Əlaqə Arxiv
news Image
2015.09.24
10:00
| A A A
Xaricdə ev sahibi olan azərbaycanlıların sayı artır
Əhalinin gəlirlərinin artması fonunda prosesin davam edəcəyi proqnozlaşdırılır

Daşınmaz əmlak bazarında son araşdırmalar ölkə xaricində mənzil sahibi olan soydaşlarımızın sayının artmaqda olduğu göstərir. Mənzillə yanaşı, kommersiya obyektlərinin sahibinə çevrilən azərbaycanlıların da sayı az deyil. Təhlillər göstərir ki, soydaşlarımız üçün xaricdə daha çox qardaş Türkiyənin mənzil bazarı hələ də cəlbediciliyini qoruyur.

Bu arada qeyd edək ki, 2015-ci ilin yanvar-avqust aylarında Türkiyədə əcnəbilərə satılan mənzillərin sayı barədə məlumat açıqlanıb. Bu ilin 8 ayı ərzində Türkiyədə Azərbaycan vətəndaşlarına 512 mənzil, o cümlədən avqust ayında 54 mənzil satılıb. Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan əcnəbilər arasında 7-ci yerdədir. Türkiyədə əcnəbilər tərəfindən ən çox mənzil İstanbul, Antaliya və Bursada alınır. Qeyd edək ki, əcnəbilərin Türkiyədə satın aldığı mənzillərin sayı yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artımla 14 min 424 təşkil edib.

Ekspertlər azərbaycanlıların xaricdə daşınmaz əmlak sahibi olması hallarının hələ bundan sonra da artan xətt üzrə gedəcəyini proqnozlaşdırır. O da vurğulanır ki, Azərbaycan vətəndaşları üç səbəbdən xaricdə ev alır. Birinci səbəb istirahətlə bağlıdır. Bura əsasən Türkiyə, Bolqarıstan, Gürcüstan aiddir. İkinci səbəb kapitalın yerləşdirilməsidir. Bura Türkiyə, eyni zamanda Böyük Britaniya, Almaniya, Çexiya və sair ölkələr daxildir. Üçüncü səbəb həmin ölkədə preferensiyaların alınmasıdır. Məsələn, Macarıstanda və Portuqaliyada müəyyən məbləğə ev alanda daimi yaşayış yeri statusu verilir. Bu da vətəndaşın Şengen zonasına birbaşa çıxışı deməkdir. Maltada isə qanunla müəyyən edilmiş həddə mənzil alan şəxs ümumiyyətlə vətəndaşlıq ala bilər. Araşdırmalar onu da göstərir ki, Bakıda mənzili olan və yeni mənzil almaq istəyənlərin bir çoxu xaricə üz tutur. Digər tərəfdən, Bakıda evlərin qiymətinin baha olması da prosesə təsirsiz ötüşmür. Bu gün 100-150 min manata Bakının mərkəzi rayonlarında mənzil almaq mümkün olmadığı halda, həmin qiymətə Türkiyənin iri şəhərlərinin mərkəzlərində mənzil almaq olar. Bunun nəticəsidir ki, azərbaycanlılar Türkiyədə daşınmaz əmlak almağa daha çox maraq göstərir.

Amma xaricdə evi təkcə yaşamaq üçün almırlar. Orda əmlakın icarəsi yaxşı qazanc gətirir.

Onu da qeyd edək ki, xaricdə qiymətlərin aşağı olması ilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamır. Məsələn, Türkiyədə əcnəbilər üçün daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verib. Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir çox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyənlərin sayı bir neçə dəfə artıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyada müxtəlif valyutaların kursunun oynaması şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artır.

Verən azərbaycanlılar Türkiyədən başqa Mərkəzi və Şərqi Avropa ölkələrində də mülk sahibi olmağa üstünlük verirlər. Vətəndaşlarımız bu ölkələr arasında daha çox Çexiya Respublikasına üstünlük verirlər. Çexiyanın "Mlada Fronta Dnes" qəzeti də yazır ki, Çexiyanın paytaxtı Praqada elit daşınmaz əmlak alan azərbaycanlıların sayı artır. Bildirilir ki, son vaxtlar Çexiyada elit daşınmaz əmlak alanların arasında rusiyalılarla yanaşı azərbaycanlıların da sayı çoxalmaqdadır. Çexiyada daşınmaz əmlaka investisiya yatırmasında vasitəçi kimi çıxış etmiş vəkil adının açıqlanmaması şərti ilə qəzetə deyib ki, Azərbaycandan Çexiyanın daşınmaz əmlak bazarına vəsait yatıranların sayı artır.Bildirilir ki, Praqada mənzil alan azərbaycanlıların sayı ruslardan daha azdır, ancaq onlar getdikcə daha çox Praqanın yeni tikilən mənzillərinə investisiya yatırırlar. Ruslar Praqada mənzilləri məxsusi olaraq bu iş üçün ixtisaslaşmış Rusiya daşınmaz əmlak şirkətləri üzərindən almağa üstünlük verir, azərbaycanlılar isə əsasən birbaşa alırlar. Avropanın digər ölkələriən də maraq göstərilir. Hesab olunur ki, əhalinin gəlirlərinin artması fonunda xaricdə mənzil sahibi olan azərbaycanlıların sayı artacaq.

Sizin Reklam Yeriniz