Əlaqə Arxiv
news Image
2015.10.17
09:00
| A A A
Yoxlamalarla sahibkarlara yaradılan problemlərə son qoyulur
Fikrət Yusifov: “Hər bir dövlət strukturu ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq addımlar atmağa borcludur”

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

A.Əliyev qeyd edib ki, iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

Xatırladaq ki, oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Prezident sərt xəbərdarlıq edərək bildirib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər: "Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam". Maraqlıdır, bu xəbərdarlıqdan sonra İqtisadiyyat və Sənaye Nazirliyinin ardınca digər müvafiq qurumlardan da sahibkarlıq subyektlərinin yoxlanılması prosesini dayandıracaqlarını gözləmək olarmı?


"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov məsələ ilə bağlı bildirir: "Əsassız yoxlamalar bütövlükdə biznes mühütinə və deməli, sahibkarlığın inkişafına süni əngəldir. Əslində, bəzi müstəsna istisnalar olmaqla (cinayət tərkibli hallar daxil) sahibkarın fəaliyyəti bir halda-vergiyə borcunun ödəilməsinin düzgünlüyünü müəyyən etmək məqsədilə yoxlanıla bilər. Yəni, belə yoxlamaların özündə də mütəmadiliyə heç bir ehtiyac yoxdur.

Qanun var, qanunla müəyyən edilmiş vergilər bəllidir və hər sahibkar hansı vergiləri ödəməli olduğunu, vergini vaxtında ödəmədiyi, ondan yayındığı hallarda hansı cərimələrin və cəzaların gözlədiyini yaxşı bilir. Dünyanın inkişaf etmiş ölkələrində yoxlamalara yanaşma dediyimiz bu prinsiplərdən qaynaqlanır. Bizdə də belə olmalıdır. Oktyabr ayının 12-də Nazirlər Kabinetinin doqquz ayın yekunlarına həsr olunmuş müşavirəsində Prezidentin "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir" deməsi hər bir yoxlayıcı təşkilatı dərindən düşündürməli və hər kəs zəhmət çəkib bundan ciddi nəticələr çıxarmalıdır. Bir məsələ hamıya aydın olmalıdır. Bu gün ölkə başçısıın bilavasitə rəhbərliyi altında Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ciddi işlər görülür. Ölkə iqtisadiyyatının neftdən asılılığını minimum endirmək yolunda görülən bu işlərin əvəzi yoxdur. Baxın, təkcə son 5 ildə bu istiqamətdə görülən işlər hansı nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu müddət ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20%-ə qədər, ixracın həcmi isə 60%-dən çox artıb. Həmin göstəricilər kifayət qədər yüksək nəticələrdir. Lakin bu nailiyyətlər heç kəsi arxayın etməməlidir. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və bu sektorda istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması hesabına onların ixracının çoxaldılması ilə bağlı bundan sonra da böyük işlərin görülməsinə ehtiyac var. Bu işlər də ölkədə sahibkarlığın inkişafına münbit şəraitin yaradılmasından keçir. Elə bu səbəbdəndir ki, Prezident həmən müşavirədə sahibkarlığın inkişafına maneəçilik törədən neqativ halları çox kəskin tənqid etdi və onların aradan qaldırılması məqsədilə ciddi tapşırıqlar verdi.

Biz elə həmin gün mətbuata verdiyimiz açıqlamalarda qeyd etmişdik ki, müşavirənin nəticələri özünü çox gözləməyəcəyik. Artıq ortada konkret nümunələr var. Bu məsələyə ilk münasibət İqtisadiyyat və Sənaye Nazirliyindən gəldi. Nazirlik öz kollegiyasının qərarı ilə Prezidentin tapşırıqlarına yoxlamaların dayandırılması ilə cavab verdi. Hesab edirəm ki, eyni addımı digər müvafiq təşkilatlar da atmalıdırlar. Hər bir dövlət strukturu ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq addımlar atmağa borcludur".

Sizin Reklam Yeriniz