Əlaqə Arxiv
news Image
2015.09.29
13:21
| A A A
Küllü miqdarda borclanma bizə lazımdırmı? – Təhlükə, reallıq və mif

Son günlər mətbuatda dövlət borcu və borclanma zərurəti ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. Əslində biz dövlət borcu ilə bağlı məsələlərə bu ilin iyul ayının sonlarında "Azərbaycanın dövlət borcu: Bizi təhlükələr gözləyirmi?" sərlövhəli təhlilimizdə aydınlıq gətirmişdik.  Lakin görünür ki, öz bildiklərini heç kimə vermək istəməyənlər, reallığı olduğu kimi əks etdirməkdən çox uzaqdırlar. Dövlət borcu ətrafında qeyri-real fikirlərin səslənməsi cəmiyyəti çaşdırır, insanlar bu yazıları oxuduqdan sonra əsil həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər. Elə bu səbəbdən də mövzuya yenidən qayıtmağı lazım bildik. 

Bəzi iqtisadçılar dövlətin bu günə olan 6,5 milyard dollar borcunun üzərinə əsassız olaraq müəssisə və təşkilatların borclarını da əlavə edərək məsələni özlərinə sərf edən qaydada siyasiləşdirir, bunula da borcun 25 milyard dollar olduğunu iddia edirlər. Dövlət borcunu bu qayda ilə 4 dəfəyə qədər şişirdən müəlliflər belə təsəvvür yaratmağa çalışırlar ki, guya borclanma "təhlükəli həddə" çatıb və deməli, "həyəcan təbili" çalmağın zamanıdır. Bəziləri isə bugünkü borcun çox az olduğunu qeyd edərək iqtisadiyyatın qeyri-neft sektorunda "inqilab edilməsi" məqsədilə dövlətin təcili şəkildə 100 milyard dollar həddində borclanmaya getməsinin zəruriliyini əsaslandırmağa çalışırlar. Birmənalı şəkildə və qəti olaraq bildiririk ki, hər iki mövqe kökündən səhvdir və əsassızdır. Əvvəla dövlət borcu ilə müəssisə borcunu bir-birilə qarışdıranlar bilməlidirlər ki, nə nəzəriyyədə, nə də təcrübədə bu iki borcu bir-birinin üzərinə gəlməklə yekun məbləği əhalinin sayına bölüb adambaşına düşən dövlət borcu müəyyən etmək kimi bir qayda yoxdur və bu, ümumiyyətlə absurddur. Dövlət borcuna bu cür yanaşma ilə ancaq iqtisadiyyatın nəzəriyyəsindən xəbəri olmayanlar, ya da bu məsələni özünə sərf edən qaydada cəmiyyətə təqdim etməyi qarşısına məqsəd qoyan "siyasilər" çıxış edə bilərlər. Müəssisə borcunu dövlətin borcu kimi qələmə vermək istəyənlər bu borcların dövlət zəmanəti ilə alınmasını əsas kimi göstərə bilməzlər. Onda gərək bütün ölkələrdə müəssisə və təşkilatların dövlət zəmanəti ilə aldığı borclar dövlətlərin borcu kimi qəbul edilsin. Ancaq hamı çox gözəl bilir ki, bu, belə deyil. Məsələn, əgər Almaniya "Mersedes" şirkətinin aldığı kredit üçün dövlət zəmanəti verirsə, bu, Alman dövlətinin deyil, aktivləri kifayət qədər olan "Mersedes" şirkətinin öz borcudur. Əgər şirkət bu borcu qaytara bilməsə, onda zəhmət çəkib öz aktivlərindən istifadə edəcəkdir. "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanununun 1 maddəsinin 1-ci bəndində açıq və aydın şəkildə göstərilir ki, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Əlbəttə, dövlət zamənəti ilə alınan borclara görə, dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin nəzərdən qaçırmaq olmaz ki, dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var. Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir. Dövlət verdiyi zəmanətə görə riskləri də dəqiqliklə hesablayır.  Əgər əsas borcalan öhdəliklərini yerinə yetirə bilmirsə, bu halda onun girov kimi qoyduğu əmlakdan və  Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibindəki Təminat Fondunun vəsaitlərindən istifadə olunur. Bu fond dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz ödənişlərdən(haqq) formalaşıdırlır. Haqqın miqdarı isə tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə də dövlət verdiyi zəmanəti tamamilə sığortalayır. Odur ki, müəssisə və təşkilatların borcunu dövlət borcu kimi təqdim etmək tamamilə əsassızdır.

