Əlaqə Arxiv
news Image
2015.09.30
08:00
| A A A
Bölgələrdə evlər sürətlə ucuzlaşır
Nüsrət İbrahimov: “Bölgələrdə qiymət azalması Bakı ilə müqayisədə özünü daha qabarıq şəkildə büruzə verir” Natiq Cəfərli: “Regionlarda qiymət enməsi bu sürətlə davam edərsə, bir müddətdən sonra yatırım üçün bölgələrdə mənzil bazarı daha cazibəli hal alacaq”

Paytaxtla müqayisədə bölgələrdə evlərin qiymətində daha çox ucuzlaşma müşahidə edilir. Bölgələrdə evlərin qiymətinin ucuzlaşması indiki durumda vətəndaşların daha sərfəli qiymətlərlə burada mənzilə sahib olmaq imkanının da yaranması deməkdir. Bu fonda maraqlıdır ki, bölgələrdə evlərin qiymətinin daha çox ucuzlaşması həmin yerlərdə mənzil alış-satışının aktivləşməsinə gətirib çıxara bilərmi?

"MBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov bölgələrdə daşınmaz əmlak bazarında hələlik nəzərəçarpacaq aktivliyin olacağını gözləmir: "Ümümiyyətlə, son illər bölgələrdə evlərin qiymət artımı Bakı şəhərini üstələyib. Ona görə də burada mənzillərin qiyməti azalmaqdansa, əks proseslər müşahidə edilirdi. Bölgələrdə əhalinin alıcılıq qabiliyyətinin azalması özünü daha çox büruzə verir, nəinki Bakı şəhərində. Bakıda bu aktivlik 2 dəfəyə yaxın aşağı düşüb, bölgələrdə isə bu enmə daha çox hiss olunur. Ona görə də son 2-3 ildə alqı-satqı əsasən ipoteka kreditləri hesabına aparılırdı. Lakin bu ilin əvvəlindən bu sahədə də azalmalar daha çox müşahidə olunur. Bu səbəbdən də bölgələrdə qiymət azalması Bakı ilə müqayisədə özünü daha qabarıq şəkildə büruzə verir. Lakin bu halın bölgələrdə mənzil alış-satışı prosesinin aktivləşməsinə gətirib çıxaracağını düşünmürəm. Qiymət məsələsi bir çox amillərlə, o cümlədən yeni iş yerlərinin açılması ilə də bağlıdır. Pul kütləsinin həcmi, miqrasiya məsələsi də burada öz sözünü deyir. Lakin bunlar da son bir neçə ayda müşahidə olunmur".

İqtisadçı -ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, bir müddətdən sonra bölgələrdə mənzil bazarı bu templə daha aktiv xarakter almalıdır: "Həmişə Bakı ilə bölgələr arasında qiymətin qalxma və azalma templərində ciddi fərqlər olub. Bakı həm ölkənin paytaxtıdır, həm də iqtisadi mərkəzidir. İqtisadi aktivlik nöqteyi-nəzərdən də Bakı həmişə bölgələri üstələyib. Ona görə də paytaxta maraq həmişə daha artıq olub.

Bölgələrdə evlərin qiymət enməsi müxtəlif səbəblərlə bağlıdır. Bölgənin mənzil əmlak bazarında çox mühüm rolu Rusiyadan gələn vəsaitin bir hissəsinin həmin bazara yönəldilməsi oynayır. Müəyyən müddətdir ki, Azərbaycanın bölgələrində bu tendensiya ilə rastlaşırdıq. Regionlarda yaşayan əhalinin bir qisminin yaxınları Rusiyada çalışaraq qohumlarına pul göndərirdi. Həmin vəsaitin bir hissəsi mənzil bazarına yönələrək, həmin bazarın canlanmasına şərait yaradırdı. Amma son 1 ildə bu sahədə ciddi dəyişikliklər baş verib. Rusiyadan gələn vəsaitlər azalıb. Rusiya Mərkəzi Bankının rəsmi məlumatlarına görə, Azərbaycana son 1 ildə təxminən 6 dəfə az vəsait daxil olub. Həmin vəsaitin azalması da bütün seqmentlərə, o cümlədən daşınmaz əmlak seqmentinə ciddi təsir edib, regionlarda qiymət daha sürətlə enib. Regionlarda qiymət enməsi bu sürətlə davam edərsə, bir müddətdən sonra yatırım üçün bölgələrdə mənzil bazarı daha cazibəli hal alacaq. Amma bunun üçün də iqtisadi aktivliyin dah ada artmasına ehtiyac var. Qiymətlərin daha sürətlə düşməsi fonunda həmin bu amil yaranacaqsa, regionlarda yaşayan əhali arasında mənzil alış-satışına maraq da artacaq. Lakin bu da yaxın gələcəyin işi deyil. Yaxın gələcəkdə regionlarda, həm də Bakıda daşınmaz əmlakın qiymətində müəyyən enmələrin olmasını müşahidə edəcəyik".



Sizin Reklam Yeriniz