə, iqtisadiyyata dövlət və özəl banklar tərəfindən 20 milyard manatdan çox kredit qoyulub. Ancaq əhali arasında kreditlərin götürülməsinə tərəddüdün yaranmasının bir sıra səbəbləri var. Ümumiyyətlə, devalvasiyadan sonra əhalinin bank sektoruna inamı zəifləyib. Xüsusən də son zamanlar bir neçə bankın bağlanması və bəzi banklarda müəyyən islahatların həyata keçirilməsi, proseslərin KİV-də geniş içıqlandırılması əhali arasında banka olan inamı azaldıb. Ona görə də əhalinin kreditə də meyli azalıb. Digər bir səbəb odur ki, insanlar ehtiyatlı davranış ortaya qoyurlar. Ehtiyatlı davranış səbəbindən insanlar banklara üz tutmurlar. Başqa amil isə iş yerindən arayış olmadan kreditlərin verilməməsidir. Bütün bunlar kreditə müraciət edənlərin sayının azalmasına gətirib çıxarıb".

Digər iqtisadçı ekspert Cavid Əzimov bildirdi ki, bank sektorunda müşahidə olunan kreditləşmədə azalmanın müəyyən səbəbləri var: "Kreditləşmənin azalması kredit şərtlərinin sərtləşdirilməsi ilə əlaqədardır. Yığım sahiblərinin ehtiyatlı davranışı, dünya bazarlarındakı böhran xəbərləri, neftin qiymətinin kəskin azalması və s. əhalini əlavə xərclərdən getdikcə uzaqlaşdırır. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. İnkişaf etməkdə olan ölkələrdə monetar daralma qərarlarının alınması, inkişaf etmiş ölkələrin monetar genişləməyə qarşı fikirlər səsləndirmələri yaxın illərdə likvidlik probleminin daha da qabarıq formada hiss ediləcəyini proqnozlaşdırmağa əsas verir.

Xammal qiymətlərinin azalması likvidliyin aşağı düşməsində əsas rolu oynayıb. Kredit şərtlərinin sərtləşdirmə nəticəsində əhalinin maliyyə resursları əldə etmələrində yaranan çətinliklər əsasən idxalın azalmasına və nəticədə tədiyyə balansının mənfi saldosunun azalmasına yönəlib. Bu vəziyyət neft qiymətləri yüksələnə qədər davam edəcək. Tədiyyə balansının tarazlaşdırılması ölkədən valyuta axınının qarşısını alınması deməkdir. Bu da cari vəziyyətdə neft qiymətlərinin azalması fonunda ölkəyə valyuta axınının azalması səbəbindən çox önəmlidir".



Sizin Reklam Yeriniz