Sual oluna bilər ki, SOCAR-ın borcları necə,  bunu dövlət borcu hesab etmək olarmi? Əslində bu nümunənin məxsusi özəlliyi var. Belə ki, SOCAR-ın aktivləri onun aldığı borclardan qat-qat  çoxdur və bu səbəbdən onların dövlət zəmanəti ilə aldıqları borcları dövlət borcu kimi qiymətləndirmək qətiyyən düzgün deyil. Dövlət müəssisəsi olmasına baxmayaraq bu borca görə məsuliyyəti dövlət deyil, SOCAR özü daşıyır və zəruri hallarda aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləyə bilər. SOCAR kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda  hesablara malikdir. Şirkətin Nizamnəməsində də göstərilir ki, onun öz adından əmlak və digər hüquqlar əldə etmək, vəzifələr daşımaq  hüquqları var. Nəhayət Nizamnamədə o da konkret göstərili ki,  dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil. Borc ətrafında həmişə ziddiyyətli fikirlər səsləndirilib. Ən böyük həqiqət bundan ibarətdir ki, borclanma bütövlükdə yaxşı hal sayılmır. Məsələyə sadə yanaşaq: Ailə dövlətin ibtidai formasıdır. Bütün işlərini borcla quran bir ailə haqqında nə düşünə bilirəriksə, Ümumi Daxili Məhsulundan artıq həddə borclanaraq yaşayan dövlətlər haqqında da bunu düşünməyə haqlıyıq. Böğazdan yuxarı borc yükü altına girən dövlətlərin bir çoxunun aqibəti son illərdə gözümüz önündədi. Boclanma sahəsində bütün rekordlara imza atmış ABŞ-ı heç kim nümunə gətirməsin. ABŞ lazım saydığı hallarda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan da istədiyi ölkəyə hər hansı bir adla hərbi müdaxilə edə bilir. Ancaq gəlin görək bunu başqa bir dövlət də edə bilərmi? Qətiyyən. Ona görə də belə müqaisələrin heç bir əsası yoxdur.  Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, belə borc məngənəsində üzərək iqtisadi tərəqqiyə nail olmuş hər hansı bir dövlət  istənilən vaxt ABŞ kimi nəhəngin cəmi bir iqtisadi həmləsi ilə çökdürülə bilər. Rusiya, Çin kimi nəhəngləri iqtisadi cəhətdən silkələməyə cəhd edən bu gücün qarşısında orta və kiçik dövlət anlayışı yoxdur. Təki bu dövlət borc burulğanına düşsün. Ona görə də burada məsələlərə reallıqla yanaşmaq ən düzgün yoldur. 

Prezident İlham Əliyev öz çıxışlarında borc məsələlərilə bağlı Azərbaycan hökumətinin mövqeyini dəfələrlə açıqlayıb. Bu ilin sentyabr ayının 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında çıxışı zamanı Prezidentin dövlət borcu ilə bağlı səsləndirdiyi fikirləri bir daha yada salırıq:  "Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gün də ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin. Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək".  

Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir.

Bu gün Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Bu göstəricilərlə Azərbaycan hökuməti on milyardlarla dollar həcmində kreditlər götürə bilər. Lakin o bunu etmir. Çünki zamanla kredit yükünün altına girmiş və on illərdir ki, bu kredit labirintindən çıxmağı bacarmayanların aqibəti gözümüz önündədir. İyirminci əsrin ikinci yarısının ortalarından başlayaraq ölkələri borclandırmaqla təsir altına almaq işğalın müasir formasına çevrildi.  Bu gün Azərbaycanı öz təsir dairəsində görmək uğrunda "ölüm-dirim" mübarizəsi aparan güclər əllərindən gələn hər şeyi etsələr də dövlətimizin müstəqil siyasət kursunu dəyişə bilmirlər. Təsəvvür edin, biz də bəzi dövlətlər kimi borclanıb sonradan bu güclərin süni şəkildə yaradacaqları hər hansı bir "fors major" vəziyyətinə düşsək, nələr baş verər? Borca görə Yunanstana "Müflis olmuş yunanlar adaları və Akropolu borcla əvəzləşdirin!" deyən Almaniya bizə nə deyər? Hələ mən Almaniyadan daha böyük güclərin necə davrana biləcəklərini demirəm.

Dövlət borcuna dövlətimizin başçısının münasibəti isə bu ətrafda yaranan bütün suallara ən sanballı cavabdır: "Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər".  Dünyanın bugünkü siyasi və iqtisadi müstəvisində Azərbaycan üçün ən real olanı da məhz bu yanaşmadır.



Sizin Reklam Yeriniz