Əlaqə Arxiv
news Image
2015.10.14
10:45
| A A A
İnhisarçılara böyük zərbə
Vüqar Bayramov: “İnhisarçılığın aradan qaldırılması qiymətlərin təxminən 30% aşağı düşməsinə imkan verəcək” Nicat Hacızadə: “Bu çıxışdan sonra inhisarçılıqla mübarizənin bir qədər də güclənəcəyi gözləniləndir”

Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Prezidenti İlham Əliyev bir sıra vacib məsələlərə toxundu. Ölkə rəhbəri inhisarçılığın iqtisadiyyat üçün əsas problemlərdən biri olduğunu vurğuladı. Bu fonda dövlət başçısı qeyd etdi ki, bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaq: "Əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz".

Ekspertlər ölkə rəhbərinin iradlarından sonra inhisarçılığa qarşı mübarizənin bir qədər də intensivləşəcəyini deyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, inhisarçılığın qarşısının alınması ilə bağlı həll yolunu da elə Prezidentin özü müəyyənləşdirilib: "Bunun əsas həll yolu elektronlaşamanın davam etdirilməsidir. Eyni zamanda müxtəlif sektorda xidmətlərin "ASAN xidmət" ilə bölüşməsindən ibarətdir. Nəzərə alaq ki, "ASAN xidmət" Azərbaycan Prezidentin şəxsi ideyasıdır. O baxımdan müxtəlif dövlət qurumlarının xidmətinin bir qisminin məhz "ASAN xidmət" ilə bölüşdürülməsi birmənalı şəkildə inhisarçılığa qarşı mübarizənin güclənməsinə gətirib çıxaracaq.

Artıq ölkəmizdə bu istiqamətdə xeyli addımlar atılıb. Bu, fərqli sektorlarda öz təsirlərini göstərir. Yəni, inhisarçılığa qarşı mübarizə üçün elektronlaşmanın davam etdirilməsi və müxtəlif xidmətlərin "ASAN xidmət"lə bölüşməsi vacibdir. Bu, süründürməçiliyi aradan qaldırar. Müxtəlif xidmətlərin "ASAN xidmət"lə bölüşməsi nəticəsində rəqabəti artırmaq mümkün olacaq. Bununla yanaşı, digər bir sıra addımların atılmasına da ehtiyac var. Məsələn, sahibkarların bazara çıxış imkanları genişlənməli, mövcud bəzi maneələr aradan qaldırılmalıdır. Bundan başqa, nəzarətin güclənməsinə ehtiyac var. Yəni, həm inzibati, həm də təşviqedici metodlardan istifadə edilməlidir. İnzibati metodlar monopoliyanın aradan qaldırılmasına imkan verir. Elektronlaşma daxil olmaqla, təşviqedici, inzibati metodlardan istifadə etməklə Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və iqtisadiyyatın tam liberallaşması mümkündür".

Ekspert əlavə etdi ki, inhisarçılığın aradan qaldırılması qeyri-neft sektorunun ümumi daxili məhsulda payının artmasına imkan verəcək: "Bundan başqa, qiymətlərin aşağı düşməsinə səbəb olacaq. İnhisarçılığın aradan qaldırılması qiymətlərin təxminən 30% aşağı düşməsinə imkan verəcək".

Digər iqtisadçı-ekspert Nicat Hacızadənin sözlərinə görə, ölkə Prezidentinin çıxışından da hiss etmək olur ki, artıq bu problemin mümkün qədər tez həlli vacibdir: "Bu çıxışdan sonra inhisarçılıqla mübarizənin bir qədər də güclənəcəyi gözləniləndir. Rüşvət tələb edənlərə qarşı nəzarət gücləndirilməlidir, onlar məsuliyyətə cəlb olunmaldırlar. Digər tərəfdən monopolistlər tapılıb məsuliyyətə cəlb olunmalıdır ki, digərləri bu əməldən əl çəksin.

İnhisarçılığın səviyyəsi azalması sahibkarlığın inkiaşfı, ölkəyə investisiyaların gəlməsi, büdcə daxil olmalarında qeyri-neft sektorunun payının artması deməkdir. Eyni zamanda əhalinin alıcılıq qabiliyyəti və ÜDM artmış olar".



Sizin Reklam Yeriniz