Əlaqə Arxiv
news Image
2015.10.13
08:00
| A A A
Azərbaycanın Türkiyənin enerji təminatında rolu artır
Zəfər Vəliyev: “Türkiyə qaz tədarükü məsələsində kifayət qədər manevr etmək imkanlarına malikdir”

Rusiya və Türkiyə arasında Suriyadakı olaylara münasibətdəki kəskin fərqlərə görə ziddiyyət böyüyür. Baş verənlər fonunda Türkiyənin enerji istehlakının və təbii qaz təminatının bundan təsirlənməsi istisna edilmir. Artıq məsələyə BOTAŞ şirkəti də münasibətini açıqlayıb. BOTAŞ şirkətinin nümayəndəsi bildirib ki, Türkiyə ilə Rusiya arasında gərginliyin artasağı təqdirdə Türkiyə bazarında Rusiya qazının təsiri azaldıla bilər.

Adı açıqlanmayan şirkət rəsmisi qeyd edib ki, Rusiya ilə qaz ticarətində problem yaranarsa, Türkiyə maye qazın payının artırılması ilə mənfi təsiri aradan qaldıra bilər. Bundan başqa, gələcəkdə Azərbaycan və İrandan da təbii qaz alışı Türkiyənin qaz ehtiyacını ödəyəcək: "TANAP-ın 2018-ci ildə işə salınması ilə Azərbaycandan 6 milyard kubmetr əlavə qaz alınacaq. İlkin mərhələdə 16 milyard kubmetr qaz nəqlini nəzərdə tutan boru kəmərində bu həcmin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu həcmin bir hissəsi Türkiyə bazarı, bir hissəsi isə Türkiyə üzərindən Avropa bazarı üçün nəzərdə tutulur. Bunda başqa, İrandan alınan illik 10 milyard kubmetr qazın 20 milyard kubmetrə çatdırılması gözlənilir. Şimali İraqdan da Türkiyəyə təbii qaz nəqli nəzərdə tutulur".

Bundan başqa, belə bir şəraitdə "Türk axını" layihəsi də ciddi sual altına düşüb. Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, Ankaradan Rusiya ilə əlaqələrə dair səslənən fikirlər əslində, seçkiqabağı ritorikadır: "Suriyada baş verən hadisələrlə bağlı olaraq Ankara ilə Moskva arasında diplomatik qarşıdurmanın gərginləşməsi, Rusiyaya məxsus hərbi hava qüvvələrinin dəfələrlə Türkiyənin hava məkanına daxil olması bu iki ölkə arasında siyasi və diplomatik qarşıdurmanı daha da gərginləşdirə bilər. Bu hadisədən sonra Türkiyənin dövlət başçısı Ərdoğan Rusiyaya yönəlik sərt bəyanatlarla çıxış etdi. Həmin bəyanatların bir hissəsi ondan ibarət idi ki, Ərdoğan Rusiya ilə mövcud qaz alqı-satqı müqavilələrinə yenidən baxılması və Türkiyənin dövlət şirkəti olan BOTAH-ın Rusiyanın "Qazprom" şirkətilə persperktiv birgə layihələri dayandırmaq məcburiyyətində olacaqlarını dedi. Həmin bəyanatdan sonra Rusiya kütləvi informasiya vasitələri Ərdoğanın həmin bəyanatını seçkiqabağı bir ritorika kimi dəyərləndirdi.

Eyni zamanda Rusiya enerji şirkətlərinin rəhbərləri, "Qazprom"un sədri Aleksey Miller və Rusiya energetika naziri Aleksandr Novak adı çəkilən bəyanatdan sonra belə bir fikir səsləndirdilər ki, Ankara ilə Moskva arasındakı enerji layihələri bundan sonra da davam edəcək, qaz alqı-satqısı ilə bağlı iki ölkə arasında mövcud olan anlaşmalara həmin bəyanat təsir etməyəcək. Çünki, Türkiyə qaz alqı-satqısında Rusiyanın ən böyük ticarət tərəfdaşlarındandır. 2014-cü ildə Türkiyənin Rusiyadan idxal etdiyi qazın həcmi 27 milyard kubmetrdən çox olub. Yəni, Türkiyənin qaz bazarında Rusiyanın payı olduqca yüksəkdir. Türkiyə iqtisadiyyatı da ildən-ilə artır. Bu ölkənin qaza olan tələbatı da hər ilə 1,5 milyard kubmetrə qədər çoxalır. Bu fonda Rusiya "Qazprom" səviyyəsində heç zaman Türkiyə kimi cəlbedici bazarı itirmək niyyətində olmaz.

