Əlaqə Arxiv
news Image
2015.09.25
12:00
| A A A
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 45% artıb

Bu ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 mlrd. 473,6 mln manat vəsait yönəldilib. Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,69% çoxdur.

Rəsmi statistikaya əsasən, 2015-ci ilin 8 ayı ərzində xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 3 mlrd. 809,0 mln manatı və ya 85,1%-i Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 mlrd. 550,1 mln manat vəsait yönəldilib, onun 74,6 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 1,7%, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi isə 8,4% artıb. İstifadə olunan vəsaitin 6 mlrd. 478,8 mln manatı və ya 61,4%-i məhsul istehsalı obyektlərinin, 3 mlrd. 369,4 mln manatı və ya 31,9%-i xidmət sahələri üzrə obyektlərin, 701,9 mln manatı və ya 6,7 %-i isə ümumi sahəsi 1169,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 29,3%-i dövlət, 70,7%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 57,6%-ni təşkil edib.


Sizin Reklam Yeriniz