Əlaqə Arxiv
news Image
2015.12.01
07:00
| A A A
Avropa əsas ümidinin Azərbaycan olduğunu təsdiqlədi
Avropa Komissiyası enerji təminatında təhlükəsizliyi və marşrutlarının diversifikasiyasını prioritet məsələ hesab edir

"Avropa Komissiyası enerji təminatında təhlükəsizliyi prioritet məsələ hesab edir və bu məqsədlə enerji nəqli marşrutlarının diversifikasiyasını vacib sayır". Bu fikirləri Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Migel Arias Kanyete "Euronews" telekanalına müsahibəsində deyib. Avropanın Rusiya qazından asılılığının azaldılması mövzusuna toxunan Kanyete qeyd edib ki, Avropa Komissiyası İtaliyanı Azərbaycanla birləşdirən Cənub Qaz Dəhlizi kimi layihələrə dəstək verir. "Beləliklə biz Azərbaycan qazına çıxışı təmin edə bilərik" - deyə avrokomissar vurğulayıb.

Bu yanaşma Azərbaycan qazının Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha meydana qoyur. Maraqlıdır, bu hal "Transadriatik" (TAP) kəmərilə bağlı problemin həllini də tezləşdirə bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Avropa Komissiyası komisarının sözügedən açıqlaması TAP-la bağlı problemin həllinə müsbət töhfə verəcək: "Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarının dediyi bi fikirlərdə əslində, fövqəl heç bir şey yoxdur. Ona görə ki, Cənub Qaz Dəhlizi kəməri tikilir. İtaliyaya idxal ediləcək qazla bağlı olan bu kəmər məsələsi yerli qaz istehlakçılarını düşündürəcək məsələdir. Qərb isə həmin qazı 2019-cu ildə də, 2020 və yaxud 2021-ci ildə də ala bilər. Bu, onların öz problemləridir. Sadəcə, qazı almadıqları müddət üçün " Şahdəniz" konsorsiumunun iştirakçılarına müəyyən cərimə sanksiyaları ödəyəcəklər. Çünki, qaz alqı-satqısına dair 2013-cü ilin sentyabr ayında imzalanan kommersiya sazişinə görə, "mavi yanacağ"ın alınması prosesinə 2019-cu ilin sonunda başlanılmalıdır. Hər hansı fors-major hadisələri baş verməsə, qaz alqı-satqısının gecikdirilməsinə görə şirkətlər hər müddətə uyğun olaraq hasilatçı qarşısında öhədliklərə malikdir. Yəni, bu, "al və ödə" prinsipinə görə həyata keçirilir. Avropa komissarının bu cür bəyanat verməsi təbii ki, ölkəmiz üçün müsbət haldır. Ancaq 2013-cü ildə deyil, üzərindən iki il keçəndən sonra məsələni səsləndirməsi və Avropa Komissiyasının vaxtında onun üzərinə düşməməsinin özü də yaxşı hal deyil. Nəyə görə Avropa şaxələndirmə və Rusiya qazından asıllılıq məsələsini ciddi cəhdlə gündəmə gətirəndə bu məsələlərə bir qədər soyuq yanaşırdı?".

İqtisadçı-ekspert Rəşad Həsənov da komissarın həmin açıqlamasını kəmərlə bağlı manipulyasiya hallarına son qoymaqda mühüm açıqlama kimi dəyərləndirdi: "Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarının bu açıqlaması manipulyasiya hallarına qarşı mübarizədə müsbət açıqlamadır. Bildiyimiz kimi, son dövrlər TAP kəmərilə bağlı manipulyasiya halları daha da intensivləşib. Amma buna baxmayaraq, düşünürəm ki, imkan daxilində müxtəlif maraq qrupları növbəti dövrlərdə hansısa təsir imkanlarından istifadə etmək istəyəcək və manevr görüntüsü yaradacaqlar. Lakin yekun olaraq böyük ehtimalla TAP kəmərinin tikintisi və eyni zamanda, Azərbaycan qazının Avropa bazarına çıxışının təmin edilməsi üçün heç bir problem yaranmayacaq.

Təbii ki, burada tərəflərin üzərinə müəyyən öhdəliklər də düşür. Ortaq məxrəcə gəlmək sahəsində müəyyən razılıq əldə olunarsa, növbəti dövrlərdə, xüsusilə 2025-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çıxması mümkün olacaq. Amma eyni zamanda, onu da qeyd etmək istərdim ki, Avropa Komissiyasının bu açıqlamasının özü də bu istiqamətdə atılan müsbət addım və dəstək kimi qiymətləndirilməlidir. Günümüzdə TAP layihəsinə əsas təhlükə Avropanın özündə müəyyən çevrələrin həmin layihənin reallaşmasında maraqlı olmaması ilə bağlıdır. Yaxud da onlar kəmərin hansısa formada reallaşmamasında maraqlı görünürlər. Yəni, hazırda kəmərin reallaşmamasına əsas təhlükə daha çox Avropa mənşəli təhlükə hesab olunmalıdır. Avropa kəmərin reallaşması üçün konkret mövqe ortaya qoyacaqsa, bu zaman yaranan mövcud maneələri neytrallaşdırmaq da asan olacaq".

Sizin Reklam Yeriniz