Türkiyənin digər mənbələrə müraciət etməsinə gəldikdə, bu da başadüşüləndir. Türkiyə ilk boru kəməri qazını 1984-cü ildən SSRİ-dən almağa başlayıb. Bu müqaviləyə əsasən, ilk Rusiya qazı Türkiyəyə 1987-ci ildə daxil olub. Bu müqavilə də 2011-ci ilə qədər olan dövrü əhətə edib. Hazırda Türkiyə Rusiyadan iki mənbə üzrə qaz idxal edir. Birincisi 1987-ci ildən çəkilən "Transbalkan" xəttidir. Buradan hər il Türkiyəyə 14 milyard kubmetrə yaxın qaz idxal olunur. Bu xətt Ukrayna, Rumıniya və Bolqarıstandan keçməklə Türkiyəyə gəlib çatır. İkinci bir xətt isə 2003-cü iləd istismara verilən "Mavi axın" qaz kəməridir ki, o da Qara dənizin dibi vasitəsilə Türkiyəyə ixrac olunur. Onun da illik layihə gücü 18 milyard kubmetrdir. Belə olan təqdirdə Rusiya istəməz ki, Türkiyə kimi böyük bir bazarı əldən çıxarsın".

Bütün bunlarla yanaşı, ekspert düşünür ki, Türkiyənin qaz alqı-satqısı məsələsində manevr etmək imkanları da vardır: "Hazırda Türkiyə 3 istiqamət üzrə boru kəmər qazı idxal edir. Azərbaycanla Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə əlaqə var. Digər bir kəmər İrandan gəlir. Rusiyadan da dediyim kimi iki istiqamət üzrə. Bundan başqa, 1995-ci ildən Türkiyədə sıxılmış qaz terminalları yaradılıb. Həmin il Türkiyənin Mərmərə-Ereyli rayonunda böyük bir sıxılmış qaz terminalı tikilib. Onun da illik layihə gücü 5 milyard kubmetrə qədərdir. İkinci bir sıxılmış qaz terminalı isə 2006-cı ildə İzmir şəhərində inşa edilib. Bu da onu göstərir ki, Türkiyə qaz tədarükü məsələsində kifayət qədər manevr etmək imkanlarına malikdir. Bu bazar şaxələndirilmiş bazardır. Ona görə də Ərdoğanın sözügedən bəyanatının arxasında konkret ciddi əsaslar dayanır. Rusiya ilə siyasi gərginlik davam edərsə, Türkiyə bu ölkə ilə nəinki qaz alqı-satqı məsələsinə, digər əməkdaşlıq istiqamətlərinə də yenidən baxa bilər. Amma əminəm ki, Türkiyə ilə Rusiya arasında olan bu məsələlər sonda qarşılıqlı anlaşma yolu ilə həll olunacaq. Burada qarşılıqlı anlaşmanın olmaması nə Türkiyə, nə də Rusiyanın maraqlarına uyğun deyil.

Azərbaycanın Türkiyəyə əlavə qaz ixracına gəlincə, ölkəmizdə qaz hasilatında 2016-cı ildən sonra artma müşahidə olunacaq. Ona görə ki, Azərbaycanın "Cənub" qaz dəhlizi çərçivəsində həyata keçirdiyi layihə ən yüksək həddə 2016-2017-ci illərdən sonra çatmağa başlayacaq. Həmin dövrə qədər isə Türkiyə yəqin ki, həm Rusiyadan, həm İrandan qaz tədarükümü davam etdirəcək. Gələcəkdə hətta Türkiyənin İrandan da əlavə qaz tədarük etdiyinin şahidi olacağıq. Ankara həmçinin hazırda Nigeriya və Əlcəzairdən sıxılmış təbii qaz alır".



Sizin Reklam Yeriniz