Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb. Mütəxəssislər birmənalı olaraq bu fərmanın ölkə iqtisadiyyatında ciddi müsbət dəyişiklilərə gətirəcəyini deyirlər.
Mövzu ilə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Mövqe"yə bildirdi ki, son illər ərzində ölkə iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi istiqamətində hökumətin atdığı məqsədyönlü addımlar ümumi daxili məhsulun strukturunun əsaslı şəkildə dəyişilməsinə gətirib çıxara bilib: "Bu kursun bundan sonrakı dövrdə daha da səmərəli aparılması və bu yolda daha yaxşı nəticələrin əldə edilməsi isə bu gün ölkədə sahibkarlığın inkişafına əngəl ola biləcək bütün maneələrin aradan qaldırılmasından birbaşa asılıdır. Bu maneələrdən biri də ölkədə sahibkarların müəyyən fəaliyyət növlərinə lisenziyaları və xüsusi icazələrin sayının həddindən artıq çox olmasıdir. Son on ildən bir qədər artıq vaxt ərzində lisenziyaların sayı iki dəfəyə yaxın artaraq 60-a çatıb. İlk növbədə sahə maraqlarından çıxış edən aidiyyatı qurumlarda zərurət olan və olmayan fəaliyyət növlərinə lisenziyalar müəyyən etməklə bu yolla sahibkarları özlərindən asılı vəziyyətə salmağa və çirkin əməllərə münbit şərait yaradılmasına nail olunub. Elə bu səbəbdəndir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkədə bu halların mövcudluğundan narahatçılığını ifadə edən ölkə Prezidenti "Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur" dedi.
Lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış bu vəziyyətin aradan qaldırılması yolunda elə ilk və cəsarətli addımı da Prezident özü atdı. Onun oktyabr ayının 19-da "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Əslində, çox sadə görünən bir işin – lisenziyanın əldə edilməsinin çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını alqışladı. Çünki, bu yolun nə qədər çətin bir yol olduğunu ilk növbədə onlar çox yaxşı bilirlər. Fərmanla sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir və nazirliyə lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi barədə ölkə başçısına təkliflər vermək tapşırığı verilib. Bütövlükdə bu məsələlərin bir mərkəzdən idarə edilməsi çox vacib idi ki, bu da öz həllini Fərmanda tapdı. Lisenziya və xüsusi icazələrin İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə verilməsi bu işdə vətəndaş – məmur təmaslarının əsaslı şəkildə aradan qaldırılması deməkdir.
Fərmanda ən çox diqqət cəlb edən məqamlardan biri isə sahə qurumlarının zəruri hallarda rəyinin soruşulması və bu sorğuya müəyyən edilmiş vaxtda cavab verilmədikdə onların rəyinin avtomatik olaraq müsbət olduğu qənaətinə gəlinməsidir. Hesab edirəm ki, bu məsələdə İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəsisləri sahə qurumlarının verəcəkləri rəylərin obyektivliyini, onların qərəzli olub-olmaması hallarını da araşdırmaq səlahiyyətinə malik olmalıdırlar. Qərəzli rəy verildiyi halı müəyyən olunarsa, həmin rəy müsbət rəy kimi qəbul olunmalıdır. Əks halda sahə qurumları "mənfi rəy" verməklə sahibkarlara "təsir etmək" fürsətindən yararlana bilərlər. İqtisadiyyat və Sənaye Nazirliyində belə səlahiyyətin olması o demək olacaqdır ki, lisenziya və xüsusi razılıq verilməsi işində sahə strukturları məmur-vətəndaş təmaslarından tam məhrum olacaqlar. "Elektron lisenziya" portalının yaradılması isə bu məsələdə tam dönüş edilməsi demək olacaqdır".
Professor əlavə etdi ki, oktyabr ayının 12-də Nazirlər Kabinetinin doqquz ayın yekunlarına həsr olunmuş müşavirəsində əsassız yoxlamalardan və onların sahibkarlığın unkişafı yolunda yaratdığı problemlərdən bəhs edərkən Prezident "Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar, bu da dözülməzdir" deməsi onun bu məsələ ilə bağlı çox ciddi bir qərar qəbul edəcəyinə işarə idi: "Belə də oldu. Prezident İlham Əliyev oktyabr ayının 19-da qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərdi".